Azad Rəhimov hesabat verdi
Bizi izləyin

İdman

Azad Rəhimov hesabat verdi

"Hazırda ölkəmizdə gənclər əhalinin təxminən 30 faizini təşkil edir. Onların inkişafı, xüsusilə regionlarda yaşayan gənclərin məlumatlandırılması və sosial xidmətlərin göstərilməsi məqsədilə Sizin tapşırığınız əsasında ölkədə “Gənclər evləri” şəbəkəsi yaradılır".

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin oktyabrın 8-də keçirilən toplantısında gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, 2014-cü ildə nazirliyin sifarişi ilə 4 gənclər mərkəzi yaradılıb. Naxçıvan, Xəzər, Suraxanı və Sabunçu gənclər evi də daxil olmaqla, qısa müddət ərzində ölkədə artıq 31, ilin sonunadək daha ən azı 3, 2015-ci ilin sonunadək isə təkcə “Dövlət Proqramı” çərçivəsində 7 belə müəssisə inşa ediləcək.

İntellektual və yaradıcı gənclərin inkişafı üçün stimulların yaradılması vacib prioritetlərdəndir. Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq yüksək nailiyyətlər əldə etmiş 6 nəfər gənc hər biri 10 min manat olmaqla “Gənclər üçün Prezident Mükafatı” ilə təltif edilib.

Son on il ərzində ölkədə gənclərin qeyri-hökumət təşkilatlarının sayı 6 dəfəyədək artaraq 51-dən 300-ə çatıb. Onlara dövlət tərəfindən göstərilən dəstəyin həcmi bu müddətdə dəfələrlə artıb. Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2014-cü ildə təkcə nazirlik tərəfindən keçirilən müsabiqədə ümumi məbləği 2 milyon manatdan artıq olan və 115 min avro olan 110 layihə dəstəklənib. Qeyri-hökumət təşkilatları ilə iş sahəsində yeni elektron xidmətlər yaradılıb, xüsusi saytda tam məlumat bazası yerləşdirilib.

Nazir əlavə edib ki, hesabat dövründə Azərbaycanda 120 respublika, 32 beynəlxalq səviyyəli yarış keçirilib, 130 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub, dünya, Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında 108 qızıl, 162 gümüş, 283 bürünc olmaqla ümumilikdə 553 medal qazanılıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 72 medal çoxdur.

O cümlədədn 2014-cü il iyulun 14-28 tarixlərində Çin Xalq Respublikasının Nanjinq şəhərində keçirilmiş Yeniyetmələrin II Olimpiya Oyunlarında idmançılarımız 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 ölkə arasında 10-cu yeri tutaraq tarixi qələbəyə imza atıblar. Bu nəticə ilə komandamız Avropa ölkələri arasında 6-cı, MDB ölkələri arasında 3-cü, İslam ölkələri arasında isə 1-ci yerdə olub.

"2014-cü il ölkəmizdə idman hadisələri ilə zəngin olmuşdur. Belə ki, Bakı şəhərində Azərbaycanın beynəlxalq aləmdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edən və 100-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) 77-ci konqresi, 38 ölkədən 700-ə yaxın idmançının iştirakı ilə atletika üzrə Avropa Təsnifat Turniri, 33 ölkənin 500-dən çox gimnast və rəsmi nümayəndə heyətinin iştirakı ilə bədii gimnastika üzrə 30-cu Avropa çempionatı və digər beynəlxalq tədbirlər keçirilib", - nazir vurğulayıb.

Azad Rəhimov Avropa Oyunlarına hazırlıq işlərinin davam etdirildiyini deyib: "Avropa Olimpiya Komitəsi tərəfindən Avropa Oyunlarına hazırlıq işlərinə nəzarət məqsədi ilə təsis edilmiş Koordinasiya Komissiyasının Bakı şəhərində 2 iclası keçirilib. Təqdim olunan hesabatlarda yüksək səviyyədə hazırlıq qeyd edilib. Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Avropanın bir sıra böyük şəhərlərində və paytaxtlarında Avropa Oyunlarının təqdimatları uğurla keçirilib.

Hazırda “Bakı-2015” Avropa Oyunları üzrə Əməliyyat Komitəsində 940 nəfər çalışır ki, onların 63 faizini yerli mütəxəssislər və gənclərimiz təşkil edir. Əməliyyat Komitəsi tərəfindən təsis edilmiş Məzunlar Akademiyasını bitirmiş 200 gənc Əməliyyat Komitəsində işlə təmin ediliblər. Ümumilikdə Komitədə dünyanın 39 ölkəsindən mütəxəssislər çalışırlar.

Aparılan danışıqlar nəticəsində Avropanın 19, o cümlədən Fransa, İtaliya, Almaniya, Türkiyə və Avstriya, Avropadan kənarda isə 47 ölkədə Oyunların yayımlanmasına dair razılıq əldə edilib. Bu iş davam etdirilir, ölkələrin sayı daha da artacaq".

Nazir bildirib ki, Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək. Onlardan 16-sı olimpiya idman növüdür. "Əlamətdar haldır ki, 11 idman növü üzrə yarışlarda qalib gələn idmançılara Rio-de-Janeyro şəhərində keçiriləcək növbəti Olimpiya oyunlarında iştirak lisenziyaları veriləcəkdir. İdmançıların ümumi sayı 6000-dən çox olacaqdır ki, bu rəqəm son qış olimpiya oyunları iştirakçılarının sayından 2 dəfədən çoxdur. Oyunların başlanmasına 247 gün qalmasına baxmayaraq, Təşkilat Komitəsi tərəfindən bir çox işlər görülüb və yekun mərhələyə qədəm qoyulub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm