Doşab aldılar, bal çıxdı
Bizi izləyin

İdman

Doşab aldılar, bal çıxdı

Doşab aldılar, bal çıxdı

Yayda bütün klublar özünə əl qatır ki, heyəti gücləndirsin və necə deyərlər, cüzi xərclə problemləri aradan qaldırsın.

Bəzən böyük pullara alınan futbolçular ümidləri doğrultmurlar. O qədər olub ki, belə nümunələr…

Cari mövsümdə “böyük beşlik” çempionatlarında üç-beş tur geridə qalıb. Yeni gələnlərin arasında məhsuldarlıq baxımından seçilənləri biz də seçmək qərarına gəldik.

Aleks Vidal (vinqer)

Yayda üç milyon avro müqabilində “Almeriya”dan “Sevilya”ya keçib. La Liqanın geridə qalan üç turunda iki dəfə fərqlənməyə imkan tapıb. Etimadı doğrultmaq belə olur.

Erik Dayer (müdafiəçi)

“Tottenhem” onu “Sportinq”dən cəmi-cümlətanı dörd milyon funta alıb. Dayerin əsas heyətə düşmək uğrunda mübarizə aparacağını düşünmək olardı. Amma belə getsə, bombardirlərin mübarizəsinə qoşulacaq. Müdafiədə etibarlı təsir bağışlayan Erik aktivinə iki qol da yazıb.

Adrian Ramos (hücumçu)

Kolumbiyalı hücumçu Dortmund “Borussiya”sının Robert Levandovskinin əvəzinə aldığı futbolçulardan biridi. Hələ ki, ona görə “Herta”ya ödənilən 10 milyon avronun boşuna xərclənmədiyi görünür. Bundesliqanın ilk iki turunda (yalnız birində əsas heyətdə yer alıb) Ramos iki qol və bir məhsuldar ötürməylə yadda qalıb.

Tin Yedvay (müdafiəçi)

“Bayer”in “Roma”dan icarəyə götürdüyü xorvat müdafiəçi elə bil neçə ildi Bundesliqada oynayır. 18 yaşlı futbolçu artıq iki qol müəllifidi.

Pablo Osvaldo (hücumçu)

İcarə əsasında “Sautqempton”dan “İnter”ə gələn argentinalı forvard “Sassuolo” darmadağınında (7:0) yaxından iştirak etmişdi. Üç tura iki qol və iki məhsuldar ötürmə heç də pis başlanğıc deyil.

Leonardo Uloa (hücumçu)

İngiltərədə hamı “Lester”in klub üçün rekord məbləğə - 8 milyon funta transfer etdiyi argentinalı futbolçunun keçidinə ağız büzürdü. Leonardo ilk dörd turda üç qol vurmaqla çoxlarını fikrindən daşındırdı.

Yulian Şiber (hücumçu)

Dortmundda özünə yer tapa bilməyən Yulian oyun praktikası əldə etmək üçün “Herta”ya keçməyə razılıq verdi. Sən demə, onun yeri elə buraymış. Üç oyuna üç qol maksimum nəticə sayılır.

Jeremi Menez (yarımmüdafiəçi)

“Milan”dakı ilk iki rəsmi oyununda üç dəfə fərqlənib. “Parma”yla oyunda vurduğu qol isə mövsümün sonuna kimi xatırlanacaq.

Qrasiano Pelle (forvard)

“Sautqempton”un yeni “vuran ayağı” mövsümün ilk iki oyununda susdu. Üçüncü turdan isə ayağı açıldı. Artıq Pellenin aktivində üç qol var.

Aleksis Sançes (hücumçu)

Aleksisin “Arsenal” karyerası fantastik başladı. Məhz onun vurduğu qol “topçular”ı Çempionlar Liqasının qrup mərhələsinə çıxardı. Premyer Liqada iki qol vuran çilili forvard məhsuldar ötürmə verməyi də bacarır.

Bibras Natxo (yarımmüdafiəçi)

Onu indidən ÇSKA-nın uğurlu transferi saymaq olar. Üç oyuna beş qol (3-ü penaltidən olsa belə) və iki məhsuldar ötürmə əla başlancığdı.

Dieqo Koşta (hücumçu)

Premyer-Liqanın ilk dörd turunda 7 qol vurub. Fernando Torresə bu həddi aşmaq üçün iki mövsüm lazım gələrdi...

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm