• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Mən türk deyiləm” deyən “Bosfor Buğası”nın HƏYAT HEKAYƏTİ

  • İdman
  • 11 Oktyabr 2014 13:08
  • 2 678 Baxış
“Mən türk deyiləm” deyən “Bosfor Buğası”nın HƏYAT HEKAYƏTİ

O, Türkiyənin keçmiş futbolçusu, şərhçi və siyasətçidir. Futbolçu karyerası zamanı – 2007-2008-ci ildə “Qalatasaray”-“Manisaspor” oyununda 241-ci qolunu vuraraq, Türkiyə futbol tarixində ən çox qol vuran oyunçu adını qazanıb.

Publika.az “II taym” layihəsində Türkiyədə “Qol kralı” ləqəbi ilə tanınan, futbolu buraxdıqdan sonra deputat olan Hakan Şükür haqqında məlumat verəcək.

Şükürü dünya mətbuatı "Bosfor Buğası" ləqəbiylə tanıyır.

“Qalatasaray”ı İtaliya klubuna dəyişdi

Hakan Şükür 1971-ci il iyul ayının 1-də Sakaryanın inzibati mərkəzi olan Adabazarında dünyaya gəlib. Ailəsi bir zamanlar Kosovadan Türkiyəyə köçüb. Milliyyətcə albandır.

Şükür futbola doğulub, boya-başa çatdığı şəhərin (Sakariya) komandası olan "Sakaryaspor"la başlayıb. Burada keçirdiyi üç mövsüm və qazandığı Türkiyə Kuboku zəfərindən sonra 1990-cı ildə "Bursaspor" klubuna transfer olunub. 1992-ci ildə "Qalatasaray" ilə müqavilə imzalayıb. Müxtəlif yaş qruplarındakı milli komandalarla Türkiyəni təmsil edən Hakan Şükür, Türkiyə U-21 Milli Komandası ilə 1993-cü ildə “Aralıq dənizi Oyunları”nda qızıl medal qazanıb. "Qalatasaray"da iki mövsüm üst-üstə Super Liqa, bir “Baş nazir” kuboku ilə Türkiyə İdman Yazarları Dərnəyi Kuboku çempionluğu yaşadıqdan sonra 1995-ci ildə Seria A komandalarından olan "Torino" ilə razılaşıb. Beləliklə də, o, karyerasında növbəti dəyişikliyi edib.


O, Avropa çempionatlarında (1996 – 2000), 2002-ci il Dünya Çempionatında mübarizə aparıb. Hakan Şükür 2002-ci ildə Dünya Çempionatında bürünc medala sahib olub. Üçüncülük matçında 10,8 saniyədə aktivinə yazdırdığı qolla DÇ tarixinin ən erkən qolunu vuran futbolçu kimi tarixə düşüb. Bununla da, futbolçu Ginnesin Rekordlar Kitabına düşüb.

Qayıdışı möhtəşəm oldu

Daha sonra mətbuat H.Şükür haqqında “Qayıdışı möhtəşəm oldu” başlıqlı yazılar dərc etdi. Çünki 4 aylıq "Torino" karyerasından sonra həmin il "Qalatasaray"a qayıdıb. Komandanın 4 il üst-üstə Super Liqa, üç il arxa-arxaya Türkiyə İdman Yazarları Dərnəyi Kuboku, üç dəfə isə Türkiyə Çempionatı və 2000-ci ildə qazanılan UEFA Kuboku çempionluğunda payı olub. Hakan Şükür 1999-2000-ci ildə Avropa Kuboklarında vurduğu 10 qolla "Avropa Kubokları Qol Kralı" olaraq "Qalatasaray"ın UEFA Kubokunu qazanmasında əsas rol oynayıb.


İtaliya Kubokunun sahibi

2000-ci ildə yenidən İtaliyaya gedən Hakan Şükür "İnter” (Milan) (2000-2001), daha sonra icarə əsasında "Parma" (2001-2002) kimi klublarda oynayıb. Həmin mövsüm "Parma" ilə İtaliya Kubokunun sahibi olub.

Ən çox qol vuran futbolçu

Hakan Şükür 2007-ci ilə qədər çıxdığı 112 matçda 51 qol vuraraq Türkiyə millisi formasıyla ən çox qol vuran oyunçu ünvanının da sahibi olub.

O 2004-cü ildə son 50 ilin ən çox diqqət çəkən türk futbolçusu olaraq “UEFA Jübile” mükafatını alıb.

(“UEFA Jübile”- UEFA-nın quruluşunun 50-ci ilini qeyd etmək məqsədiylə verilən mükafatdır. Mükafat alan futbolçulara “Qızıl Oyunçu” da deyilir).


Çempion olub karyerasına son qoydu

2002-ci ilin yayında, keçmiş komanda yoldaşı Tuqay Kerimoğlunun da formasını geyindiyi Premyer Liqa klublarından "Blekbern Rovers"ə transfer olunur. Lakin mövsümün 9-cu matçının ardından ağır şəkildə zədə alması səbəbiylə "Blekbern" ilə sadəcə 9 matça çıxa bilib. Mövsüm sonunda klub tərəfindən sərbəst buraxılıb və bununla yanaşı, təkrar "Qalatasaray"a qayıdıb. Burada iki Super Liqa və bir Türkiyə Kuboku çempionluğu yaşayan H.Şükür 2008-ci ildə 37 yaşında futbolçu karyerasına son qoyduğunu açıqlayıb:

“Yaxşı təkliflər olsa da, futbolla birdəfəlik vidalaşdım. Bundan sonra mənim üçün top qovmaq çətindir. Üç övladım var, vaxtımı ailəmlə birgə keçirəcəyəm. Şəxsi biznesim var və bu işlə məşğul olmağı düşünürəm”.

Azərbaycan klubunun könlündən keçən futbolçu

Azərbaycanın “Xəzər-Lənkəran” klubuna sanki bu vida xəbəri bir az gözlənilməz oldu. Çünki həmin illərdə Azərbaycanın cənub klubu futbolçunu heyətə cəlb etmək üçün çalışırdı.

Biznesi başına bəla

Hakan futbolçu karyerasından əlavə, biznesi ilə də diqqət çəkib. O, futbolçu karyerasını başa vurduqdan sonra biznesini inkişaf etdirməklə məşğul olub. Bunun üçün doğulduğu şəhərdə sement zavodu tikdirib. Lakin bu orada yaşayan xalq tərəfindən hiddətlə qarşılanıb. Bununla da, Hakan Şükürün biznesinin başına bəla olduğu yazılıb.

Futbol meydanından siyasi arenaya transfer

Veteran futbolçu 2011-ci il aprelin 11-də Ədalət və İnkişaf Partiyasından (AKP), İstanbul 3-cü seçki dairəsindən deputatlığa 4-cü namizəd olub və həmin il iyunun 11-də keçirilən seçkilərdə millət vəkili seçilib. Türkiyə-Argentina parlamentlərarası Dostluq Qrupunun baş katibi, Türkiyə-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri və Türkiyə-Braziliya parlamentlərarası dostluq qrupunun üzvüdür.

Bir əlində iki qarpız tutur


Millət vəkillərinin əlavə işlə məşğul olması qanunla qadağandır. Lakin H.Şükür 2012-ci ildə "Lig TV"də aylıq 150 min lirə (təxminən 85 min dollar) qarşılığında futbol şərhçisi kimi fəaliyyət göstərib. İki işi bir yerdə görən H. Şükürün əleyhinə müxtəlif yazılar dərc olunmağa başlayıb. Hətta onun “Lig TV"də gördüyü işin etik qaydalara zidd olduğu yazılıb.

Türkiyə parlamentinin konstitusiya komissiyasının sədri Burhan Kuzu isə millət vəkillərinin başqa bir sahədə biznes fəaliyyəti ilə məşğul olub-olmaması məsələsinin qəliz mövzu olduğunu etiraf edib: “30 illik konstitusiya professorluğum dövründə ən çox çətinlik çəkdiyim, dəqiq cavab verə bilmədiyim məsələ bu olub. Ona görə də dərslərimdə millət vəkilliyi ilə uyğun olmayan işlər barədə danışsam da, imtahanlarda tələbələrimə belə bir sual verməmişəm. Yeni konstitusiya çərçivəsində, bəlkə, bu məsələ də müzakirə olunaraq dəqiqləşdirilməlidir”.


Lakin bu deyilənlərə dözməyən keçmiş futbolçu, millət vəkili kimi, “Lig TV”də futbol şərhçiliyinə başlayandan sonra özüylə bağlı mediada yer alan tənqidi yazılara cavab verib:

“Bu gün yazı yazmaqla pul qazanan millət vəkilləri var. Azad cəmiyyətdə belə mövzuların müzakirə olunmasını istəməzdim. Mənim vicdanım təmizdir. Mənim pul problemim yoxdur. Təklif maraqlı olduğu üçün qəbul etdim. Bu barədə baş katibliyə yazılı olaraq müraciət edib soruşdum. Onlar da bu işi görməyimin uyğun olduğunu dedilər. Qalanları boş-boş sözlərdir”.


Nurçu təriqətinin təbliğatçısı

Milli komandada forma geyindiyi vaxtlarda onun təriqətçi olduğu yazılıb. Onun bu səbəbdən milli komandadan uzaqlaşdırıldığı deyilir. Lakin Türkiyənin məşhur idman yazarı Həsən Sarıçiçək keçmiş futbolçunun xeyrinə çıxış edərək bunu bildirir: “Onun təriqətçi olmasına, bu səbəbdən milli komandadan qovulmasına inanmıram. Hakan Şükür haqqında bu cür xəbərlərin yayılmasına əsas səbəb onun əsla gecə həyatı ilə gündəmə gəlməməsi olub. Sağlam ailəyə malik futbolçu heç zaman jurnalistlərin diqqətini pis vərdişlərlə çəkməyib. Bu səbəbdən ona belə şər atıldığını düşünürəm”.

Lakin nurçu icmasının rəhbəri Fətullah Gülən Hakan Şükürün nikah şahidi olub. Bu da onun “fətullahçı” olduğunun dəlili kimi qəbul edilib. Lakin futbolçu hər zaman bu mövzuda öz susqunluğunu qoruyub, mətbuata heç bir açıqlama verməyib. Amma bu, Türkiyədə Fətullah Gülən və Ərdoğan arasında problemlər yaşanana qədər çəkib.

Fətullaha görə partiyadan istefa verdi

Bu baş verənlər onun siyasi fəaliyyətinə təsirsiz ötüşməyib. Hakan Şükür hakim AKP üzvlüyündən istefa verdi.

O, açıqlamasında müstəqil siyasi fəaliyyət göstərəcəyini bəyan edib. Millət vəkili AKP-dən istefa addımını Türkiyədə hazırlıq kurslarının bağlanması qərarına etiraz olaraq atdığını bildirib. Həmin Dərsanələr Fətullah Gülənə məxsus olub:

“Türkiyədə təhsilin həll edilməsi vacib olan onlarca problemi var. Amma sanki bütün problemlərin tək səbəbinin dərsanələr olduğunu göstərmək kimi bir yanaşma ədalətli deyil. Bu yanaşma partiyanın son 11 ildə apardığı siyasətlə uyğun gəlmir”.

Keçmiş baş nazir (indiki Türkiyə prezidenti) onun istefasından sonra belə açıqlama vermişdi:

“Onun istefasını gözləmirdim. Özünə yaraşdırmadım. Əgər dürüst biridirsə, millət vəkilliyindən də istefa verərdi”.

Hakan Şükürün cavabı gecikməmişdi:

"2 vertolyot qəzaya uğradı, insanlar çox kədərlidir, bu səbəblə çox danışmaq istəmirəm. Onsuz da danışmağa zaman var”.

Parlamentdən istefa vermək fikrinin olmadığını deyən Şükür qeyd edib ki, ora millətin məclisidir, bizi də xalq seçib.

Maraqlı faktkar

Dəli atanın ağıllı oğlu

Futbolçunun atası Dəli Səməd adı ilə tanınıb. Bu da futbolçunun anadan olduğu Sakaryada igidlərə verilən addır. Türkiyə mətbuatının yazdığına görə o, həmişə düzgünlüyün tərəfində olub, mərdliyi ilə diqqət çəkib. Ona mərdliyi və igidliyi səbəbindən “Dəli” ləqəbi verilib. H.Şükür kimi atasının da futbol sevgisi olub. Hətta ata oğlunun futbolçu kimi yetişməsi üçün əlindən gələni edib.

Ailə modeli

İki dəfə evlənən Hakan Şükür ilk evliliyi 1995-cı ilin iyulunda İstanbul Universiteti Əczaçılıq Fakültəsinin tələbəsi Esra Elbirlik ilə olub. Ancaq bu evlilik dörd ay sonra başa çatıb. İkinci dəfə 1999-ci ildə İstanbulda Beyda Sertbaş ilə evlənib. Hakan Şükürün bu evlilikdən Zeynep Sude (15 Aprel 2000-ci il), Buse (2002-ci il) və Ömər Hakan (19 oktyabr 2006-cı il) adında üç övladı dünyaya gəlib.

3 övlad atası Hakan Şükür Türkiyə mətbuatına ailəsi ilə bağlı maraqlı açıqlama verib:

“Düzünü desək, mən atam kimi deyiləm. Atam uşaqlığımdan xatırladığım qədəriylə bir az daha intizamlı və sərt idi. Mən də intizamlıyam, amma övladlarımın ərköyünlük etməsini sevirəm. Onların bu duyğunu yaşamaqlarının lazım olduğunu düşünürəm. Bəzən onlarla uşaq oluram. Əslində, atamın bizi nə qədər yaxşı yetişdirdiyini indi anlayıram. Şanslı insanam. Övladlarıma gələcək mövqelərində uğurlara nail olmaları üçün nələr etmələrinin lazım olduğunu izah edən atayam. Uşaqlarıma gəldikdə, böyük qızımın oyun anlayışı fərqlidir. Bir az daha çevikdir. İçində idman var, daha sərt oyunları sevir. Bəlkə də, məndən qaynaqlanır. Zeynəb və Buse futbol meydançalarında böyüyüb. Amma Buse sakitdir. Masa başında xəmirlə oynayır, evcik oynamağı çox sevir.
Evdə vaxt keçirməyi ailəlikcə çox sevirik. Amma uşaqlarımın bir az da çöldə olmalarını istəyirəm. Həyat yoldaşım elə hey "həmişə uşaqlarlamı maraqlanacaqsan, mənə də vaxt ayır" deyə giley edir”.


Hakan Şükür Xocalı faciəsini anıb

Türkiyənin keçmiş futbol ulduzu, hazırda millət vəkili olan Hakan Şükür Xocalı qurbanlarını anıb. H. Şükür Xocalı faciəsinin ildönümü ilə bağlı öz “Twitter” səhifəsində bu mesajı yazıb:

“Faciənin 21-ci ildönümündə Xocalıda qətlə yetirilən 613 azərbaycanlı qardaş-bacımızın acısını ürəyimizdə hiss edir və şəhid qardaş-bacılarımızı rəhmətlə yad edirik”.

“Mən türk deyiləm”


Hakan Şükür tələbələrlə görüşü zamanı maraqlı açıqlamalar verib. Mehmet Akif Ersoy Universitetində təşkil olunan tədbirdə çıxış edən Hakan Şükür tələbələrdən birinin kürd problemi ilə bağlı sualını belə cavablandırıb:

“Əslində, mən də mənşəcə albanam. Bu baxımdan yanaşanda mən türk deyiləm. Amma mən bu torpaqların çörəyini yeyib, suyunu içmişəm. Bu torpaqlarda yaşayıram”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR