Bu qılınc Qəbələdə kimin başını kəsəcək?
Bizi izləyin

İdman

Bu qılınc Qəbələdə kimin başını kəsəcək?

Bu qılınc Qəbələdə kimin başını kəsəcək?

Azərbaycan Premyer Liqasında 7-ci tura sentyabrın 27-də start veriləcək.

İlk oyun günündə 3 qarşılaşma keçiriləcək.

“Neftçi”lər “Qarabağ”lıların gözünü qorxuda biləcək?

Sözsüz ki, bütün diqqətlər “Neftçi” –“Qarabağ” oyununa yönələcək. Bu komandalar arasındakı qarşılaşmaların nəticəsinin çempionun müəyyənləşməsinə böyük ölçüdə təsir etdiyini desək, yanılmarıq.

Deməli, “Neftçi”-“Qarabağ” oyununda qalib çempionluğa yaxınlaşırsa, məğlub komanda uzaqlaşır. “Köhlən atlar”ın bu oyunda çəkəcəyi yük daha ağırdır. Çünki qarşıda avroliqa oyunu var. Rəqib də “İnter”di. Çoxları “Qarabağ”ın məhz milanlılarla oyunu düşünüb, “Neftçi” ilə oyunu qurban verəcəyini iddia edə bilər. Ancaq bu addım yanlışlıq olardı.

“Qarabağ”ın “İnter”ə qalib gələcəyi inandırıcı deyil. Əslində Ağdam klubu üçün qrupda əsas rəqiblər “Sent Etyen” və “Dnepr” olmalıdır. Bu komandalarla oyunlar ərəfəsində Azərbaycan çempionatının qarşılaşmasını qurban vermək olar, amma “İnter”lə oyuna üçün bu, faydasızdır.

“Neftçi”nin isə araz aşığından, kür topuğundandır. Güman ki, “ağ-qaralar” “Qarabağ”ın iki cəbhədə mübarizə aparmasından maksimum yararlanmaq istəyəcək. Bütün hallarda, bu oyunda “Qarabağ”ın futbolçuları özlərini zədədən qorumağa çalışacaq. Elə onu da güman edirik ki, “Neftçi”nin üzvləri əvvəlki qarşılaşmalara nisbətən bu oyunda daha aqressiv olacaqlar. “Qarabağ”lıların gözünü qorxutmaq üçün.

“İnter” “sülh”ü harda arzulayır?

“Neftçi” - “Qarabağ” qarşılaşmasının bərabərliklə yekunlaşmasını istəyənlər də var. Biri elə “İnter”. Hazırda turnir cədvəlinin lideri olan “bankirlər” əsas rəqiblərin hər iksinin xal itirməsini niyə arzulamasın ki? “İnter”in bu turdakı rəqibi də münasibdi. AZAL ötən tur “Sumqayıt”a qalib gəlsə də, bu komandadan kimsə ciddi uğur gözləmir. Təkcə klub rəhbərliyindən başqa. Hər halda, AZAL-ın nə qədər iddialı olduğu məhz “İnter”lə oyunda məlum olacaq.

Bu dəfə kim qovulacaq?

Şənbə günü daha bir qarşılaşmada çempionatın autsayderləri üz-üzə gələcək. “Bakı”da vəziyyət aydındır. Dilənçi günündə olan komandada hər gün etirazlar olur. Elə “Araz Naxçıvan” da onlardan geri qalmır. Az qala hər oyundan sonra Naxçıvan klubundan kimsə qovulur. Əsgər Abdullayevin böhranda olan komandası “Bakı”ya da qalib gələ bilməsə, kimə qalib gələcək? Məhz “Bakı” üzərində qazanılacaq qələbə komandanın düşərgəsində nisbi sakitlik üçün stimul ola bilər. “Araz Naxçıvan” bunu bacaracaqmı? Bacarmasa, yəqin ki, yenə də qovulan olacaq. Maraqlıdır, bu dəfə kim?

Bu dəfə daha dərin böhrana?

Tura sentyabrın 28-də keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq. Qəbələdə keçiriləcək oyun maraqla gözlənilir. “Qəbələ” start uğursuzluğundan sonra sabitliyi bərpa edə bilib. “Xəzər Lənkəran” isə son turda zəif “Araz Naxçıvan”a çətinliklə qalib gəldi. Bu qarşılaşma üçün bir məqam aktualdır: məğlub olan tərəf yenidən, amma bu dəfə daha dərin böhrana yuvarlana bilər. Hər iki komandanın başı üzərindən “məğlub olmağa haqqın yoxdur” “qılıncı” asılıb. Görək, bu qılınc kimin başını kəsəcək?

Gürcü Zaqataladan Gürcüstana keçəcək?

Turun daha bir qarşılaşması isə Zaqatalada baş tutacaq. “Simurq” “Sumqayıt”ı qəbul edəcək. Son turlar ardıcıl məğlubiyyətlər alan Zaqatala təmsilçisinin düşərgəsində vəziyyət gərgindir. Ab-havanı düzəltmək üçün “Sumqayıt”dan münasib rəqib tapmaq çətindir. Çixradzenin yetirmələri “Sumqayıta” da qalib gələ bilməsə, onda gürcü çalışdırıcı Zaqataladan Gürcüstana keçə bilər. Özü də birdəfəlik.

Statistik göstəricilər

“Neftçi” – “Qarabağ”

56 oyun, +17=22-17, top fərqi 54:52

Milli çempionatlar tarixində güclülər dəstəsinin daimi iştirakçısı olan komandalar 57-ci dəfə qarşılaşacaq. Bu oyunadək eyni sayda qələbəyə malik rəqiblərin duellərində “Neftçi” yalnız top fərqində öndədir. Amma son 4 oyunda cəmi 2 xal qazanan bakılılar, öz meydanındakı 4 qarşılaşmada 1 heç-heçə edə bilib.

AZAL – “İnter”

22 oyun, +5=10-7, top fərqi 18:19

23-cü paytaxt derbisi öncəsi “İnter” daha çox qələbə qazanıb. Son 3 qarşılaşmada qalib gələn komanda rəqib meydanında 4 matçdır uduzmur.

“Bakı” – “Araz Naxçıvan”

4 oyun, +1=1-2, top fərqi 2:6

13 ildən sonra üz-üzə gələcək komandalar 5-ci duelə çıxacaq. Bu oyunlarda minimal üstünlük Naxçıvan təmsilçisinin tərəfindədir. Onlar son iki oyunda da qalib gəlib.

“Qəbələ” –“Xəzər Lənkəran”

22 oyun, +5=5-12, top fərqi 19:31

Əyalət klublarının 23-cü çempionat matçına qonaqlar üstünlüklə çıxacaq. “Xəzər Lənkəran” oyunların yarıdan çoxunda qalib gəlib. Cənublular son iki oyunda 3 xal qazanıb. “Qəbələ” son 3 ev matçının hərəsində 2 qol vurub.

“Simurq” – “Sumqayıt”

10 oyun, +9=1-0, top fərqi 17:4

“Simurq” 10 dəfə qarşılaşdığı rəqibi ilə oyunlarda böyük üstünlüyə malikdir. “Sumqayıt”ın uduzmadığı yeganə qarşılaşma son duelə təsadüf edib. Zaqatala təmsilçisi öz meydanında xal itirməyib.

Azərbaycan Premyer Liqası

7-ci tur

27 sentyabr (şənbə)

“Neftçi” – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 16:00

AZAL – “İnter”

Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Rza Məmmədov, Mahir Məmmədov

“AZAL Arena”, 17:00

“Bakı” – “Araz Naxçıvan”

Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, İsgəndər Əliyev, Teymur Fərhadov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00

28 sentyabr (bazar)

“Qəbələ” – “Xəzər Lənkəran”

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Elşən Acalov, Ramil Əhmədov

Qəbələ şəhər stadionu, 19:00

“Simurq” – “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov

Zaqatala şəhər stadionu, 18:00

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm