Hamının oğurlamaq istədiyi əşyanı düzəldən zərgər danışdı
Bizi izləyin

İdman

Hamının oğurlamaq istədiyi əşyanı düzəldən zərgər danışdı

Hamının oğurlamaq istədiyi əşyanı düzəldən zərgər danışdı

Dünya çempionatları milyardlarla insanın səbirsizliklə gözlədiyi turnirdir.

Üç ay öncə daha bir mundial geridə qaldı. Qitənin ən nüfuzlu mərasimlərindən biri həmişə müzakirə edilir. Dünya çempionatı ərəfəsində, turnir keçirilən zaman və sonra mundialla bağlı, demək olar ki, hər şey müzakirə edilir. Ən az danışılansa kubokdur. Komandalar ona sahib çıxmaq istəyir. Hətta fərdlər də.

Pul ilə almaq istəyəni də var, oğurlayanı da. Yəqin ki, Jül Rime kubokunun oğurlanmasından xəbəriniz var. Nə kubok, nə də oğru tapılmadı. FİFA yeni kubokun hazırlanması üçün müsabiqə elan etdi. Və Silvio Qazzaniçanın təklif etdiyi model müsabiqədə qalib gəldi. Bu barədə daha ətraflı italyan zərgərin özü danışıb. Publika.az onun müsahibəsini təqdim edir:

- Hazırladığınız kuboka baxıb, “bunu mən düzəltdim” demək necə duyğudur?

- Xoşuma gəlir. Çünki bu kubok insanlar tərəfindən bəyənilib. Dəyər baxımından bir sıra sənət əsərlərindən heç də geri qalmır.

- Necə oldu ki, bu iş sizə tapşırıldı?

- “Milan” üçün medal, kubok və digər ləvazimatlar hazırlayan “Bertoni” zavodunda çalışırdım. Bizdən dünya kuboku üçün bir neçə nümunə göndərməyimizi istədilər. Mən də insanların diqqətini çəkmək üçün xüsusi prototip hazırladım. Düzəltdiyimi sözlə izah etmək çətin olduğundan, bir neçə formada şəklini çəkib, FİFA-ya yolladım. Onlar da bəyəndilər.

- Kuboku hansı konsepsiyaya əsasən hazırladız?

- Dünya kubokunun əsas parçası kimi yer kürəsini düşündüm. Bu, məntiqli seçim idi. Yer kürəsinin topla eyni formada olması bu mənada köməyimə çatdı. Yer kürəsinin və ya topun altında dəstək verən insanları da təsvir etdim. Kuboku güc, enerji və güclü qüvvələrin birləşməsi kimi göstərmək istədim. Bu işdə uğur qazandığımı düşünürəm. Çünki İngiltərədə istifadə edilən kuboklardan fərqli formadadı.

- Nə kimi çətinliklərlə qarşılaşdız?

- FİFA əsas modeli istədiyində, kürənin üstündə təsvir edilmiş qitələrin daha qabarıq şəkildə olmasını istədim. Bu, çox yorucu və vaxt aparan iş idi. Xəritəni olduğu kimi göstərmək heç də asan deyildi. Əlimizdə hər hansı nümunə olmadığından, vəziyyət daha da qəliz idi. Bu, FİFA üçün də, mənim üçün də riskli idi.

- “Bəsdi, yoruldum” dediyiniz vaxtlar olubmu?

- Bəli, çox olub. Sənət əsəri yaratmaq heç də asan deyil. Dayanmadan dəyişikliklər edirdik. Bu dəyişikliklər onu mənasının da dəyişməsinə səbəb olurdu.

- Malaxit daşından nə üçün istifadə etdiz?

- Bildiyimiz kimi, malaxit çox dəyərli daşdı. Rənginin yaşıl olması əlavə üstünlük idi. Futbol meydanları da yaşıl rəngdə olduğundan, bu daşdan istifadə etmək qərarına gəldim. Eyni zamanda, kənardan baxdıqda kuboka ahəng qatır.

- Bəs kubok necə hazır oldu? Bu proses necə keçdi?

- Əvvəlcə kubokun gildən modeli hazırlandı. Daha sonra heykəltaraşın nəzarətiylə düzəlişlər edildi. Arı mumundan istifadə etdik. Daha sonra bunları qızılla əvəzlədik.

- İnsanların kuboku bəyəndiyini nə vaxt hiss etdiz?

- Bir gün mənə zəng gəldi. Tanımadığım şəxs kuboka görə təşəkkürünü bildirdi. O zaman anladım ki, düzgün iş görmüşəm və insanların qəlbinə yol tapmışam. Kuboku bacardığım qədər sadə hazırlamışam. Bəlkə də bu səbəbdən insanlar onun mənasını tez anlayır və sevirlər.

- Jül Rime kubokunu görmüşdüzmü?

- Bəli, görmüşəm. Çox yaxşı hazırlanmış bir kubok idi. O da dövrünə görə hazırlanmışdı. Necə ki, mən bu kuboku yaşadığımız dövrə görə hazırladım. Eyni modeli təkrarlamaq istəmədim. Amma oxşar cəhətləri var.

- Həmin kubok oğurlandı. Sizin əsərinizin də eyni aqibəti yaşamasından qorxmursuz?

- Qızıldan hazırlandığından, insanların bu fikrə gəlməsi təbii haldı. Ancaq biz ehtiyatımızı öncədən görmüşük. Modelin bir surəti gizli saxlanılır. Ehtiyac olduqda istifadə ediləcək.

- İlk dəfə 1974-cü ildə Frants Bekkenbauerin sizin hazırladığınız kuboku başı üzərinə qaldırdığını xatırlayırsız?

- Həmin gün harda olduğumu belə xatırlamıram. Ancaq 1982-ci ildə İtaliyanın çempion olduğunu unutmamışam. Evdə idim, bu uğuru küçələrdə bayram edən saysız-hesabsız insanlar vardı. Çox xoşbəxt idilər. Kubokun bir italyan tərəfindən hazırlanması onlar üçün önəmli idi.

- İtaliyanın dünya mədəniyyətinə iki əsər bəxş etdiyi söylənilir. “Mona Liza” və sizin kubokunuz...

- Bu düzgün deyil! Bu müqayisənin heç bir mənası yoxdu. “Mona Liza tamam başqa əsərdi. Xoş sözlərinizi qəbul edirəm. Ancaq çox şişirdirsiz. İnsanlar bu kuboku “Mona Liza”dan daha tez anlayırlar. Da Vinçi mədəniyyətini anlamaq üçün dünyaya baxış tərziniz, savadınız, insanlığınız üst səviyyədə olmalıdı. Bu kuboksa çox sadədi.

- Kuboku indi əlinizə almaq necə hissdi?

- Çox ağırdı. Amma gözəl hissdi. Bu, uşağınızı uzun müddətdən sonra görməyə bənzəyir. Hansısa sənət əsərini yaratmaq elə uşaq böyütmək kimidi. Bu, mənim üçün önəmli məqamdı. Mən qoca kişiyəm, amma sənət əsərləri ölümsüz kimi bir şeydi. Gələcək nəsillərə verə biləcəyim nələrsə var.

- 44 il əvvəl bu kuboku hazırlayarkən belə bir güclü mənanı kəsb edəcəyini xəyal etmişdiz?

- Bu kubokun sülhü, dostluğu təmsil edəcəyi ağlıma gəlməzdi. Bir idman növüylə insanlıq adına kiçik bir iş görmüşəmsə, çox qürurluyam.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm