SSRİ-nin “Qara Pantera”sının ayağını kəsdilər – Arvadı Putinə etiraz etdi
Bizi izləyin

İdman

SSRİ-nin “Qara Pantera”sının ayağını kəsdilər – Arvadı Putinə etiraz etdi

SSRİ-nin “Qara Pantera”sının ayağını kəsdilər – Arvadı Putinə etiraz etdi

O, Sovet futbolunun görkəmli şəxsiyyətlərindən biri olub.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən 20-ci əsrin ən yaxşı qapıçısı seçilib.

Publika.az “II taym” layihəsi çərçivəsində keçmiş SSRİ-nin əfsanəvi qapıçısı Lev Yaşin haqqında məlumat verəcək.

O, futbolçu karyerası ərzində yalnız “Dinamo Moskva” klubunda çıxış edib. O, 100 oyunda qapısını toxunulmaz saxlayan ilk qapıçı kimi sovet futbolunun tarixinə düşüb. Ümumiyyətlə, Yaşin 438 matçın 207-də qapısından top buraxmayıb.

Fəhlə ailəsindən çıxan əfsanə

Yaşin 1929-ci ilin 22 oktyabrında Moskvada anadan olub. O, sənaye sahəsində çalışan fəhlə ailəsinin - İvan Petroviç və Anna Petrovna cütlüyünün oğludur.

Lev Yaşinin həyatı çox çətin keçib. Kasıbçılıq üzündən 20 yaşına qədər metal sexində usta köməkçisi kimi işləyib. Boş vaxtlarında isə Moskvanın Tuşino vilayətinin komandasında qapıçılıq edib. 1949-cu ildən “Dinamo”( Moskva) klubunda oynamağa başlayır.

O zamanlar “Dinamo”nun əsas qapıçısı olmaq heç də sadə deyildi. Çünki o dövrdə klubun əsas qapıçısı “şir” ləqəbi ilə məşhurlaşmış Aleksey Xomiç idi. Lev Yaşin 1953-cü ildən komandanın əsas qapıçısı statusunu qazanır.

1950-ci illərdən başlayaraq qapıçı anlayış ilə bağlı düşüncələri dəyişdirir. Çünki o vaxta qədər qapı xəttini tərk etməyən, cərimə meydançasından kənara çox çıxmayan bir qapıçı tipi məşhur idi. Ancaq 1.85 sm boya malik Yaşin cəsarəti ilə bu anlayışı dəyişdirdi. O, cərimə meydançasına ötürülən topları tutmaq üçün qapısını tərk etməkdən çəkinmirdi. Çox yaxşı mövqe seçiminə sahib idi.

Peşəkar karyerasına başladığı “Dinamo”nu heç vaxt tərk etməyib, 1971-ci ilə qədər həmin klubda oynayıb. Bu klubla 5 dəfə SSRİ çempionluğunu (1954, 1955, 1957, 1959 və 1963-cü illər) və 3 dəfə SSRİ Kubokunu qazanıb.

Futbola görə nədən vaz keçdi?

Ancaq maraqlıdır k, Yaşinin karyerasındakı uğurlar tək futbolda olmayıb. Əfsanəvi qapıçı xokkeydə də uğur qazanıb. O, futbolla yanaşı xokkeyə də böyük maraq göstərirdi. Yaşin idmançı karyerasının əvvəlində xokkey (1950-53) oynayıb.

Güclü daxili istək və arzudan idi ki, bir müddət hər iki növdə çıxış edib. 1953-cü ildə xokkey üzrə SSRİ kubokunu və ölkə birinciliyinin bürünc medalını qazandı. Üstəlik, 1954-cü ildə keçirilən dünya çempionatı öncəsi yığma komandaya dəvət olundu. Ancaq futbolu daha çox sevdiyi üçün bu təklifdən imtina edib, xokkeylə vidalaşdı.

Kepkalı “qara pantera” ”Qızıl top”a layiq görülür

Yaşin “Dinamo”ya çağrılandan 5 il sonra -1954-cü ildə SSRİ yığmasına cəlb olunub. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında və 1960-cı il Avropa çempionatında qızıl medal qazanıb. 1954–1959-cu illərdə “Dinamo” klubunda azərbaycanlı futbolçu Ələkbər Məmmədovla, 1966-cı il dünya çempionatında isə yığmanın heyətində Anatoli Banişevski ilə birgə çıxış edib.

SSRİ yığması ilə 1958, 1962 və 1966-cı illərdə Dünya Çempionatlarında da oynayıb. Yaşin Dünya Çempionatında oynadığı 13 matçın 4-ündə qapısından qol buraxmayıb.

1963-cü ilin dekabr ayında baş verən hadisə futbol aləmini lərzəyə gətirmişdi. Nə baş vermişdi? SSRİ yığmasının və Moskva “Dinamo”sunun qapıçısı, əfsanəvi Lev Yaşin nüfuzlu “Frans Futbol” nəşrinin sorğusuna əsasən, Avropanın ən yaxşı futbolçusu üçün təsis olunmuş “Qızıl top” mükafatına layiq görülmüşdü.

Mükafatı qapıçının qazanması birmənalı qarşılanmasa da, seçimin obyektivliyinə heç kim şübhə etmir, hər kəs nəticəni ədalətli sayırdı. Yekun tam mənada futbol ictimaiyyətinin ürəyincə idi.

Yasin ən yaxşı oyunlarından biirni 1963-cü ildə İngiltərə yığmasına qarşı keçirib. "Uembli”də hər kəs onun möhtəşəm qurtarışlarına şahidlik edib. Həmin gün Yaşin dünya futbolunun yubileyinə həsr olunmuş tarixi oyunda dünyanın yığma komandasının qapısını qoruyub. Bundan sonra ona “qara hörümçək” ləqəbi verilib.

Özünə inamı ilə seçilən Yaşin, 8 qollu adam kimi də qiymətləndirilib. Amma o tərəfdarları üçün həmişə "qara pantera" olub. Bundan əlavə, Yaşin meydançaya daim qara rəngli formada çıxıb. Topla inanılmaz rəftarına, qeyri-adi akrobatik tullanışına, uzun əllərinə görə, Yaşini bəzən zəliyə, bəzən də səkkizayaqlı ilbizə bənzədirdilər.

Adətən, tünd-qırmızı rəngli kepka taxması ilə də diqqəti cəlb edirdi. Yaşin 1956-cı ildə SSRİ olimpiya yığmasında 6 oyun keçirib. 1954-cü ildə çıxış etdiyi SSRİ-nin əsas komandasında isə 74 matçda qapıda durub. Millidəki karyerasına 1967-ci ildə son qoyub.

11 dəfə SSRİ-nin ən yaxşı qapıçısı nominasiyasında qalib gələn Yaşin, futbola 1971-ci il mayın 27-də “əlvida” dedi. Karyerasını başa vurduqdan sonra bir müddət uşaq və yeniyetmələrdən ibarət komandalarda məşqçi kimi çalışıb.

Onun şərəfinə keçirilən vida oyununda Moskva, Kiyev və Tbilisi “Dinamo”çularından ibarət kollektivlə heyətində Eysebio, Bobbi Çarlton, Gerd Müller kimi ulduzlar olan dünya yığması qarşılaşmışdı. 2:2 hesabı ilə başa çatan unudulmaz vida görüşü futbola maraq göstərən hər kəsi həyəcanlandırmışdı...

Yaşin və telefon


“DuPont” kompaniyası əfsanəvi qapıçı Lev Yaşinə əlli illiyi münasibətilə üzərinə telefon şəkili toxunan papaq və əlcək hədiyyə edib. Papaq Yaşinin xoşuna gəlib, əlcək isə yox. Əlcəkdə qapıçıların çox top buraxmasına işarə görüb.

Dünya rekordunun sirri - siqaret və içki...

O, karyerası ərzində 100 dəfə penalti zərbəsini dəf edib. Bəzi mənbələrdə isə bu rəqəm 150 göstərilir. Bu da, dünya tarixində bir rekorddur. Yaşindən bunun sirrini soruşduqda belə cavab verib: “Sakitləşmək üçün bir siqaret çəkmək, sonra da əzələlərini tənzimləmək üçün sərt içki içmək”.

Futbolun inkişafına verdiyi dəstəyə görə, 1967-ci ildə "Lenin” ordeni ilə təltif olunub. 1986-cı ildə olimpiya ordeninə və bundan 2 il sonra FİFA-nın qızıl ordeninə layiq görülüb.

Ailəsi – iki qızı

Lev Yaşin Valentina Yaşina ilə evli olub. Bu evlilikdən cütlüyün iki qızı (İrina, Yelena) var. Məşhur qapıçının nəvələrindən biri, Vasili Frolov da qapıçı olub.

“Qara pantera”nın ayağını niyə kəsirlər? – Yaşinin ölüm səbəbləri

İntensiv siqaret çəkməsi ilə əlaqədar damarlarının tutulması üzündən 50 yaşından sonra onun sol ayağında qanqrena başlayıb. Buna görə də Yaşin 1984-cü ildə bir ayağından məhrum olub. Lakin o, yenə siqareti tərgitməyib. Lev Yaşin 20 mart 1990-cı ildə 61 yaşında mədə xərçəngindən dünyasını dəyişib.

“Yaşin mükafatı”

Onun ölümündən 4 il sonra, 1994-cü ildən etibarən FİFA Dünya çempionatında oynayan ən yaxşı qapıçılara “Lev Yaşin” mükafatı təqdim etməyə başlayıb.

XX əsr yekunlaşanda futbolda da ən yaxşılar müəyyənləşdi. Söhbət qapıçılara gələndə, təbii, yada ilk olaraq o düşdü - Lev Yaşin əsrin ən yaxşı qapıçısı sayıldı! “World Soccer”, “France Football” və “Placar” versiyalarında da məhz o, birinci olub.

FİFA da qərara aldı ki, dünya çempionatlarının final mərhələsinin yekununda qapıçılara verilən xüsusi mükafat onun adı ilə adlandırılsın. Beləliklə, “Lev Yaşin” mükafatı 1994-cü ildə Mişel Pryüdomma (Belçika), 1998-ci ildə Fabyen Bartezə (Fransa), 2002-ci ildə Oliver Kana (Almaniya), 2006-cı ildə isə Canluici Buffona (İtaliya) verilib.

2010-cu ildən isə mükafat “Qızıl əlcək” adlanır ki, onun da ilk laureatı İker Kasilyas (İspaniya) olub.

Putin əmr verdi, Yaşinin həyat yoldaşı etiraz etdi

Rusiya hökuməti 2013-cü ilin iyulun 1-dək əfsanəvi futbolçu Lev Yaşin haqqında bədii film çəkilməsi məsələsini həll etməli idi. Filmin ekranlara çıxması 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına həsr ediləcəkdi. Pusiya prezidenti Vladimir Putinin sərəncamında deyilirdi:

“Əfsanəvi sovet futbolçusu Lev Yaşinə həsr edilmiş bədii filmin çəkilməsi məsələsinə baxılsın. Tapşırığın yerinə yetirilmə müddəti – 1 iyul 2013-cü il”.

Xatırladaq ki, Rusiya prezidentinin xalqla ənənəvi söhbətində Zinovyev soyadlı bir vətəndaş Putinə belə bir xahişlə müraciət etmişdi:

“Prezidentdən təkidlə xahiş edirəm, futbol üzrə dünya çempionatına qədər “Yaşin” filminin çəkilişinə kömək etsin”.

Dövlət başçısı o vaxt bu müraciətə cavab olaraq belə demişdi:

“Bilirsinizmi, görünür, bu xahiş ekranlara çıxmış “17 nömrəli əfsanə” filminə reaksiyadır. Həmin filmdə təkcə Xarlamov haqqında deyil, həm də bizim yığma komandanı bu səviyyəyə çatdırmış və Xarlamov kimi idmançı yetişdirmiş görkəmli məşqçilər haqqında söhbət gedir. Şübhəsiz, Lev Yaşin də bizim əfsanəvi idmançılardan biridir, yəqin ki, belə bir filmə tələbat olar. Əlbəttə, biz bu barədə fikirləşəcəyik”.

Lakin Lev Yashinin həyat yoldaşı Valentina Yashina əri haqqında bədii film çəkilməsinin qəti əleyhinə olduğunu bildirmişdi. O, müsahibəsində bunun yalnız onun ölümündən sonra mümkün ola biləcəyini demişdi.

Valentina Yaşina etirazını əfsanəvi sovet futbolçusu Vsevolod Bobrov haqqında çəkilmiş filmin çox pis alınması ilə əsaslandırmışdı.

Tarixin ən güclü və ideal “11-liy”i

Bu il "WorldSoccer" jurnalı futbol tarixinin ən güclü və ideal onbirliyini hazırlayıb. Həmin sorğuya əsasən ən yaxşılar içərisinə Lev Yaşin də daxil edilib.

Qapıçı – Lev Yaşın (SSRİ)
Saö müdafiəçi – Kafu (Braziliya)
Dayaq müdafiəçisi – Bobbi Moure (İngiltərə)
Dayaq müdafiəçisi – Frans Bekkembauer (Almaniya)
Sol müdafiəçi – Maldini (İtaliya)
Yarımmüdafiə xətti: Zidan ( Fransa), Alfredo Di Stefano (Argentina), Messi (Argentina), Kroyf (Almaniya), Maradona (Argentina)
Hücumçu: Pele (Braziliya)

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm