AFFA-nın Azərbaycana vurduğu “böyük oyun” zərbəsi
Bizi izləyin

İdman

AFFA-nın Azərbaycana vurduğu “böyük oyun” zərbəsi

AFFA-nın Azərbaycana vurduğu “böyük oyun” zərbəsi

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start veriləcək.

Turun oyunları 3 gün ərzində keçiriləcək.

Naxçıvanda kimə simpatiya göstəriləcək?

Açılış oyunu Naxçıvanda baş tutacaq. “Araz Naxçıvan” “İnter”i qəbul edəcək. Hər iki komanda 4-cü turda məğlub olub. “İnter” Lənkərandakı məğlubiyyətlə barışdısa, “Araz Naxçıvan” Sumqayıtda məğlub olmasını həzm edə bilmədi. Klub rəhbərliyi bu məğlubiyyətdən sonra bəyanat verərək çempionatdan çəkilə biləcəklərini də bildirdi. Təbii ki, bütün bunlar gələcəyə hesablanmış “strateji” addım sayılmalıdır.

Naxçıvan klubunun rəhbərliyi Azərbaycan Premyer Liqasında hansı oyunların getdiyini yəqin ki, hələ indi-indi anlayır. Çox güman ki, cəmisi 4 tur bəs edib ki, AFFA-nın divarları arasında hansı pərdəarxası oyunların getdiyini müəyyənləşdirmək mümkün olsun. “Sumqayıt”a məğlubiyyətdən sonra verilən bəyanatı da bunu təzahürü hesab etmək lazımdır. “Araz Naxçıvan” özünü müdafiə etmək üçün hansısa üsuldan yararlanmalıdır axı...

4-cü turdan sonra baş verənləri nəzərə alsaq, bu gün Naxçıvanda keçiriləcək qarşılaşma böyük maraqla gözlənilir. “Araz Naxçıvan” “İnter”ə məğlub olsa, nə baş verəcək? Əsgər Abdullayevin komandası bu məğlubiyyəti həzm edə biləcəkmi? Hər halda, qarşılaşmanın favoriti “İnter”di.

Ötən tur məğlub olan “bankirlər”in yəqin ki, Naxçıvanda məğlub olmaq planlarına daxil deyil. Bəs hakimlər kimə simpatiya göstərəcək? Təbii ki, “simpatiya” sifarişini PFL-in prezidenti Ramin Musayev verəcək. “Araz Naxçıvan”ın hədəsi Musayevin sifarişinə təsir edəcəkmi?

AFFA rəhbərliyinin ölkədəki durumdan xəbəri yoxdur?

Sentyabrın 13-də daha 3 qarşılaşma keçiriləcək. Sözsüz ki, bütün diqqətlər “Neftçi”-“Xəzər Lənkəran” oyununa yönələcək. AFFA absurd qərarla bu qarşılaşmaya marağı demək olar ki, azaldıb. Qurumun verdiyi qərara əsasən, qonaq azarkeşlər stadiona buraxılmayacaq. Təbii ki, bu qərar nəinki ölkədə futbolun inkişafına və təbliğinə ziyandır, həm də Azərbaycanın imicinə zərbədir. AFFA-nın verdiyi qərardan belə anlaşılır ki, Bakıda 5-6 min azarkeşin iştirakı ilə keçiriləcək oyunda təhlükəsizliyi təmin etmək mümkün deyil. Belə çıxır ki, ya AFFA rəhbərliyinin ölkədəki durumdan xəbəri yoxdur, ya da onlar bilərəkdən ölkənin imicinə zərbə vururlar.

Qarşılaşma ilə bağlı onu deyə bilərik ki, hər iki komanda “böyük oyun”a problemlərlə çıxacaq. Düzdür, “Xəzər Lənkəran” ötən tur çempionatda ilk qələbəsini qazanaraq, əhval-ruhiyyəsini nisbətən yaxşılaşdırıb. Ancaq bütün hallarda, “Xəzər Lənkəran”ın sabitlik əldə edib-etmədiyi bu oyunda bilinəcək.

“Neftçi”də isə kadr dəyişiklikləri baş verib. Komanda “böyük oyun”a yeni baş məşqçi ilə çıxacaq. Arif Əsədovun təyinatı birmənalı qarşılanmayıb. Çoxları Əsədovu “Neftçi”nin “babı” hesab etmir. “Böyük oyun”da qazanılacaq qələbə onu ciddi məşqçi kimi qəbul etməyənlərə tutarlı cavab olar.

Zaqatalada kimin iddiası öləcək?

Zaqatalada baş tutacaq qarşılaşmaya da maraq böyük olmalıdır. Qarşısına ciddi hədəflər qoyan “Simurq” və “Qəbələ”nin oyununda qalib gələn tərəf 3 yox, 6 xal əldə etmiş sayılacaq. Üstəlik, onu da nəzərə alaq ki, hər iki komanda ötən tur məğlub olub. Ardıcıl ikinci məğlubiyyət iddialara da zərbə vurar.

“Qarabağ” yenə qurban verəcək?

Günün daha bir qarşılaşmasında isə AZAL “Qarabağ”ı qəbul edəcək. Avroliqanın qrup mərhələsində Azərbaycanı təmsil edən “köhlən atlar” hələ çempionatda qələbə qazanmayıb. Qarşıdan isə “Sent Etyen”lə oyun gəlir. Qurban Qurbanovun yetirmələri AZAL-la oyunu avroliqa qarşılaşmasına qurban verəcək? Çətin. Belə olan təqdirdə, ümumiyyətlə çempionluq iddiaları da qurban verilmiş olar.

Ümid qalır Yaşar Seyidovun yalvar-yaxarına

Turun son qarşılaşması sentyabrın 14-də keçirilməlidir. “Keçirilməlidir” ona görə yazdıq ki, keçirilməyə də bilər. Məsələ burasındadır ki, Hafiz Məmmədovun komandasında qiyam baş verib. Futbolçular məvaciblərin verilmədiyini əsas gətirərək, məşqə çıxmaqdan imtina ediblər. Onlar məvacib verilməsə, “Sumqayıt”la oyuna çıxmayacaqlarını da bildiriblər.

Sentyabrın 14-nə qədər Hafiz Məmmədovun futbolçulara pul verəcəyi inandırıcı deyil. Ona görə ki, pul yoxdur. Ümid qalır Yaşar Seyidova. “Bakı” rəsmisi futbolçulara yalvar-yaxar etməli, növbəti dəfə vəd verməlidir. Bəlkə Yaşar Seyidovun yalvar-yaxarından sonra “Bakı”nın futbolçuları “Sumqayıt”la oyuna çıxa. Çıxa ki, onsuz da səviyyəsi aşağı olan çempionatın imicinə daha bir ləkə vurulmaya...

2 sentyabr (cümə)

17:30 Araz Naxçıvan - İnter

Naxçıvan. Muxtar Respublika stadionu.

13 sentyabr (şənbə)

17:30 Neftçi - Xəzər Lənkəran

Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

19:30 Simurq - Qəbələ

Zaqatala. Şəhər stadionu.

21:00 AZAL - Qarabağ

Bakı. AZAL Arena.

14 sentyabr (bazar)

17:30 Bakı - Sumqayıt

Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu.

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm