“Qardaş” “qardaş”a nə gündə lazımdır?
Bizi izləyin

İdman

“Qardaş” “qardaş”a nə gündə lazımdır?

“Qardaş” “qardaş”a nə gündə lazımdır?

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start veriləcək.

“Qiyamçılar” “bankirlər”ə müqavimət göstərəcək?

İlk oyun günündə cəmisi bir qarşılaşma baş tutacaq. “İnter” “Bakı”nı qəbul edəcək. Hazırda bu komandalar arasında fərq o qədər böyükdür ki, kimsə “bankirlər”in qalib gələcəyinə şübhə etmir.

“Bakı”nın düşərgəsində az qala hər gün qiyam baş verir, etiraz aksiyası keçirilir. Sonuncu etiraz aksiyası “Smqayıt”la oyundan əvvəl baş vermişdi. Komanda rəhbərliyi yalvar-yaxarla futbolçuları meydana çıxarda bilmişdi.

Ancaq futbolçuları etiraza sövq edən problemlər hələ də həllini tapmayıb. Uzun müddətdir ki, məvacib ala bilməyən futbolçular verilən vədlərdən təngə gəldiklərini bildirirlər. Güman ki, “İnter”lə qarşılaşmaya tam motivasiyasız çıxacaq “zolaqlı” futbolçular meydana oyunu “yola vermək” üçün qədəm basacaqlar.

Lənkəranda kimin “oyunu” bitəcək?

Sentyabrın 20-də turun daha 2 qarşılaşması keçiriləcək. Lənkəranda problemlər içində olan 2 komanda üz-üzə gələcək. “Xəzər Lənkəran” “Araz Naxçıvan”ı qəbul edəcək. Naxçıvanda Əsgər Abdullayevin istefası tələb olunur. Güman ki, daha bir məğlubiyyət onun gedişini aktuallaşdıracaq.

Elə Oğuz Çətin də yol üstündədir. Komandanı heç cür toparlaya bilməyən türkiyəli mütəxəssisin başının üstündə “Domokl qılıncı” da var artıq. “Ağ-yaşıllar”a idman direktoru təyin olunan Yunis Hüseynov yəqin ki, baş məşqçi olacağı günü səbirsizliklə gözləyir. Bir sözlə, “Xəzər Lənkəran” – “Araz Naxçıvan” oyununda bir məşqçinin “oyunu” bitəcək.

AZAL hədəfdən, rəhbərlik Əhmədovdan imtina edəcək?

Günün daha bir qarşılaşmasında çempionatın sürpriz lideri “Sumqayıt” AZAL-ı qəbul edəcək. Futbol mütəxəssisləri hələ də iddia edirlər ki, “Sumqayıt”ın liderliyə yüksəlməsi tam təsadüfdür və turlar keçdikcə AFFA-nın “övladı” autsayder statusu ilə barışmalı olacaq.

Bütün hallarda “Sumqayıt”ın iddiasına bu tur qismən də olsa aydınlıq gələcək. Düzdür, rəqib o qədər də ciddi deyil. Baxmayaraq ki, çempionatın əvvəlində AZAL-ın baş məşqçisi Tərlan Əhmədov hədəflərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu bildirmişdi. Buyur, Tərlan bəy, “Sumqayıt”a qalib gələ bilməsəniz, o hədəflərdən imtina etməli olacaqsınız. Hədəflərdən imtina edincə, güman ki, AZAL rəhbərliyi də baş məşqçidən imtina edər.

Sabit xəttə kim çıxacaq?

Tura sentyabrın 21-də keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq. Maraqla gözlənilən oyun “Qəbələ”də baş tutacaq. Əyalət təmsilçisi hələ ki, qeyri-sabit çıxışla yadda qalır. “Neftçi”də baş məşqçi dəyişikiliyi “böyük oyun”da qələbə ilə müşayiət olundu.

Bu qarşılaşma həm “Neftçi”, həm də “Qəbələ” üçün sabit xəttə çıxmaq baxımından olduqca vacibdir. İstənilən oyunda məğlubiyyət bu komandaların hər birində problemin baş qaldırmasına rəvac verə bilər. Güman ki, komandalar ehtiyatlı oyuna üstünlük verəcək, qələbəni rəqibin buraxacağı səhv zamanı qazanmağa cəhd edəcək.

“Simurq” həm də “qardaş”ı üçün tər tökəcək

Günün və turun son oyununda “Qarabağ” “Simurq”u qəbul edəcək. Zaqatalalılar “köhlən atalar” üçün keçilməz rəqib olub. Ötən mövsüm Qurban Qurbanov həmyerliləri üzərində qələbə qazana bilmədi.

İndi isə “Qarabağ” “Sent Etyen”lə oyunun yorğunluğunu çıxarmamış arzuolunmaz rəqiblə üz-üzədir. “Simurq” ötən tur öz meydanında “Qəbələ”yə məğlub oldu. Bu da zaqatalalı azarkeşlərin böyük narazılığı ilə qarşılandı. Üstəlik, onu da nəzərə alaq ki, bu mövsüm “Qarabağ”ın çempionluq uğrunda əsas rəqibi “İnter” hesab olunur. “Qardaş” “qardaş”a nə gündə lazımdır? “Simurq” həm də “qardaş”ı üçün tər tökəcək.

19 sentyabr

İnter - Bakı

“İnter Arena”. Saat 19.00.

20 sentyabr

Sumqayıt - AZAL

“Kapital Bank Arena”, süni örtüklü meydança. Saat 17.00.

Xəzər Lənkəran - Araz Naxçıvan

“Xəzər Lənkəran” mərkəzi stadionu. Saat 19.00.

21 sentyabr

Qəbələ - Neftçi

Qəbələ şəhər stadionu. Saat 18.00.

Qarabağ - Simurq

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.00.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm