İnanılmaz mübarizə - “Nə vaxt istəsək, o vaxt da öləcəyik” – FOTOLAR
Bizi izləyin

İdman

İnanılmaz mübarizə - “Nə vaxt istəsək, o vaxt da öləcəyik” – FOTOLAR

İnanılmaz mübarizə - “Nə vaxt istəsək, o vaxt da öləcəyik” – FOTOLAR

İngiltərədə 2013/2014 mövsümünün diqqətçəkən hadisələrindən biri futbol meydanlarından kənarda yaşandı.

Əslində, bu məsələ 2010-cu ildən müzakirə edilməyə başlanılsa da, müzakirələr ötən mövsümün əvvəlində qızışmağa başladı.

Ola bilsin ki, çox az sayda insan bu məsələdən xəbərdar olsun. Söhbət Premyer Liqa iştirakçısı "Hall Siti"nin adının dəyişdirilməsiylə bağlı yaşanan qalmaqaldan gedir. Publika.az xəbər verir ki, bir ilə yaxındır bu məsələ İngiltərə futbolunun gündəmindən düşmür. Bu məsələ hətta CAS-da müzakirəyə çıxarılıb.

Hər şey 2010-cu ildə başladı. Həmin ildə Misir əsilli iş adamı Assem Allam "Hall Siti"nin səhmlərinin böyük hissəsini satın aldı. Maddi baxımdan çətin günlər keçirən və böyük məbləğdə borcu olan klubu bu vəziyyətdən çıxarmaq lazım idi. Klubun funksionerləri maliyyə böhranını aradan qaldırmaq üçün yollar axtarmağa başladığı bir vaxtda Allam gözlənilməz təkliflə diqqətləri özünə cəlb etdi.

Klubun adının "Hall Tiqers" olaraq (Hallın pələngləri) dəyişdirilməsini istəyən Assem özünü xilaskar kimi hiss etməyə başlasa da, heç nə onun istədiyi kimi olmadı. O, klubu Orta Şərq və Asiyada brendə çevirmək istəyirdi. Beləcə, klub böyük pullar qazanacaq və reklam bazarına daxil olacaqdı.

Assem Allamın bu qərarı "Hall Siti" azarkeşləri arasında gərginlik yaratdı. 1990-cı ildən bəri çətin günlər yaşayan "Hall"ı tək buraxmayan, ən çətin günlərdə komandalarına hər baxımdan dəstək olan fanatlar üçün bu, ağır qərar idi. Onlar belə addımı qəbul edə bilmirdilər. Minlərlə "Hall Siti" azarkeşi birləşərək etiraz etmək qərarına gəldilər. Onlar hətta icazəsiz piket keçirməkdən belə çəkinmədilər.

Dəmiri isti-isti döyməyə çalışan ingilis azarkeşlər "Ölənə qədər Siti" adlı kampaniyaya start verdilər. Sosial şəbəkələr və internet xidmətlərindən yararlanaraq imza toplanmağa başlandı. Oyunlarda açılan pankartları kameralara göstərmək üçün oyunboyu stadionda gəzdirməkdən yorulmayan çılğın azarkeşlərin əsas niyyəti bu hadisəni dünyayla paylaşmaq idi. Etiraz kampaniyaları Assem Allamı o qədər hiddətləndirmişdi ki, "Ölənə qədər Siti" şüarını lağa qoymaqdan çəkinməmişdi: "İstədikləri zaman ölə bilərlər. Yaxşı futbol izləmək istəmirlərsə, komandaya azarkeşlik etməsinlər".

Bu, azarkeşlərlə klub arasındakı münasibətlərin daha da qızışmasına səbəb oldu. Azarkeşlər "biz "Hall Siti"liyik, nə vaxt istəsək, o vaxt da öləcəyik" deyə, misirli oliqarxa cavab verirdilər.

Onların bu davranışları lazımi qurumlar tərəfindən diqqətlə izlənilir və nəzərə alınırdı. "Hall Siti"'nin adının "Hall Tiqers" olaraq dəyişdirilməsi üçün klub rəsmiləri İngiltərə Futbol Federasiyasına rəsmi müraciət ünvanlayır.

Federasiyanın cavabını çox gözləməyə ehtiyac qalmır. Azarkeşlər hər şeyin bitdiyini, bu mübarizədə məğlub olduqlarını düşünsələr də, qurumun cavabı onları sevindirir. Belə ki, İFF Assem Allama klubun hissədarları və azarkeşləriylə məsləhətləşmələr aparmağı tövsiyə edir. Beləcə, İngiltərənin futbol rəsmiləri tarixi kökləri olan kluba sahib çıxır.

Azarkeşlərin misirli biznesmenə qalib gəldiyi artıq dəqiqləşsə də, Allam vəziyyətlə barışmaq niyətində deyil. O, İFF-nin qərarına etiraz olaraq CAS-a şikayət ünvanlayıb. CAS bu məsələyə baxmaqdan ustalıqla yayındı. Federal məhkəmə oliqarxa klubun tam sahibi olmadığından, müraciətinə baxılmayacağını bildirdi.

Yalnız ötən ilin əvvəlində məğlub olduğunu anlayan Assem Allam klubda payına düşən səhmləri 70 milyon avroya satışa çıxardı. O, bu zaman kəsiyində müştəri tapa bilmədiyindən, klubun hissələrini arzulayan şəxsə könüllü olaraq verəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm