“Evdən çıxıb və bir daha geri qayıtmayıb” - İndi bütün Azərbaycan onu axtarır
Bizi izləyin

İdman

“Evdən çıxıb və bir daha geri qayıtmayıb” - İndi bütün Azərbaycan onu axtarır

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinın səfərdə Xorvatiya komandasına 6-0 hesabı ilə məğlub olması barədə məlumat vermişdik. Millimizin bu rüsvayçılığı hələ də müzakirə mövzusu olaraq qalır.

Siyasət adamları belə Foqtun getməsinin tərəfdarıdır. Ancaq hələ ki, alman mütəxəssisi Berti Foqtsdan məlumat yoxdur. Məğlubiyyətdən sonra ölkəsinə “qaçan” Foqts hələ də Azərbaycana qayıtmayıb. Foqts bir neçə gün sonra geri dönərək hesabat verməli idi. Ancaq o, “evdən çıxdı və bir daha geri qayıtmadı”.

Düzdür, “Belə şərtlərlə mənim Azərbaycan yığmasında gələcəyim ola bilməz” desə də, ortada rəsmiləşmiş bir ayrılıq olmadı.

Artıq onu millidə görmək istəyənlərin sayı azalıb.

“İtkin düşmüş” qoca ilə bağlı fikirləri öyrənməyə davam edirik. Bu dəfə də bəzi mütəxəssislərimizi danışdırdıq.

Publika.az-a danışan ”AZAL” klubunun baş məşqçisi Tərlan Əhmədov da Elxan Abdullayev kimi, “Belə bir oyun haqda nə danışaq? Hər şey göz qabağındadır” ifadələri ilə başladı: (http://publika.az/p/46853 )

“Millinin oyunu ilə bağlı danışmaq çox çətindir. Mən də hamı kimi düşünürdüm ki, “Qarabağ”ın Avroliqada çıxışı, futbolumuzu təmsil etməsi millimizə də ö təsirini göstərəcək. Düşünürdüm ki, millimiz də bu seçmə mərhələdə daha yaxşı çıxış edəcək. Son üç oyunda gördük ki, hələ görüləsi işimiz çoxdur. Foqts da bu cür məğlubiyyətdə özünü yox, millinin futbolçularını günahlandırır, qaralayır. Klub məşqçilərini tənqid edir. Ondan soruşmaq lazımdır ki, niyə klublarımız uğurlu oyun göstərir, milli isə hər dəfə uduzur? Uğursuz çıxışlarda futbolçular qədər Foqts da günahkardır.

O, yeddi ildə bizə nə verib? Hansı uğuru qazandırıb? Hər dəfə yalandan ümid verir. Onun günahı futbolçulardan az deyil.

AFFA ona bu qədər şərait yaradırsa, Foqts məğlubiyyətə görə cavab verməlidir. Foqts mətbuat konfransında “6-7 il öncə olsa, Xorvatiyaya 0:10 hesabı ilə uduzardıq” eyib. Foqtsun son zamanlar bacardığı iş özünü tərifləməkdir. Əvvəllərdə da 0:6 hesabı ilə uduzurduq, indi də. Foqts heç nəyi dəyişməyib. Keçmişdən danışmaq lazım deyil.

Xorvatiyaya 6:0-lıq məğlubiyyətlərini bir kənara qoyaq. O öncə Bolqarıstana məğlubiyyətə görə izahat versin. Həmişə azərbaycanlı məşqçiləri günahkar çıxarırlar. Biri gəlib barmaq göstərir, biri söyür, biri təhqir edir. Bolqarıstana da öz meydanımızda uduzuruqsa, Foqts daha niyə danışır? Onun indiyə kimi bir normal taktikasını görmədik. Taktika yerinə hiylə işlədir. Xorvatiya ilə oyunda sağ cinahda oynayan Maksim Medvedyevi dayaq yarımmüdafiəçisi mövqeyində oynatdı. Bu, məğlubiyyətə bəhanələr gətirmək üçün atımış bir addım idi. Millimizi qorxaqlığa öyrədir”.

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Vaqif Sadıqov da Foqtsun getməsinin tərəfdarıdır:

“Foqts elə də pis məşqçi deyil. Sadəcə, onda Azərbaycanda işləmək alınmır. O getməlidir. Foqts bir məşqçi kimi vicdanı qarşısında cavab verməlidir. Belə ki, 3 oyunda nəticə yoxdursa, məğlubiyyət varsa, özü öz xoşu ilə getməlidir”.

AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun da fikri Vaqif Sadıqovla üst-üstə düşür. O da Foqtsun getməsinə tərəfdardır:

“Foqtsun sözü bitib, indi də yalandan özünü müdafiə edir. Guya şərtlərdən gileylənir. O, vəzifəyə gələrkən şəraitdən, durumdan xəbərdar olmalı idi. İndi durub özünə bəraət qazandırmağa çalışır.

Bu cür bərbad məğlubiyyətin günahı futbolçularda yox, Foqtsdadır. Futbolçularımız bundan artıq oynaya bilməzlər. Neçə illərdi eyni səviyyədə qalıblar.

Onu da etiraf edim ki, əslində, Xorvatiya ilə oyunda təəccüblənmədim. Bilirdim ki, Xorvatiyada belə bir ağır məğlubiyyət yaşayacağıq. Həmişə demişəm, yenə deyirəm, mən onunla müqavilənin müddətinin uzadılmasının əleyhinə olmuşam, getməyinin tərəfdarıyam”.

Qeyd edək ki, "Avro-2016"nın seçmə mərhələsində səfərdə Xorvatiyaya 0:6 hesabı ilə məğlub olan millimiz bu gün Bakıya qayıdıb. Millimizin kapitanı Rəşad Sadıqov hava limanında "ANS" telekanalına müsahibə verib. O, Xorvatiyaya biabırçı hesabla uduzduqlarına və öz qapısına vurduğu qola görə Azərbaycan xalqından üzr istəyib: "Məğlubiyyətə görə utanırıq. Əlacım olsa, Bakıya qayıtmazdım. Məcbur olduğum üçün geri qayıtmışam. Futbol bizim işimizdir. Futbolu davam etdirəcəyəm".

Millinin yeni baş məşqçiliyinə namizəd kimi Qurban Qurbanovun adının çəkildiyi barədə məlumat vermişdik. Bunun ideyanın tərəfdarlarından biri də məhz A FFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev olub.

Ancaq Qurbanov mətbuata belə açıqlama verib:

“Mən indi "Qarabağ"dayam, klubda işim kifayət qədər çoxdu. Bütün fikrim qarşıdakı iki oyundadı. Çempionatda "Qəbələ"nin qonağıyıq, sonra gedirik Ukraynaya, "Dnepr" ilə Avroliqa oyununa. Millinin rəhbərliyi, nəticələr barədə düşünən digər şəxslər var”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm