“Qarabağ”ın xilaskarı – FOTOLAR
Bizi izləyin

İdman

“Qarabağ”ın xilaskarı – FOTOLAR

O, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçidir. Futbolçu karyerası ərzində hücumçu mövqeyində oynayıb. Azərbaycanın ən uğurlu baş məşqçilərindən biri hesab edilir.

Publika.az II taym layihəsi çərçivəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında məlumat verəcək.

Qurbanov futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" (Zaqatala), "Turan" (Tovuz), "Kür-Nur" (Mingəçevir), "Neftçi" (Bakı), "İnter" (Bakı), Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" (Stavropol), "Fakel" (Voronej), "Baltika" (Kalininqrad), "Volqar" (Həştərxan) klublarında çıxış edib.

İki dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.

İlk titul

Qurban Qurbanov 1972-ci il aprelin 13-də Zaqatalanın Aşağı Tala kəndində anadan olub. Adi fəhlə ailəsində böyüyüb. Ailədə 6 uşaq olublar – 4 qardaş 2 bacı. Gələcəyi parlaq olan Qurban Qurbanov ailənin ən kiçiyi, sonbeşiyidir.

- Necə oldu ki, futbola maraq göstərdininiz?

- Kəndimizdə, məhəllədən başlamışam (gülür).

Uşaqlıqdan futbolla marağı olub. 9-cu sinifdə oxuyanda məşqçi Şaban Şirdanov onu Zaqatalanın “Daşqın” klubuna gətirib.

“Təkbətək idman növlərinə meylim olub. O vaxtlar güləşə daha çox maraq göstərirdik... Futbol mənim həyatımda böyük dəyişikliklər etdi. O zaman futbol indiki qədər populyar deyildi. Xüsusən də mənim doğulduğum Zaqatala kimi ucqar bir rayonda. Və belə bir rayondan gəlib “Neftçi” kimi komandada oynamaq, Azərbaycan yığmasına düşmək, əlbəttə ki, bu, mənim üçün böyük uğur idi. Futbolun sayəsində daha çox tanınmağa başladım”.

9-cu sinfi bitirəndə artıq “Daşqın”ın əsas heyətində oynayıb. 1990-1991-ci illərdə "Daşqın" komandasında 54 oyun keçirib və 24 qol vurub. Bundan sonra 1991-1992 mövsümündə Gürcüstanın "Alazani" klubunda forma geyinib. O, Gürcüstan təmsilçisinin heyətində 17 oyunda və sadəcə 4 qol vurub.

Daha sonra köhnə klubuna geri qayıtmalı olub. 1992-1993-cü illərdə yenidən "Daşqın" klubunda çıxış edib. Bura qayıtdıqdan sonra cəmi 39 oyun keçirib və 24 qol vurub.

1993-cü ildə qardaşı Musa Qurbanovla birgə “Turan”a transfer olunub. 1993-1994 mövsümündə “Turan”da 29 oyunda meydana çıxıb və 9 qol vurub. Həmin mövsüm Qurban Qurbanov "Turan"la Azərbaycan çempionluğu yaşayıb. Bu, onun futbolçu karyerasındakı ilk titul olub.

Qurban Qurbanov 1994-1995 mövsümündə isə 10 oyunda meydana çıxaraq 3 qol vurub. 1994-1995 mövsümünü Qurban Qurbanov "Turan" komandası ilə birlikdə gümüş medallar qazanaraq tamamlayıb.

Qurbanov "Turan"da çıxış etdiyi vaxtlarda 39 oyun keçirərək cəmi 12 qol vurub.

1995-1996-cı illərdə Mingəçevirin "Kür-Nur" klubunda çıxış edib. "Kür-Nur"da 12 oyun keçirib və 4 qol vurub. 1996-cı ildə yenidən "Turan"a qayıdıb. 15 oyunda "Turan"ın heyətində meydana çıxaraq 9 qol vurub.

“Neftçi”yə gəlişi

1996-cı ildə "Neftçi" klubuna transfer olunub. 1996-1997-ci il mövsümündə "Neftçi"nin heyətində keçirdiyi 29 oyunda 34 qol vuraraq Azərbaycan çempionatının bombardiri olub. UEFA Kuboku 1996/1997 mövsümündə Bolqarıstanın "Lokomotiv" Sofiya klubu ilə birinci təsnifat mərhələsinin oyunlarında 17 iyul 1996-cı ildə keçirilən ev və 24 iyulda keçirilən səfər qarşılaşmasında "Neftçi"nin heyətində oyunu əvəz olunmadan keçirib.

İki oyunun nəticəsinə görə, 2-7 (2-1, 0-6) hesabı ilə uduzan “Neftçi” mübarizəni dayandırıb.

1997/1998 mövsümündə 13 oyun keçirib və 9 qol vurub. 1997-1998 mövsümündə "Neftçi"nin heyətində UEFA Çempionlar Liqasının oyunlarında meydana çıxıb. 23 iyul 1997-ci ildə Polşanın "Vidzev" klubu ilə ev oyununu əvəz olunmadan keçirib, bu oyunda "Neftçi" 0-2 hesabı ilə məğlub olub. Bir həftə sonra iyulun 30-da keçirilən səfər qarşılaşmasında da əsas heyətdə meydana çıxıb, bu oyunda Qurban 51-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb və 81-ci dəqiqədə Xaqani Məmmədovla əvəzlənib. Matçda 8-0 hesabı ilə "Neftçi" məğlub olub. İki oyunun nəticəsinə görə, komanda mübarizəni dayandırıb.

Qurbanov "Neftçi" klubunda 1996-1998-ci illərdə 43 oyun keçirib və 43 qol vurub.

Rusiyadakı karyerası

1998-ci ildə Rusiyanın "Dinamo" (Stavropol) klubunda çıxış edib. 39 oyunda meydana çıxıb və 17 qol vurub. 1999-cu ildə Rusiyanın "Fakel" (Voronej) və "Baltika" (Kalininqrad) klublarında çıxış edib. "Fakel" klubunda 12 oyuna 8 qol vurub. "Baltika" klubunda isə 14 oyun keçirib və 1 dəfə qol vurub.

Qurban Qurbanov 2000-2001-ci illərdə Rusiyanın "Fakel" (Voronej) klubunda çıxış edib, 28 oyun keçirib və 7 qol vurub.

“Neftçi”yə qayıtdı, getdi, yenə qayıtdı

2001-ci ildə Qurbanov yenidən Azərbaycanın "Neftçi" Bakı klubuna transfer olunub. UEFA Kuboku 2001-2002 mövsümündə “Neftçi”nin heyətində çıxış edib. 9 avqust 2001-ci ildə Sloveniyanın “ND Qoriça” klubu ilə keçirilən ev oyununu əvəz olunmadan keçirib, bu oyun 0-0 hesabı ilə başa çatıb. 23 avqust 2000-ci ildə səfər oyununda da 90 dəqiqə meydanda olub. Qurban Qurbanov oyunun ikinci hissəsinə əlavə olunmuş 2-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub. Bu oyunda “Neftçi” 1-0 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 2001-2002-ci illərdə “Neftçi”nin heyətində 14 oyun keçirib və 9 qol vurub.

2002-ci ildə yenidən "Fakel" (Voronej) klubunda çıxış edib, 28 oyunda meydana çıxıb və 7 qol vurub. 2003-cü ildə digər Rusiya klubuna, "Volqar"a (Həştərxan) keçib. Bu klubda 21 oyun keçirib və qol vurmayıb.

2003-cü ildə yenidən "Neftçi" klubuna qayıdıb. 9 may 2004-cü ildə Azərbaycan Kubokunun finalında "Şəmkir" ilə qarşılaşmada "Neftçi"nin heyətində meydana çıxıb, bu oyunda "Neftçi" 1-0 hesabı ilə qələbə qazanaraq kuboka sahib çıxıb. 2003-2004 mövsümündə “Neftçi”nin heyətində 4 oyun keçirib və 4 qol vurub.

21 iyul 2004-cü ildə UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin cavab oyununda Bosniya və Herseqovinanın "Şiroki Briyeg" klubu ilə qarşılaşmada kapitan kimi meydana çıxıb. "Neftçi" 1-0 hesabı ilə qələbə qazanıb, iki oyunun nəticəsinə görə "Neftçi" növbəti mərhələyə çıxıb. İkinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi Rusiyanın "ÇSKA" Moskva klubu olub. 27 iyul 2004-cü ildə keçirilən və 0-0 hesabı ilə başa çatan ilk oyunda Qurban Qurbanov sonadək meydanda olub. 4 avqust 2004-cü ildə cavab qarşılaşmasında da "Neftçi"nin heyətində meydana çıxıb. Bu oyunda "Neftçi" 2-0 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. 2004-2005 mövsümündə Neftçinin heyətində 23 oyun keçirib və 10 qol vurub.

Sentyabrın 11-də "Gənclərbirliyi" Sumqayıt klubu ilə 4-cü tur oyununda 10-cu və 65-ci dəqiqədə iki qol vuraraq dubl edib. Oyun 3-0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb. 16 oktyabr 2004-cü ildə çempionatın 7-ci turunda "MKT-Araz" klubu ilə oyunda 36-cı dəqiqədə oyunda ilk qolu vurub, oyun 0-1 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb. Azərbaycan çempionatının 28-ci turunda MOİK klubu ilə qarşılaşmada 85-ci dəqiqədə qol vuraraq hesabı açıb, oyun bu hesabla başa çatıb. 25 aprel 2005-ci ildə "Şahdağ Samur" klubu ilə oyunda 86-cı dəqiqədə oyunda yeganə qolu vurub. 20 may 2005-ci ildə ölkə çempionatının 33-cü turunda "Turan" (Tovuz) klubu ilə qarşılaşmada 85-ci dəqiqədə qol vuraraq hesabı 2-1 edib və komandasına qələbə qazandırıb.

Son klub “İnter” – Futbola vida

2005-ci ildə "Neftçi"dən ayrılaraq "İnter" klubuna keçib. 2005-ci il avqustun 21-də Azərbaycan çempionatının 2005-2006 mövsümünün ikinci turunda “Karvan”la oyunda 30-cu dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 1-1 edib, oyun 2-1 hesabı ilə "İnter"in xeyrinə başa çatıb. Bu qol Qurbanovun "İnter" karyerasında yeganə qolu olub. Qurban Qurbanov "İnter"də cəmi 3 oyun keçirib. Futbolçu karyerasını 2005-ci ilin payızında - 33 yaşında bitirib.

Milli komandada... – Bekhemə qarşı

17 iyul 1992-ci ildə Azərbaycan milli futbol komandasının ilk oyununa çıxıb. Gürcüstan milli futbol komandası ilə qarşılaşmada 46-cı dəqiqədə qardaşı Musa Qurbanovu əvəz edib.

Bundan əlavə, o, Azərbaycan millisinin heyətində FİFA Dünya Kuboku 1998-in seçmə mərhələsində 7 oyunda meydana çıxıb, qol vurmayıb.

6 iyun 2004-cü ildə Riqada Latviya millisi ilə keçirilən yoldaşlıq oyununda 75-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 1-2 edib.

DÇ-2006-nın seçmə mərhələsində millinin heyətində 8 oyuna çıxıb, qol vurmayıb.

Əsas yığmamız DÇ-2006-da Azərbaycan-İngiltərə milliləri üz-üzə gəlib. Millimiz evdə 0:1, səfərdə isə 0:2 hesabı ilə məğlub olub.

Qurban Qurbanov Azərbaycan-İngiltərə qarşılaşmasından əvvəl Devid Bekhemlə görüşüb.

7 sentyabr 2005-ci ildə Avstriya milli komandası ilə keçirilən qarşılaşma Qurbanovun millidə sonuncu oyunu olub. Bu oyunda Qurbanov 90-cı dəqiqədə Samir Əliyevlə əvəzlənib.

Azərbaycan milli futbol komandasında indiyədək ən çox qol vuran futbolçudur. 1992-2005-ci illər ərzində Azərbaycan yığmasının heyətində 67 oyun keçirib və 14 qol vurub.

Əməkdar məşqçi - Ən uğurlu azərbaycanlı

Öncə onu qeyd edək ki, Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxsdir. O məşqçi işləmək üçün yaxşı təcrübə keçib. Bir vaxtlar formasını geyindiyi “Neftçi” klubunda məşqçi karyerasına başlayıb.

Qurbanovun baş məşqçi kimi çempionatda debütü 2006-cı il avqustun 8-nə təsadüf edib. Həmin vaxt “Neftçi” öz meydanında “Gənclərbirliyi”ni 6:1 hesabı ilə darmadağın edib. Ancaq onun “Neftçi”dəki məşqçiliyini elə də uğurlu saymaq olmaz.

Çünki onun dövründə "Neftçi" həm UEFA Kubokunda, həm də Azərbaycan çempionatında çıxış etsə də, heç bir nəticə əldə edə bilməmişdi.

Qurban Qurbanov məşqçilik fəaliyyətinə başladığı flaqmanı çalışdırdığı 15 ayda gümüş mükafat və UEFA Kubokuna vəsiqə qazanıb. 2005-ci ilin iyulunda Avstriyanın "Rid" klubu ilə görüşdə (1:3 və 2:0) mərhələni adlaya bilməyən məşqçi yeni mövsümün 4-cü turundan - 2005-ci ilin sentyabrın 2-də "İnter"lə 0-0 hesabı ilə başa çatan oyundan sonra istefa verib. Bundan sonra klubda idman direktoru vəzifəsində çalışan Qurban Qurbanov həmin ilin iyulunda bu postu da könüllü tərk edib.

2008-ci ildə Azərbaycan milli futbol komandasının Litvaya qarşı keçirdiyi yoldaşlıq görüşündə yığmada məşqçi funksiyasını yerinə yetirib.

Qurban Qurbanov 2006-cı ildə 10 günlük “Kayserispor”da, 2009-cu ildə "Qalatasaray"da, 2011-ci ildə "Borrusiya" Dortmund klubunda, 2012-ci ildə isə "Barselona" klubunda təcrübə keçib. 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan futbolunun 100 illiyi münasibətilə Qurban Qurbanova əməkdar məşqçi adı verilib. Avropa yarışlarında ən uğurlu azərbaycanlı məşqçidir: 19 qələbə.

2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Danılmaz faktdır ki, bir məşqçi kimi ən böyük uğurlarını məhz “Qarabağ”da qazanıb. Və “Qarabağ”ın uğurlarının əsas sirri də elə məhz bu xarizmatik peşəkardadır.

2009-2010 mövsümündə "Qarabağ" Qurbanovun rəhbərliyi altında UEFA Avropa Liqasının pley-offadək irəliləyib. 17 aprel 2010-cu ildə Azərbaycan Premyer Liqası 2009/2010 mövsümünün XXVII turunda "Qarabağ"-"Bakı" oyununda "Bakı" komandasının dördüncü qolu vurmasından sonra azarkeşlər Qurban Qurbanovu istefaya səsləyiblər, oyun 1-4 hesabı ilə "Bakı"nın xeyrinə başa çatıb. Mövsümün sonunda "Qarabağ" Qurban Qurbanovun başçılığı altında Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb.

- Legionerlərlə necə anlaşırsınız? Tərcüməçi vasitəsilə ünsiyyət istənilən səviyyədə alınır?

- Futbol dili, demək olar ki, birdir. Bəzi terminlər həm azərbaycanlılara, həm də legionerlərə tez çatır. Yaxşı tərcüməçimiz var. O, fikirlərimi tam izah edə bilir.

- Bəs tərcüməçi əsəbinizi futbolçulara necə çatdırır?

- Onu kənardan görmək lazımdır (gülür)

Ailəsi: oğluna qardaşının adını qoyub

Futbol oynadığı zamanlarda 4 ilə yaxın Rusiyada yaşayıb.

Hər evə gələndə anası evlənmək vaxtının çatdığını deyirmiş. Nəhayət, ana arzusuna çatır: övladı Qurban ailə həyatı qurur. Onun yoldaşı ilə tanışlığı Rusiya çempionatından sonra istirahətə gedən zaman olub.

Seçdiyi xanımla nişanlanıb, 1 il sonra növbəti dəfə Zaqatalaya qayıdan Qurbanov özünə toy çaldırdıb. Amma toyu kənddə yox, şəhərdə olub. Toy mərasimini Ağadadaş Ağayev aparıb.


Musa və Zəhra adda iki övladı var. Musa “Neftçi”də futbolun sirlərini öyrənir. Futbola həvəsi böyükdür.

Qurban Qurbanov övladı barədə belə deyir:

“Oğlum da mənim kimi aprelin 13-də doğulub. Adını qardaşımın şərəfinə Musa qoymuşam. Qardaşım Musa ilə uzun müddət birgə olmuşam. Hələ evlənməzdən öncə demişdim ki, oğlum olsa, adını Musa qoyacağam. Musanı ideal insan kimi qəbul etmişəm. Məktəb vaxtı tutulan xatirə dəftərinə həmişə idealımın Musa olduğunu yazırdım”.

Ana əziyyəti

“Bacılarım oxuyanda, qardaşım Rusiyaya gedəndə anamın qayğıları daha da çoxalırdı. Biz, sadəcə, ailənin dolanışığını fikirləşirdik. Atamız ev işlərinə o qədər də maraq göstərmirdi. 1989-cu ildə dünyasını dəyişdi”...

- Bir dəfə müsahibənizdə demişdiniz ki, qadınların stadionda futbol izləməsinin əleyhinəyəm. İndi qadınlar məhz “Qarabağ” və Qurban Qurbanova görə stadiona gəlir. Qadınların Sizə simpatiyası var, etiraf edək də...

- Olmasa, daha yaxşıdır (gülür). Bu gün azarkeşlik bizdə tam formalaşmayıb. İstər-istəməz biri söyüş söyür, biri nalayiq ifadə işlədir, insanlar eyni deyil. Kimsə hirsindən ağzından söz qaçırır, amma stadionda da birinin anası, bacısı oturub.

- Ailənizdəki qadınlardan kiminsə tribunadan futboldan izləməsini istəməzsiniz?

- Yox, istəmərəm. Amma oğlum gəlib baxır.

- TV izləyərkən ailə üzvlərinizin, yoxsa Sizin seçiminiz keçərli olur?

- Qızımın seçimləri bəzi hallarda qalib gəlir.

Təhsilini idmana qurban verib

- İdmançılar üçün oxumaq ikinci planda olur. Sizdə necə olub?

- 8-ci sinifə qədər əlaçı olmuşam. Futbola başladıqdan sonra məndə də oxumaq ikinci plana düşdü. 9-cu sinfə qədər öyrəndiklərim mənə bəs etdi. 3-cü dərsdən sonra böyük tənəffüs olurdu. Tez topu götürüb futbol meydançalarına qaçırdıq.

Hobbisi

-Hər iki tennisə (stolüstü və böyük tennis – red.) marağım var. Təəssüf ki, çox nadir hallarda oynayıram. Dostlarla yığışıb futbol oynamağı da sevirəm. Təəssüf ki, bu da nadir hallarda olur. Formada qalmaq üçün arada fitneslə də məşğulam.

- Qvardiola ilə şəkilləriniz sosial şəbəkələrdə yayılmışdı. Onlar nə vaxt çəkilib?

- 2012-ci ildə isə "Barselona" klubunda təcrübə keçən zaman.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm