• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanlı olması ilə fəxr edən talış qızının etirafı: “Xuliqanlıq” indi də canımda qalıb” - FOTOLAR

  • İdman
  • 11 Sentyabr 2014 11:59
  • 13 124 Baxış
Azərbaycanlı olması ilə fəxr edən talış qızının etirafı: “Xuliqanlıq” indi də canımda qalıb” - FOTOLAR

Sevinc Cəfərzadə futbol üzrə qızlardan ibarət U-19 millisinin üzvüdür.

Uşaqlıqdan futbola həvəsi olan Sevinc, həm də əlbəyaxa döyüşlə məşğuldur. O, həyatı və idmançı karyerası ilə bağlı Publika.az-a danışdı.

Gözümü açandan top görmüşəm

- Sevinc,söhbətə sənin təqdimatından başlayaq...

- 1996-cı il iyunun 1-də Lənkəran rayonunun Veravul kəndində anadan olmuşam Elə orda - 2 nömrəli məktəbdə oxumuşam. Fəhlə ailəsində böyümüşəm. Anam isə evdar xanımdır. Ailədə 4 uşaqdan 3-cüsü mənəm. Bir qardaşım var.

- Futbolla məşğul olmağa nə zaman başladın?

- Lap uşaqlıqdan futbol oynayıram. Uşaqlıqda əmim oğlanları və qardaşım məni futbol oynamağa aparardılar.

Məni həmişə qapıda durğuzurdular. O qədər balaca idim ki, top üstümə gələndə topla birgə qapıya daxil olurdum.

- Nə vaxtdan “mən futbolçu olmalıyam” deyə düşünməyə başladın?

- Bu haqda heç vaxt düşünməmişəm. Gözümü açandan elə top, idman görmüşəm. Vaxt keçdikcə bu, mənim həyat tərzim olub. İndi isə işimdi, uğurumdu, karyeramdı, dünya görüşümdü və təcrübəmdi. Əslində hər bir iş üçün gərək doğulasan. Yəqin ki, mən də futbol oynamaq üçün doğulmuşam. Təbii ki, Lənkəranda məşq etdiyim UGİM-in oğlanlardan ibarət qrupunda işləyən Bəxtiyar müəllimin əməyi danılmazdır. O insanın mənim üzərimdə zəhməti çox olub. Lənkəranda futbolla məşğul olarkən mənə dəstək olan müəllimlərin hər birinə öz minnətdarlığımı bildirirəm.

- Neçə yaşına qədər oğlanlardan ibarət komandada oynadın? Milliyə nə vaxt getdin?

- Milli komandaya gələndə 14 yaşım var idi. 16 yaşa qədər oğlanlarla məşq etmişəm. Yığmanın oyunları olmayanda mən yenə də oğlanlarla məşq edirdim. Milli komandaya gəlməyimdə həmkəndlilərimin böyük əməyi oldu. Həmkəndlilərim Fərrux və Bəhruzun dəstəyi ilə baxışdan keçdim və Zamin müəllim məni bəyəndi. Zamin müəllim komandanın rəisi Telman müəllimə və Şamil Heydərova (Allah Şamil müəllimə rəhmət etsin, məkanı cənnət olsun) bildirdi ki, bu uşağın gələcəyi var. Beləliklə, özümdən yaşca böyüklərlə məşq etməyə, bir yerdə qalmağa başladım.

- Millidə ilk oyununa nə vaxt çıxdın?

- O vaxt mənim beynəlxalq yarışlara yaşım düşmürdü. Amma mən hər gün məşqlərimi edib, hazırlaşırdım. 16 yaşda A milli komandamızın heyətində ilk dəfə olaraq Uels millisinə qarşı əsas heyətdə oynamışam. Bir neçə gün sora Praqada onlara qarşı keçirilən matçda da əsas heyətdə sona qədər oynadım. Baxmayaraq ki, zədə almışdım, ayağım əzilmişdi. Milli komandamızda 16 yaşdan forma geyinirəm

Ətrafdan ailəmə basqı oldu

- Ailədə bunu necə qarşıladılr?

- Ailəm sağ olsun, ətrafın basqısına dözdü və mənə arxa durdu ki, mən futbolçu olum. Əslində atam da, qardaşım da futbolla həvəskar səviyyədə məşğul olublar. Evdə əsas dəstək qardaşımdan gəlib.

- Ətrafdakılar ailənə nə deyirdilər?

- Mən sizə 2006-cı ildən danışıram. O vaxtlar qızların futbol oynamasına pis baxırdılar. Xüsusən də rayon yerində. “Qız nədir, futbol nədir, qoymayın, ayıbdır” deyirdilər.

Elə olurdu ki, bu basqılara görə evdə mənə qadağalar qoyurdular. Məktəbdə idman dərslərini hər kəs kimi mən də sevirdim. Gecədən gedib idman paltarlarımı kol-kosların dibində gizlədirdim ki, çantamı yoxlayanda görməsinlər, “bu qız yenə sabah məktəbdə futbol oynayacaq” deməsinlər. Səhər dərsə gedəndə ilk baş çəkdiyim yer kol-kos dibi olurdu. Paltarlarımı götürüb qaçırdım məktəbə.

İndi bunu deməkdən utanmıram, bəlkə də futbolçu olmağımın səbəblərindən biri də həyətimizdə mal-qaranın, qoyun-quzunun olması olub. Mal-qaranı həvəslə, yorulmadan otarırdım. Çünki mal-qara otararkən futbol oyanaya bilirdim. Həm də ailəmə kömək olurdum. Məhəllədə oğlanlarla hava qaralanadək, göz-gözü görməyənədək futbol oynayırdıq. Eh, keçmiş günlər. Top mənim olduğu üçün uşaqlara təzyiq edirdim, deyirdim ki, “ya hücumda oynayacam, ya da ki, topu vermirəm (gülür)”.

- Maraqlı hadisələr yaşayıbsan. Futbol sənin üçün çətin deyildi? Axı yaşıdın olan qızlar gəlinciklərlə, sən isə topla oynayırdın... Zədələnə bilərdin axı...

- O vaxtlar ailəmiz çətin durumda yaşayırdı. Əgər bir topumuz var idisə, deməli, 4 uşağın, həm kuklası, həm də topu vardı. Bir məqamı danışım sizə... Biz kənddə yaşayırdıq, məşq etmək üçün isə şəhərə getməliydim. Hərdən elə olurdu ki, evdən pul istəməyə utanırdım. Bu indi də belədir. Sinif yoldaşım olan bir oğlan da mənimlə eyni komandada məşq edirdi. Onunla məşqdən çıxırdıq evə piyada gedirdik, yol çox uzaq idi. Qaça-qaça gedirdik. Maşın işıqları düşəndə qaçmırdıq, yeriyirdik ki, kimsə “bu uşaqlar yol kənarında niyə dəli kimi qaçırlar” deməsin. Sözün əsl mənasında “peraşki” yeyib, bu səviyyəyə gəlib çıxmışam.

O ki, qaldı zədəmə... Saysam o qədər zədəm var ki, Amma yolçu yolda gərək, məqsədlərim var. Hələ arzuma çatmamışam, hələ öz adımı yaxşı oyunçu kimi tam sübut etməmişəm.

- İstədiyin, arzuladığın səviyyəyə nə dərəcədə çatıbsan?

- Məşqçilər korpusu da bilir mən necə oyunçuyam. Yenə deyirəm, yaşım imkan vermir ki, mən özümü istədiyim kimi sübut edim. Bəzi dost-tanış deyir ki, buna sənsən dözürsən, hər gün məşq edirsən, biz olsaq çoxdan həvəsdən düşüb, buraxmışdıq futbol oynamağı. Arzularımı gerçəkləşdirmək üçün bir az zamana ehtiyacım var.

Geri dönüş ola bilməz

- Dedin ki, qardaşın sənə dəstək olub. Qardaşının “bacı, bu işdən əl çək” dediyi olubmu?

- Xatırlamıram, olmayıb. Çünki onun futbolçu olmaq arzusu sözün əsl mənasında “ürəyində qalıb”. Ona görə mənə həmişə dəstək olub. Uğurlarıma uşaq kimi sevinir. Onun özü futbolda bildiklərini mənə öyrədirdi.

- Anan nə isə deyibmi? Axı analar qızlarını adətən başqa cür görmək istəyir...

- Evdə çox sevilən uşağam. Ümumiyyətlə, mən hörmət qazanmağı, hörmət etməyi özümə həyat tərzi və borc bilmişəm. Anam mənə görə çox narahat idi. Elə indi də arada darıxır, deyir ki, gəl otur yanımda, daha bəsdir. Amma bunlar adi sözlərdir. Onlar mənimlə fəxr edirlər. Mən dayanmaq üçün başlamamışam. Davam etmək lazımdır. Bunu mənə milli komandanın məşqşilər korpusu və AFFA-da çalısan insanlar da tövsiyə edir ki, hökmən gözəl sonluq olmalıdır, Allahın izni ilə...

Anama sizin vasitənizlə demək istəyirəm ki, “əziz anam, məndən başqa 2 qızın da var. Onları necə istəyirsən, elə də inşallah görəcəksən (gülümsəyir). Mənim də ayaqlarım futbolda əyiləcək, qollarım möhkəmlənəcək. Artıq mən idmanın içindəyəm, geri dönüş ola bilməz, sonunda gözəl sonluq varsa...”

Bilirsiniz niyə əminliklə deyirəm gözəl sonluq olacaq? Çünki Allah heç vaxt çəkilən əziyyəti yerdə qoymayıb, qoymaz da... İnşallah mən də allahın o bəndələrindən olacam. Çünki mən çox əziyyət çəkirəm.

- Hamı səni Sevinc yox, “Talış” deyə çağırır. Bu ləqəb sənə necə verilib?

- Açığı heç cür xatırlaya bilmirəm ki, bu ləqəbi mənə ilk dəfə kim deyib. Amma o da var ki, talışa “Talış” deyərlər də (gülür). Azərbaycanlı olduğuma görə necə fəxr edirəmsə, talış olduğum üçün də, bax, o dərəcədə fəxr edirəm.

Bu ləqəbi artıq adım kimi qəbul edirəm. Elə vəziyyət yaranıb ki, kiminləsə yeni tanış olanda adımı “Talış” deyə təqdim edirəm.

Təsəvvür edin, hara gedirəmsə, mənə Sevinc deyən yoxdur, hamı “Talış” deyir. Bu mənə xoşdur (gülür).

- Sevinc, klub karyeranla da bağlı məlumat verərdin...

- “Zaqatala” futbol klubunda oynayıram. Bu mövsüm çempionatda 2-ci yeri tutduq. Almaniyanın “SV Boblingen” klubunda da oynamışam, bəzi şərtlərdə anlaşa bilmədiyimiz üçün qayıtmalı oldum. İnşallah yenə xaricdə oynamaq imkanım olar.

Qeyd edim ki, AFFA rəhbərliyi qadın futbolunun inkişafı üçün çox iş görür. Qızların çempionatında çox maraqlı, həm də gərgin oyunlar olur. Nəinki Zaqatalada, Şəki, Mingəçevir, İmişli, Qax, Lənkəran və Bakıda da qızlardan ibarət klublar var.

- Maraqlıdır, “Zaqatala” klubunda sənə məvacib verirlərmi?

- “Zaqatala”nın baş məşqçisi Şaban Sirdanova böyük hörmətim var. Vaxtilə “Lənkəran” - “Zaqatala” qarşılaşmasında onların çempionluğa gedən yolunu kəsib, “Lənkəran”la 2-ci yeri tutmuşduq. Keçən il “Zaqatala”ya transfer olundum. Müqavilə 1 illik nəzərdə tutulsa da, daha 1 il o komandanın şərəfini qoruyacam. Bu böyük hörmətə görədir, məvacibə görə yox. Çünki Şaban müəllim mənim məşqçim olmaqla yanaşı, həm də dostdur, qardaşdır, ə mənəvi atadır. O komanda mənə əzizdir. Amma sualınıza cavab olaraq deyim ki, ölkəmizdə qızlardan ibarət klublarda məvacib verilmir. Amma onu qeyd edim ki, mənim müəyyən xərclərimi klub ödəyir.

Oğlanlarla döyüşürəm

- Əlbəyaxa döyüşlə nə vaxtdan məşğul olursan?

- Əlbəyaxa döyüşlə çoxdandır məşğul oluram. Amma mütəmadi yox. Vaxtım olduqca məşqlərə gedirəm. Bir günə iki məşq də olsa çatdırmağa çalışıram. Orda daha çox fiziki yöndə işləyirəm. Uşaqlıqdan məni ərköyün, davakar böyüdüb əmim oğlanları. O “xuliqanlıq” indi də qalıb canımda (gülür). Qardaşım istəyir həm fiziki görünüşcə, həm də daxilən güclü olum. Ailəmi çox sevirəm, qardaşımı necə istədiyimi isə məni tanıyanlar bilir.

- Rinqə çıxıbsanmı, özünü döyüşə hazır sayırsanmı?

- Rəsmi yarışlarda rinqə çıxmamışam, amma idman zalında rinqə çıxıb döyüşürəm. Özü də oğlanlarla döyüşürəm. Onlar məndən böyükdürlər və titulludurlar. Düzdür, onlar mənimlə bütün qüvvə ilə döyüşmürlər. Amma oğlan yavaş vursa belə, bir də görürsən ki, başın fırlanır (gülür).

Gücümə arxayınam. Döyüşdə uduzmaqdan da qorxmuram. İdmanda kimsə uduzmalıdır. İdmançı uduzmağı bacarmalıdır ki, qələbənin dadını bilsin.

- Ailə qurandan sonra idmanla məşğul olmaq çətin olmayacaq?

- Bu sualı ailə qurandan sonra cavablandıraram (gülür). Çünki insan sabah nə olacağını bilmir. Amma ümid edirəm ki, anlaşacağıq (gülür).

- “Futbol” dediyin zaman yadına düşən ilk futbolçu kimdir?

- Ronaldinyoooooooooo

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR