"Bakı 2015" ilk Avropa Oyunlarının Soçidə təqdimatı olub
Bizi izləyin

İdman

"Bakı 2015" ilk Avropa Oyunlarının Soçidə təqdimatı olub

“Bakı Avropa oyunları–2015”in Əməliyyat Komitəsi XVIII “Vsya Rossiya–2014” festivalı çərçivəsində Birinci Avropa Oyunları haqqında təqdimat mərasimi keçirib.

Trend xəbər verir ki, Rusiya Jurnalistlər İttifaqı tərəfindən təşkil edilmiş festival Soçi şəhərində keçirilir.

Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov görüşü açaraq, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının uğurlu olacağına əminliyini ifadə edib.

Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanov Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşərək, “Bakı-2015” oyunlarının Təşkilat Komitəsinə müvəffəqiyyətlər arzulayıb.

Rusiyanın tanınmış jurnalisti, “İtoqi” jurnalının siyasi icmalçısı Kirill Privalov deyib: “Yaxın vaxtlarda Bakıda oldum, bu şəhərin gözəlliyi məni heyran etdi. Əminəm ki, “Bakı-2015” oyunları müsbət mənada yaddaqalan olacaq”.

Festivalın qonaqları – Bolqarıstan Jurnalistlər İttifaqının birinci katibi Snejana Todorova, diplomat Aleksandr Losyukov, “Telefilm” kino şirkətinin baş direktoru Yuri Masyuk və başqaları Bakıdan və bakılılardan danışıblar. Onlar vurğulayıblar ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri dostluq və qarşılıqlı etimad şəraitində yaşayırlar.

“Bakı Avropa oyunları – 2015”in Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov qeyd edib ki, artıq Fransa, Yunanıstan və başqa ölkələrdə “Bakı–2015”in təqdimat mərasimləri keçirilib.

Festivalın iştirakçılarına bu sahədə indiyə qədər görülmüş işlər, tikilməkdə olan idman obyektləri, Avropa oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən iclaslar, həmçinin Azərbaycanın idman uğurları haqqında ətraflı məlumat verilib.

E.Səfərov deyib: "Birinci Avropa oyunları 2015-ci il iyunun 12-dən 28-dək baş tutacaq. Bakıda 2015-ci ildə toplam olaraq 20 idman yarışı keçiriləcək. Avropanın bütün guşələrindən Bakıya 6.000-dən çox idmançı gələcək”.

"İdman" qəzetinin baş redaktoru Qabil Mehdiyev, Trend informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “Novosti-Azerbaydjan” agentliyinin baş direktoru Gülnarə Məmmədzadə, “Bakinski raboçi” qəzetinin nümayəndəsi İlqar İsmayılov, Oyunların Əməliyyat Komitəsinin təmsilçisi Pirim Pirimov, Ümumrusiya Azərbaycanlılar Konqresinin Krasnodar vilayəti üzrə regional bölməsinin sədri Cəmil Əliyev və başqaları öz çıxışlarında qeyd ediblər ki, Avropa Oyunları idman tarixində yeni səhifə açacaq. Onlar əmin olduqlarını bildiriblər ki, birinci Avropa yarışları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək.

Tədbirdə Bakı haqqında videofilm göstərilib. Görüşün bütün iştirakçılarına “Bakı–2015”in Təşkilat Komitəsi adından xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, jurnalistlərin “Vsya Rossiya” festivalı nüfuzlu KİV-ləri təmsil edən qələm əhlinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin toplaşdığı peşəkar diskussiya məkanıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm