Möcüzənin resepti: Biznes və idmanın hind modeli
Bizi izləyin

İdman

Möcüzənin resepti: Biznes və idmanın hind modeli

Möcüzənin resepti: Biznes və idmanın hind modeli

Dünya ulduzlarının iştirakı ilə futbol üzrə çempionat, milyardlarla dolların dövriyyədə olduğu kriket liqası... Şimali Amerika modelindən ilham alan Hindistan gəlirli idman bazarının inkişafı ilə fəal məşğul olur.

Əhalinin sayına görə dünyada ikinci ölkə olan Hindistan inkişaf edən ölkələr qrupunda əsas fiqurlardan biridir. Bununla belə, ölkə bir çox sahələrdə gerilikdən xilas olmağa müvəffəq olmur. Məsələn, Hindistanın dünya idmanında gözəçarpan uğurları yoxdur. Yay Olimpiya Oyunlarının bütün tarixi ərzində Hindistanın hesabında yalnız bir qızıl medal var.

Ancaq bir neçə il əvvəl hər şey sürətlə dəyişməyə başladı.İlk növbədə kriket oyunu haqqında bir qədər danışmaq lazımdır. Bu oyunu ilk dəfə XVIII əsrdə ingilis kolonistləri gətiriblər. Və bu gün mətbuatda və yerli əhalinin həyatında mərkəzi yer tutur. 1983-cü ildə dünya çempionatında qələbədən sonra kriket oyunu daha sürətlə inkişaf etməyə bağlayıb və hazırda Hindistanda yaxşı biznes sahəsinə çevrilib. Tamaşaçıların marağını artırmaq, qarşıya qoyulan bir sıra iqtisadi və ticari məsələləri həll etmək üçün 2008-ci ildə milli çempionat tamamilə yenidən quruldu.

Pul, ulduzlar, əl yandıran yayım haqları

Yeni çempionat Hindistan Kriket Nəzarət Şurasının vitse-prezidenti Lalita Modinin təşəbbüsü ilə yaradıldı və insanlar üçün bir əyləncəyə çevrildi. Görüşün maksimal vaxtı üç saata qədər məhdudlaşdırıldı. Halbuki, əvvəlki formatda matç dörd gün davam edə bilirdi. Yeni format telekanalların diqqətini tezliklə özünə cəlb etməyi bacardı.

“Mən əmin idim ki, Hindistanda Amerika NBA-nın oxşarı olan idman liqasını yaratmaq lazımdır. Mən idmanı bizneslə birləşdirməyin üsulunu tapmaq istəyirdim. Əminəm ki, biz kriketi bir əyləncəyə çevirə bildik. Bu idman pərəstişkarlar və sponsorların yaxından iştirakı ilə tezliklə inkişaf edəcək”, - deyə Lalita Modi bildirir.

İlk olaraq səkkiz şəhər klublarını yaratmaq hüququ aldı, amma sonradan liqada yerlər hərraca qoyulmağa başladı. 2008-ci ildə liqanın birinci səkkiz klubu yerli şirkətlər, həmçinin hind kinosunun ulduzları tərəfindən alınmışdı. “Reliance Industries” neft korporasiyası “Mumbay İndians” Bombey komandasını 111,9 milyon dollar almaqla o vaxtın rekorduna nail olmuşdu. Ümumilikdə səkkiz komanda onları alanlara toplam olaraq 723,59 milyon dollarda başa gəlib. Bu, hind idman tarixində bir idman federasiyası üçün görünməmiş nəticə idi.

O vaxtdan altı il keçib və bu gün premyer-liqa hind idmanının ən böyük nailiyyəti hesab edilir. Yarışlar ildə yeddi həftə davam edir və bununla əlaqədar olaraq Amerika NBA-dan sonra həftəlik maaşın məbləği dünyada ikinci yeri tutur. 2013-cü ildə "Çennai Super Kinqs” klubunun əsas ulduzu Maxendra Dxoninin illik maaşı 3,5 milyon dollar idi.

Qeyd etmək lazımdır ki, bu, ən yüksək maaşlı idmançıların siyahısında 16-cı nəticə idi. Onun nəhəng “Pepsi” və “Sony” şirkətləri ilə bağladığı müqavilələrin dəyəri isə təxminən 28 milyon dollar idi.

Bundan başqa, həmin şirkətlər premyer-liqa ilə nəhəng sponsor razılaşmaları imzalayıb. Keçən il “Pepsi” beş il müddətində premyer-liqanın əsas partnyoru olmaq hüququ üçün 74 milyon dollar ödəyib. Yayım hüquqlarının dəyəri isə əl yandırır. “Sony Entertainment Television” kanalı 2009-2017-ci illər üçün eksklüziv yayım hüququ üçün 1,6 milyard dollar ödəyib.

Futbola artan maraq

Kriket üzrə premyer-liqanın maliyyə müvəffəqiyyətləri və pərəstişkarların artan sayı ən müxtəlif investorları cəlb etməyə bilməzdi. Potensial gəlir yeni texniki vasitələrin tətbiqini şərtləndirir və buna görə də kriket texnoloji şirkətlər üçün cazibədar idman növünə çevrilmişdi.

Bundan başqa, kriketin xarici dünyaya bu şəkildə açıq olması hindlilərə başqa idman növləri ilə tanış olmağa imkan verdi. İlk növbədə futbolla. Ölkədəki orta və yuxarı təbəqənin nümayəndələrinin televizorlar, planşetlər və smartfonlarla Avropa çempionatlarının oyunlarını izləmək imkanı var. “TAM Media Research” sorğu şirkətinin məlumatına görə, 2005-2009-cu illər ərzində futbol matçlarını televiziyadan izləyənlərin sayı 60 faiz artıb. Bu məlumatı 2010-cu ildə keçirilən bir tədqiqat da təsdiqlədi. Məlum oldu ki, hindlilərin 47 faizi özünü futbol həvəskarı hesab edir.

“Times of India” nəşrinin yazdığına görə, Braziliyada keçirilən futbol üzrə dünya çempionatının hər oyununa orta hesabla 50 milyon hindli baxıb. Bu matçların Hindistan vaxtı ilə gecə saatlarında keçirildiyini diqqətə çatdıran nəşr, sözügedən rəqəmin olduqca ciddi rəqəm olduğunu bildirir.

“Futbol burada çox məşhurdur. Hindistanda ən çox "Mançester Yunayted”i sevirlər”, - deyə Bombeyə təhsil almağa gələn fransız tələbəsi Antuan danışır.

Hindistanda 2012-ci ilin oktyabr ayından yeni futbol birinciliyi başlayır. Çempionata Aleksandro Del Pyero, David Trezege, Rober Pires, Nikola Anelka, Fredrik Lyunberq kimi ulduzları cəlb edə bilən təşkilatçılar daha çox xarici ulduzun gətiriləcəyi barədə azarkeşlərə söz verməyə başladılar. Bu yerli şirkətləri, hind kinosunun aktyorları, hətta kriket ulduzlarının marağını artırmaq üçün kifayət etdi.

Bəs digər idman növləri?

Hər halda hindlilərin idmana marağı yalnız futbol və kriketlə məhdudlaşmır. Bu ilin əvvəlində keçmiş peşəkar tennisçi, “Böyük dəbilqə” və digər beynəlxalq yarışlarının qalibi Maxeş Bxupati tennis üzrə premyer-liqanın yaradıldığını elan etdi. O, tennis kortunda dekabrın əvvəlində Asiyanın dörd böyük şəhərini - Sinqapur, Bombey, Dubay və Manilanı dolaşacaq.

Maxeş Bxupati Rafael Nadal, Novak Cokoviç və Mariya Şarapov kimi dünyanın tennis ulduzlarını Hindistana gətirəcəyinə söz verib. Bu halda isə müvəffəqiyyətlərdən şübhələnmək demək olar ki, mümkün deyil.

Hindistanda bütün bu yeni təşəbbüslər onunla bağlıdır ki, idman ətrafında bazarı inkişaf etdirmək cəhdi çox ciddi miqyas alıb. Hindistanın beynəlxalq idman xəritəsində yer əldə etmək şansı yaranıb. Buna ölkənin getdikcə yaxşılaşan iqtisadi vəziyyəti də imkan yaradır.

Kriket, futbol və tennisdən başqa ölkə üçün tarixi idman növləri olan badminton və xokkey də inkişafdadır. Özünü beynəlxalq arenada göstərmək cəhdi yüngül atletikada da hiss olunmağa başlayıb. “Tata Consultancy Services” yerli kompüter korporasiyası Nyu-York marafonu ilə əməkdaşlıq razılaşmasını imzalayıb.

2014-cü ilin 1 aprel tarixindən hind şirkətləri sosial fəaliyyət üçün gəlirin ən azı 2 faizini xərcləməyə məcbur edilib. Bu xərclər həm də idman sahəsinə aiddir. Biznesmenlərə səxsi liqalarını formalaşdırmaqla idman klublarının sahibləri olmağa və pul qazanmağa icazə verilir. Biznesmenlərə yaradılan belə bir imkan isə onları idman strukturu və idmançılara pul ayırmağa həvəsləndirir.

Artıq Hindistanda bir neçə böyük və gözəl stadion inşa edilib. Məsələn, Kəlkütdəki “Solt-Leyk Stedium”un 120 minlik tamaşaçı tutumu var. Dövlətin idmanın inkişafına böyük qayğı göstərməsi və biznesmenlərin qazanmaq istəyi nəticə olaraq Hindistanın dünya idmanı xəritəsində yer tutacağını labüd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm