• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Erməniyə qalib gəlmək necə olur?

  • İdman
  • 16 Sentyabr 2014 11:34
  • 930 Baxış
Erməniyə qalib gəlmək  necə olur?

Uzun müddət davam edən müharibə vəziyyəti, cəbhədə mütəmadi itkilər və sair uzaq tarixə və bu günümüzə aid səbəblər Azərbaycanda, “ermənini udmaq” istəyini ümumxalq arzuya çevirib.

Bu, yəqin ki, çox təbiidir. Yəqin ki, erməni üzərində tam və ən vacib qələbə əldə edilənə qədər, işğal olunmuş torpaqlar geri qaytarılana qədər elə belə də olacaq. Olmalıdır da!

Amma bəzən “ermənini udmaq” istəyi, odu söndürüb, külü ilə oynamaq həddinə düşür. Daşkənddə güləş üzrə dünya çempionatı keçirildi. Azərbaycanın güləş komandası son illərdə olduğu kimi bu dəfə də bizə böyük qürur yaşatmadı. Başqa idman növlərində biz bir-iki medala sevinə bilərik. Amma güləşdə, ən güclülərin sırasında olmağa alışmışıq. Sağ olsun, buna bizi alışdırmış idmançılar. Amma bu dəfə elə o idmançılardan bəzilərinin də daxil olduğu komandamız idman həvəskarlarını məyus etdi. Yenə həmişəki bəla. Cəmi iki il əvvəl Olimpiada qızılı, gümüşü alan idmançılar bu dəfə dünya çempionatına qatılmaq iqtidarında belə deyillər. Əvəzində əsasən legionerlərdən ibarət yığma gedir və zəif çıxış edir. Sərbəst güləşdə komanda hesabında 3-cü, qadınların yarışında 7-ci oluruq. Yunan-Roma güləşində isə əsl fiasko yaşanır. 9-cu pillə. Bu növə bir az diqqət. Çünki açdığım mövzu elə buna aiddir.

Yunan-roma güləşçimiz Rəsul Çunayev 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisini 23 saniyəyə udur və bürünc medal qazanır. Bu xəbər bütün media tərəfindən vacib qələbə kimi yayılır, sosial şəbəkədə Çunayevin əsgər salamı verən şəkillərini “oğulsan! molodes!” şərhləri müşaiət edir və “like”lanır! Əla! Çunayev doğrudan da oğuldur və ona həqiqqətən “əhsən”!. Mən də bu gəncin əlini sıxıram!

Lakin, hesab edirəm ki, Çunayevin erməni üzərindəki bu lokal qələbəsi, elə həmin yarışda komandamızın Ermənsiatana uduzamsını ört-basdır etmək istəyən, idmanın bu növünə cavabdeh şəxslərin qalxanına çevrildi. Bəs bilirsizmi ki, bu dünya çempionatında, yunan-roma güləşində Azərbaycan komanda hesabında 9-cu olub? Bəs 1-ci hansı ölkə olub? Məncə artıq anladız. Bəli, Ermənistan!

Güləş idman növünün inkişafına cavabdeh olan federasiyamız, məşqçilərimiz bu gün bizim gözümüzə “Çunayev ermənini udub” cümləsini soxmamalıdr! İdmana, o cümlədən güləşə böyük diqqət və qayğı olan, hər rayonunda müasir Olimpiya Kompleksləri tikilən, yarışlarda qalib gələn idmançılarının hər birinə bəlkə də Ermənistanın müvafiq federasiyasının 5 illik büdcəsi həcmində mükafat verilən Azərbaycan niyə legioner güləşçilərin ümidinə qalıb? Niyə komandamız 9-cu yeri tutur? Bax, bu gün onlar bu suallara cavab verməlidirlər.

Birinci Qarabağ müharibəsində üz-üzə döyüşlərdə erməniyə qan udduran mərd döyüşçümüz olub. Onların hər biri fərdi şəkildə qəhrəman olsa da, ümumlikdə biz o müharibəni uduzmuşuq. Biz onda buraxılan bir çox səhvləri dərk edərək, daha güclü ordu yaratmışıq ki, növbəti döyüşdə qalib gələk! Çunayevin də qələbəsinə eyni cür yanaşmalıyıq! O, öz işini yaxşı görüb, amma yunan-roma güləşi üzrə milli komandamız bu yarışda Erməsnitandan 9 pillə geridə olmaqla, uduzub! Bu acı həqiqəti dərk etməsək, yenə uduzacağıq!

Teymur Əliyev

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR