“İnanmırdım ki, döyüş erkən başa çatsın”
Bizi izləyin

İdman

“İnanmırdım ki, döyüş erkən başa çatsın”

“İnanmırdım ki, döyüş erkən başa çatsın”

Azərbaycan idmançısı Zaur Hacıbabayevin Minskdə keçirilən həvəskarlar arasında MMA üzrə dünya çempionatının qalibi olduğu barədə məlumat vermişdik.

Hacıbabayev ardıcıl 4 qələbədən sonra finala çıxıb və həlledici görüşdə Qazaxıstan idmançısı Moxmad Sulimanovu nokautla məğlub edib. Publika.az xəbər verir ki, dümya çempionu təəssüratlarını bölüşüb:

"Belarusa yola düşəndə hədəfim çempionluq idi. Çox istəyirdim ki, Bakıya dünya çempionu kimi qayıdım. İlk iki döyüşdən sonra mübarizənin çətin olacağını hiss edirdim. Allaha dua edirdim ki, gücüm finala qədər kifayət etsin.

Minskdə mənə dəstək olan dostlar və eyni zamanda yaxın insanlar daha həvəslə mübarizə aparmağıma kömək oldu. Finalda yarışdığım Qazaxıstanlı idmançı yaxşı fiziki göstəricilərə malik idi. İnanmırdım ki, döyüşümüz erkən başa çatsın.

İlk raund zamanı artıq üstünlük mənim tərəfimdə idi. İkinci hissədə ardıcıl zərbələrdən sonra nokaut qaçılmaz oldu və qələbəm rəsmiləşdi. Karyeramda ən böyük uğura imza atdım. Çox sevinirəm ki, idmançı karyeramda belə yüksək titula sahib çıxdım".

Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov Zaur Hacıbabayevin çempionluğu barədə bunları deyib:

"Zaur artıq bir neçə ildir Azərbaycan MMA Liqasında ən perspektivli idmançılardan sayılır. Qısa müddət ərzində əldə etdiyi uğurlar düzgün yolda olduğumuzu göstərdi. O, Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandı. Avropa çempionatında mükafatçı oldu və indi dünya çempionatının qızıl medalına layiq görüldü.

Minskdəki çempionat ərəfəsində Zaur xüsusi təlim-məşq toplanışında iştirak edib. Təcrübəli məşqçilərin rəhbərliyi altında hazırlaşan Zaur, güclü idmançılarla sparrinq döyüşlərdə iştirak edib. Minskdə böyük arenada azərbaycanlı idmançının belə qələbəsini görmək çox sevindirici idi.

Qələbədən sonra çoxlu sayda təbriklər aldıq. Ümumdünya Qarışıq Döyüş növləri Assosiasiyasının (WMMAA) prezidenti Vadim Finkelşteyn, əfsanəvi Fyodr Yemelyanenko Azərbaycan idmançısının uğurunu yüksək qiymətləndirdi".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm