“Dinozavrlar”ın məhvinin şok səbəbləri – FOTOLAR
Bizi izləyin

İdman

“Dinozavrlar”ın məhvinin şok səbəbləri – FOTOLAR

“Dinozavrlar”ın məhvinin şok səbəbləri – FOTOLAR

Beş il ərzində 10 məşqçi dəyişən, 100 milyon avro borcu olan və Çempionlar Liqasında oynamaq əvəzinə, çempionatda qalmaq uğrunda mübarizə aparan komanda “Hamburq” ola bilər ancaq…

Almaniyanın ən titullu klublarından biri niyə bu günə düşüb? Publika.az bunun səbəblərini araşdırmağa çalışıb.

Hakimiyyət uğrunda mübarizə aparmağın ayrı ləzzəti var. Klubu 10 nəfərdən ibarət müşahidə şurası idarə edirsə, daxili intriqanı özünüz təsəvvür edin. Hərə yorğanı öz tərəfinə çəkdiyi üçün nə vaxtsa yorğansız qalmaq ehtimalı var. Fikrimizi aydınlaşdırmaq üçün keçmişə boylanmaq gərək.

Klubun keçmiş prezidenti Bernd Hoffman və icraçı direktor Ditmar Bayersdorfer “dinozavrlar”dan dinozavr kimi komanda yaratmışdı. Vensan Kompani və Daniel Van Buyten, Rafael Van Der Vaart və Naycel De Yonq, Jerom Boatenq və İvitsa Oliç - bu adlar Bayersdorferin seleksiya işinin bəhrəsiydi. Günlərin bir günü Hoffman şəxsi maraqlarının tələsinə düşdü.

2009-cu ildə Bayersdorfer münaqişələrdən başını götürüb qaçdı. Bir neçə ildən sonra müşahidə şurası başa düşdü ki, Hoffman boyundan çox hündürə tullanıb. Onu da prezident postundan uzaqlaşdırdılar. Xaos da məhz bundan sonra başladı.

Bir ara “Çelsi”dən bir neçə oyunçu transfer edilmişdi “Hamburq”a? Bundesliqada yüksək hədəfləri olan komandanın nəyinə lazım idi “Çelsi”nin ikinci heyət oyunçuları? Üç ildən sonra ilk baxışdan istedadlı görünən bu futbolçulardan yalnız biri qalıb ki, onun da xroniki zədəsi var.

Bu transfer siyasəti az qala “Hamburq”u o biri dünyaya göndərmişdi. “Zadəganlar”a lazım olmayan futbolçularla şimal klubu mövsümü 15-ci pillədə başa vurmuşdu.

Vəziyyətdən çıxış yolu məşqçilərin əlcək kimi dəyişdirilməsi idi. Ən azı azarkeşlər rəhbərliyin nəsə iş gördüyünü düşünürdülər. Komandanın necə qurulması məlum deyil, amma bütün günahlar baş məşqçidədi?

“Baş məşqçi ay ərzində bir neçə məğlubiyyət almamalıdı, o, futbol oynamağı bacarmayanlara nəsə öyrətməlidi” - müşahidə şurasına daxil olan aktyorlar, biznesmenlər və jurnalistlər məhz belə düşünür.

Son beş ildə “Hamburq” hər mövsüm iki baş məşqçinin xidmətindən yararlanıb. Şimallıların baş məşqçi postu qır qazanına bənzəyir. Ora düşən yanır. Hər yeni çalışdırıcı gəldikcə, komandanın oyunu bir az da bərbad duruma düşür.

Sonra istiqamət dəyişdi. Baş məşqçiləri qovmaqdan yorulan rəhbərlik idman direktorlarını hədəfə aldı. Komandaya lazımsız oyunçuları kim gətirir? Əlbəttə, onlar. Arnesen bir ara bəzi uğurlu gedişlər edərək, istedadlı futbolçular aldı. Onların arasında Van Der Vaart və Hakan Çalxanoğlu da vardı. Ancaq bu, futbol funksionerini istefadan xilas etmədi. Arnesendən sonra gələn Oliver Kroyser də idman direktoru postunda çox oturmadı - bir il.

Bütün bu intriqaların nəticəsidi ki, “Hamburq” ötən mövsüm Bundesliqada yerini son anda qorudu. Elə indi də “dinozavrlar”ın vəziyyəti ürəkaçan deyil. Yozef Zinnbauerin yetirmələri qələbə bir tərəfə qalsın, hələ qol da vura bilməyib. Dörd oyuna iki xal toplayan “Hamburq” 17-ci pillədədir.

Rəhbərlik hələ də baş məşqçini qovmaq vərdişini tərgitməyib. Üç turdan sonra Mirko Slomkaya qapı göstərildi. Onsuz da mövsümdə iştirak etmək üçün lisenziyanı çətinliklə alan şimal klubunun aqibəti necə olacaq? Müəmmalıdır, elə klubun idarəçiliyi qədər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm