“Həmişə ehtiraslı olmuşam” – FOTOLAR
Bizi izləyin

İdman

“Həmişə ehtiraslı olmuşam” – FOTOLAR

“Həmişə ehtiraslı olmuşam” – FOTOLAR

Yayın ən müəmmalı baş məşqçi istefasının səbəbkarı olan Antonio Konte klubdan milliyə keçərək iş profilini dəyişdi.

Amma onun “Yuventus”da gördüyü işlərdən uzun illər danışılacaq. Sadəcə, statistikanın diliylə desək, hər şey aydın olur. Beləliklə, Kontenin “Yuventus”u: 114 oyun, 83 qələbə, 24 heç-heçə, 7 məğlubiyyət, top fərqi - 219:67. Onun rəhbərliyi altında “qoca sinyora” orta hesabla hər oyuna 1,9 qol vururdu. Avropa liqaları arasında 102 xallıq rekord göstərici və A seriyasında ən yaxşı nəticə olan ardıcıl 17 oyunluq qələbə seriyası - bütün bunlar Kontenin əməyinin bəhrəsidi.

İndi daha çox asudə vaxtı olan italyan geniş-geniş müsahibələr verməklə azarkeşləri və jurnalistləri sevindirir. “Skuadra adzurra” onun rəhbərliyi altında keçirdiyi iki oyundan da qələbəylə ayrılıb. İtaliyada hamı millinin yeni dönəmə qədəm qoyduğunu düşünür. “RaiSportUno” kanalının qonağı olan Konte demək olar, hər şeydən danışıb. Publika.az müsahibəni ixtisarla təqdim edir.

- Məşqçi fəlsəfənizi Lippi və ya Trapattoniyə yaxın saymaq olar?

- Mənə Lippi, Trapattoni, Ançelotti, Faşetti, Matsone kimi mütəxəssislərlə işləmək xoşbəxtliyi nəsib olub. Əlbəttə, dahilərin əlinin altında oynayanda istər-istəməz bəzi sirləri mənimsəyirsən. Məsələn, Trapattoninin ata kimi qayğıkeş münasibəti, Lippinin üç gündən bir qələbə qazansan belə, tükənməz motivasiya metodları yaddaşa yazılır.

- “Yuventus”dan ayrılmaq fikri nə vaxt cücərməyə başladı?

- Bu məsələyə birdəfəlik aydınlıq gətirim. Mənim klub rəhbərliyiylə heç bir problemim olmayıb. Sadəcə olaraq, ardıcıl üç il intensiv çalışmalardan sonra hiss elədim ki, lazım olan zirvəyə çatmışıq. Belə məqamlarda nə qədər isti münasibət olur-olsun, ən doğru addım yolları ayırmaqdı. Bəlkə də azarkeşlər üçün anlamaq çətindi. Amma bu hər iki tərəf üçün doğru seçim idi. İndi “Yuventus”un bəzi futbolçuları da etiraf edirlər ki, dəyişiklik komandanın xeyrinə işləyib. Ümid edirəm ki, bu fakt istefamdan sonra ünvanıma yönələn tənqidlərin əsassız olduğunu təsdiqləyəcək.

- Demək istəyirsiz ki, Alleqrinin “Yuventus”u sizinkindən güclüdü?

- Biz çətin günlərdən sonra yeni komanda yaratmaq üçün çox əziyyət çəkmişdik. Bu gün gördüyünüz komandanın təməli çox möhkəmdi. Son üç mövsümdə “Yuve” daim inkişaf etdi. A seriyasında 102 xal mənim komandamın zirvəsi idi. Avropadakı nəticələri - Avroliqada yarımfinal, Çempionlar Liqasının 1/4 finalında nəhəng “Bavariya”ya məğlubiyyəti də qiymətləndirmək lazımdı. Bir sözlə, hazırki heyət daha geniş və rəqabətədavamlıdı.

- Sizcə, cari mövsümdə A seriyasının favoriti kimdi?

- “Yuventus”da oyunçulardan tutmuş rəhbərliyə kimi hamıda qalib ruhu var. “Roma” da eyni yolla gedir. Məncə, skudetto uğrunda əsas rəqib “canavarlar” olacaq.

- “Napoli”nin mövsümə uğursuz startına şərh verə bilərsiz?

- “Napoli” Çempionlar Liqasının təsnifat mərhələsindəki səhvlərinin əvəzini ödəyir. Bu, həm azarkeşlər, həm də futbolçular üçün böyük uğursuzluq idi. Mövsümboyu qarşıya qoyulan hədəf uğrunda mübarizə aparasan, sonra da iki oyunun nəticəsinə görə hər şeyi itirəsən, bunu qəbul etmək çox ağırdı. Amma bu, klubu daha da gücləndirməlidi. Böyük uğurlar qazanmaq üçün “Napoli”də hər şey var: yaxşı futbolçular, təcrübəli baş məşqçi və fantastik dəstək.

- İtaliya klublarından Avropada uğur gözləməyə dəyər?

- “Yuventus”un təcrübəsi var. Bu, vacib amildi. “Roma” düşdüyü çətin qrupda autsayder kimi görünür. Amma onlarda istək var. Avroliqada bu mənada vəziyyət daha yaxşıdı.

- İtaliya millisinin “sükanı arxasına” keçməyə sizi nə vadar etdi?

- Bu haqda heç fikirləşmirdim. Federasiya prezidenti Tavekkio təkid etdi. Ailəmin də təsiri oldu. Təsəvvür edin, 8 illik klub fəaliyyətinin ardından iş prosesini dəyişirsən. Hər gün futbolçuları oyuna hazırlamaq üzərində çalışırdın. İndi isə bütün ideyalarını, məqsədini, ehtirasını ayın 10 günü ərzində futbolçulara aşılamalısan. Mənim üçün əhəmiyyətli sınaqdı.

- “Skuadra adzurra”da ilk cənublu məşqçisiz...

- Gərək heç vaxt özünəinamı itirməyəsən. İnadkarlıq əqidəyə hopmalıdı, heç vaxt təslim olmamalısan. 21 yaşım olarkən “Yuventus”dakı ilk mövsümümü yaddaşıma yazmışam. Çox çətinliklərlə üzləşmişdim. Artıq evə dönmək haqda düşünürdüm. Amma yumruğumu bükərək, var gücümü topladım və məğlub olmadım. Sonra uğur bir-birinin ardınca gəldi və bir də ayıldım ki, kapitan sarğısı qolumdadı (indi Konte skudettonun 8 qat qalibi kimi müsahibə verir).

- Bu təyinat sizi dəyişib?

- Bu işə böyük istəklə yanaşıram. Futbola qarşı həmişə ehtiraslı olmuşam. Yeni iş rejimində özümü sınamaq maraqlıdı. Axı mən indiyədək yalnız klublarda, bir ritmdə işləməyə alışmışam. Özümü tanımadığım şəraitdə sınamaq istəyirəm.

- Gəlin açıq danışaq: AÇ-2016-ya vəsiqə qazanmaq çətin olmamalıdı...

- Qrupda Xorvatiya və Bolqarıstan, həmçinin Norveç kimi hörmətəlayiq komandalar var. Azərbaycan və Malta millilərini də qiymətləndirmək lazımdı. Müasir futbolda asan rəqib anlayışı qalmayıb. Çempionlar Liqasına baxın: “Barselona” APOEL-ə yalnız bir qol vura bildi. “Liverpul” debütant “Ludoqorets”i son dəqiqədə, penalti sayəsində məğlub etdi. Bütün komandalar inkişaf edir.

- Avropa çempionatı üçün qarşınıza minimal hədəflər qoymusuz?

- İndi bütün diqqətimi qarşıdakı Azərbaycan və Maltayla oyunlara yönəltmişəm. Əsas məqsədimiz final mərhələsinə çıxmaqdı. Qarşımıza çıxan problemləri də yerində həll edəcəyik.

- Məşqçi Kontenin yetirmələrindən əsas tələbi nədi?

- Peşəkar olmaq. Üstünlüyüm odu ki, özüm də yaxın keçmişdə futbol oynamışam. “Yuventus”da kapitan olmağım mənə əlavə üstünlük verir. Futbolçuların nə düşündüyünü gözlərinə baxan kimi hiss edirəm. İstərdim ki, onlar işlərinə həm meydanda, həm də məşqlərdə peşəkarcasına yanaşsınlar. Futbolu ağılla oynamaq vacibdi. Meydanda öz bildiyi kimi hərəkət edən futbolçu mənə lazım deyil.

- Başqa?

- Futbolçunun meydandan kənarda davranışına, hətta qidalanmasına da fikir verirəm. Mənimlə birlikdə həmişə dietanı müəyyənləşdirən xüsusi insan işləyir. Məşqlərdə əlavə yüklənmə tətbiq edirəmsə, futbolçuların buna gücünün çatacağını bilməliyəm. Başa düşürəm, hamı əylənmək istəyir. Özüm də belə olmuşam. Amma oyun ərəfəsində futbolçu mütləq evində dincəlməlidi, divanda uzanıb, həyat yoldaşı və ya sevgilisiylə kinoya baxmalıdı və tez yatmalıdı.

- Cəmi bir aydı millidəsiz. Çempionlar Liqasının himnini eşidəndə klub fəaliyyətindən imtina etməklə çox şey itirdiyinizi düşünmürsüz ki?

- Bu himni iki il ardıcıl, futbolçu ikən daha çox eşitmişəm. Etiraf edim ki, milli himn mənə daha dərin emosiya bəxş edir.

- Elə bir futbolçu olub ki, “Yuventus”da görmək istəmisiz, nəhayət, millidə qarşınıza çıxıb?

- Əlbəttə, elə futbolçular var ki, onu almaq mümkün deyil. Məsələn, De Rossi. İndi özümü külli-ixtiyar sahibi kimi hiss edirəm. Əvvəllər əlimin altında olmayan istədiyim futbolçunu seçmək imkanım var. Əsas üstünlüyü xarizmatik və təcrübəli futbolçulara verirəm. Ancaq 23-24 yaşlı gənclərə də etimadım böyükdü.

- Komandanızda Balotelliyə də yer olacaq?

- Rəhbərlik etdiyim bütün komandalarda yetirmələrimi birinci şəxsiyyət kimi qiymətləndirirəm, sonra futbolçu kimi. Hətta “Yuventus”da da heyətdə dahi çempionlar olarkən ilk növbədə insanlıq keyfiyyətlərini düşünürdük. Ən yaxşıların adı lazımi məqamlarda siyahıda olacaq.

- Əcnəbi məşqçilərdən kimi bəyənirsiz?

- Qvardiola futbola vacib elementlər gətirdi. Mourinyonun timsalında qalibləri bəyənirəm. Heç bir uğur təsadüfi olmur. Bu, məqsədyönlü işin nəticəsidi. O qalibdi, vəssalam! Van Qalın vurğunuyam. O, yeganə əcnəbi mütəxəssisdi ki, “Alkmaar”da işləyərkən yanına öyrənməyə getmişdim. Onun komandalarının oyunlarını izləməkdən həzz alıram. Hərdən nələrisə “oğurlayıram”. Hər bir məşqçi karyerasının sonuna kimi üzərində işləməli, həmkarlarının sirrini tapmağa çalışmalıdı. Mən futbola azarkeşlər kimi pitsa və pivəylə baxmıram. Oyunu yeni elementlər görmək istəyən məşqçi gözüylə müşahidə edirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm