Millimizi çətin sınaq gözləyir - Onları bir dəfə İlham Əliyev izləyib – VİDEO
Bizi izləyin

İdman

Millimizi çətin sınaq gözləyir - Onları bir dəfə İlham Əliyev izləyib – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan millisi bu gün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığmasının qonağı olacaq. Berti Foqtsun komandası üçün ən çətin və arzuolunmaz rəqib elə apenninlilərdir.

İtalyanlar qrupun aşkar favoriti olaraq görülür.

Millimizin Palermo şəhərində baş tutacaq oyunda möcüzə etməsinə də inanmaq çətin məsələdir.

Bildirək ki, İtaliya mətbuatı hər iki komandanın start heyətlərini açıqlayıb.

Həmkarlarımızın fikrincə, Berti Foqts qapını həmişəki kimi Kamran Ağayevə tapşıracaq. Müdafiənin sağında Maksim Medvedev, solunda Ufuk Budaq oynayacaq. Mərkəzdə Elvin Yunuszadə və Bədavi Hüseynov yer alacaq.

Alman çalışdırıcı yarımmüdafiə xəttində dəyişiklik edəcək. Baş məşqçi Ruslan Abışovun yoxluğunda Rahid Əmirquliyevə şans verəcək. Mərkəzdə onunla yanaşı Qara Qarayev də yer alacaq. Yarımmüdafiənin sağ cinahında Araz Abdullayev, solunda Dmitri Nazarov oynayacaq. Foqts hücum xəttində Rauf Əliyevlə Rüfət Dadaşova şans verib.

İtaliya yığmasının baş məşqçisi Antonio Kontenin start heyəti isə belə olacaq: Canluici Buffon, Andrea Rannokya, Kristian Bonuççi, Corcio Kyellini, Alessandro Florentsi, Matteo Darmian, Andrea Pirlo, Klaudio Markiziyo, Manuel Paskual, Simone Zaza, Çiro İmmobile.

Millimizin keçmiş baş məşqçisi Şahin Diniyev Publika.az-a açıqlamasında bu gün baş tutacaq qarşılaşmanı belə şərh edib:

“Milli komandamızı İtaliya və Xorvatiya ilə çətin görüşlər gözləyir. Qrupun aşkar favoriti olan komandalarla görüşlərdə millinin xal qazanması real görünmür.

Hər iki komandanın futbolçuları bizimkilərdən üstündür. Ancaq komandamız əzmkar oyun göstərə bilsə bu görüşlərdən 1 xalla ayrılacaq. Düşünürəm ki, iki oyuna qazanılacaq 1 xal bizim üçün yaxşı nəticədir”.

Millimizin baş məşqçisi olmuş Vaqif Sadıqov da İtaliya- Azərbaycan oyunu ilə bağlı belə fikir bildirib:

“İtaliya qrupun favoritidir. Rəqib komandanın baş məşqçisi dəyişib, heyətə yeni futbolçular cəlb olunub.

İtaliya yığmasından çəkinmək lazım deyil. Hər yerdə demişəm. yenə təkrarlayıram, görüşdən əvvəl məğlub olacağımızı qəbul etməkdənsə yaxşı olar meydana çıxmayaq. Psixoloji cəhətdən hazır olmalıyıq.

Müdafiə futboluna üstünlük verməməliyik. Əgər rəqib bizim müdafiə futboluna üstünlük verəcəyimizi düşünürsə, biz fərqli bir oyu göstərməliyik.

2002-ci ildə biz ulduzlardan ibarət İtaliya milli komandasına qarşı mübarizə aparmışıq. Məğlub olsaq da, azarkeşlər bizi alqışlarla yola salmışdı.

Düzdür millimizin heyətində zədəli oyunçular var. Amma biz bu gün komanda şəklində öz oyunumuzu nümayiş etdirməliyik. Bu zaman nəticə əldə edə bilərik”.

Məlumat üçün bildirək ki, İtaliya mətbuatı AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gecə keçiriləcək millimizlə oyuna bütün biletlərin satıldığını yazıb.

Palermodakı "Renzo Barbera" stadionunda keçiriləcək görüşdə tribunaların dolu olacağı gözlənilir. Sözügedən arena 36 min azarkeş tutumuna malikdir.

Xatırladaq ki, Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İtaliya ilə eyni qrupa düşməsi bu ölkənin yığması ilə keçirilən qarşılaşmaları yenidən gündəmə gətirdi. Xatırladaq ki, 2004-cü ildə Bakıda qarşılaşan Azərbaycanla İtaliyanın görüşündə qonaqlar 2:0 hesabı ilə qalib gəlmişdi. İlk qolu isə Tərlan Əhmədov öz qapımıza vurmuşdu. Həmin vaxt stadiondan oyunu canlı izləyən İlham Əliyev Əhmədovun avtoqoluna maraqlı reaksiya göstərmişdi. (http://publika.az/p/7850)

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm