Foqts tapıldı və klubları ittiham etdi
Bizi izləyin

İdman

Foqts tapıldı və klubları ittiham etdi

Foqts tapıldı və klubları ittiham etdi

"AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Bolqarıstan oyununun təhlilini, azarkeşlərin və şəxsi məyusluğumu nəzərə alaraq, milli komandanın baş məşqçisi kimi yalnız oyun barədə fikirlərimi deyil, həm də hisslərimi bölüşməyimi özümə borc bilirəm".

Publika.az xəbər verir ki, bu sözləri milli komandanın baş məşqçisi Berti Foqts deyib. Bolqarıstana 1:2 hesablı məğlubiyyətdən sonra Bakını tərk edən alman məşqçi AFFA-nın rəsmi saytına açıqlama verib:

"Oyuna yaxşı başladıq. Məqsədimiz erkən qol vurmaq idi. Təxminən ilk 10-12 dəqiqə ərzində 2 qol epizodu yaratsaq da, futbolçularımızın fərdi ustalığının çatmaması ucbatından hesabı aça bilmədik. Rəqibin qapımız qarşısında yaratdığı, demək olar ki, ilk real qol epizodu isə qolla nəticələndi.

Sevindirici məqam o oldu ki, hesabda geri düşməyimizə baxmayaraq, cavab qolu vura bildik. Amma bunu mütləq qeyd etməliyəm ki, rəsmi oyunlarda milli komandanın hər bir futbolçusu ikiqat məsuliyyət hiss etməlidi. Dəfələrlə bildirmişəm ki, beynəlxalq səviyyəli futbolla ayaqlaşa bilmək üçün klublarda da fiziki hazırlığın yüksəldiləməsi istiqamətində daha artıq iş görülməlidi.

Milli komandada bir-birini çox yaxşı tanıyan futbolçular çıxış edir. Hətta komandaya yeni qoşulanlar da uyğunlaşma problemi yaşamır. Bilirəm ki, hazırda güclü təzyiqə məruz qalmışıq. Azarkeşlər də, AFFA rəhbərliyi də bizdən qələbə gözləyirdi. Çünki bu, birinci oyun olduğu üçün seçmə mərhələyə pozitiv əhval-ruhiyyədə başlamaq baxımından vacib amil idi.

Təbii ki, mən də, futbolçular da qələbəyə hazırlaşmışdıq. Təəssüf ki, oyunun sonuna 3 dəqiqə qalmış buraxılan kobud səhv ucbatından həm 1, həm də 3 xaldan məhrum olduq".

Foqts qarşıdakı oyunlarla bağlı da danışıb:

"İlin sonuna qədər bizi qrupun favorit komandalarına qarşı 3 oyun gözləyir. Arzu edirəm ki, həmin oyunlaradək klublarında məşq edən futbolçular, eyni zamanda, millini də unutmasınlar".

Bolqarıstanla oyundan sonra keçirilən mətbuat konfransında həmkarlarımız alman çalışdırıcıya "Rüfət Dadaşovu 90 dəqiqə oynatdınız. Onu hansı keyfiyyətlərinə görə yığmaya çağırırsınız" sualını ünvanlamışdı. Foqts isə bu sualdan sonra konfrans zalını tərk etmişdi. Baş məşqçi bununla bağlı da danışıb:

"Mətbuat konfransında baş verən hadisəyə də aydınlıq gətirmək istərdim. Məğlubiyyətə görə hər birimiz emosional və həyəcanlı idik. Mətbuat nümayəndələrindən bunu unutmağı xahiş edirəm. Jurnalist dostlarımdan bir ricam da var ki, oyunun təhlili zamanı təkcə bir futbolçunun deyil, ümumilikdə bütün komandanın, hər bir futbolçunun çıxışını diqqət mərkəzində saxlayaq".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm