• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Xanım parataekvondoçu: “Atam dedi ki,yastığı basın ağzına, ölsün”

  • İdman
  • 23 Oktyabr 2014 18:24
  • 5 795 Baxış
Xanım parataekvondoçu: “Atam dedi ki,yastığı basın ağzına, ölsün”

Avropa və dünya çempionu, parataekvondoçu xanım Aynur Məmmədova özünün dediyi kimi, həyatda hər şeyə çətinliklə nail olsa da, demək olar ki, arzularına çatıb.

Fiziki məhdudiyyətli olması onun uğurlar qazanmasına mane olmayıb. Xanım idmançı Aynur Məmmədova Publika.az-a müsahibəsində çəkdiyi əziyyətlərdən və bunun bəhrələrindən danışdı:

- İstərdik, Aynur Məmmədovanı yaxından tanıyaq.

- 21 Fevral 1980-ci ildə Ucar rayonunun Təzə Şilyan kəndində anadan olmuşam. Ailədə 6 uşaq olmuşuq - 3 oğlan, 3 qız. Mən 4-cü uşağam. Uşaqlığım, demək olar, kənddə keçib. Anadan olduğum zaman fiziki məhdudiyyətli doğulmuşam. Yəni sağ əlimin biləkdən aşağı yoxdur...

Bununla bağlı sizə bir şey danışım. Məhdudiyyətli olduğumu anam mən doğulandan 3 gün sonra bilib. Çünki məni xalam bələyirmiş. 3 gün sonra anam görəndə halı xarab olub. Bir həftə sonra isə məsələni atam bilib. Atama deyiblər ki, qızın belə doğulub. Bilmirəm, indi bu deyəcəyimi kim deyib, deyirlər, atan deyib. Atam isə belə söz demədiyini deyir. Gah da deyirlər, bibilərin deyib. Bilmirəm, kimdən çıxıb bu söz...

Bunu mənə anam danışıb. Eşitdiyim kimi də deyəcəm. Eşitdiyimə görə, mənim belə olduğumu biləndə deyiblər ki, “yastığı basın ağzına, ölsün. Onun nə gələcəyi olacaq axı, özü də qızdır”. Yəni guya mənim üçün çətin ola bilər. Anam isə deyib: “ Bu nə deməkdir? O, mənim balamdır. Bunu mənə Allah verib”.

O vaxt da fiziki məhdudiyyətli uşaqlara yarasız adam kimi baxırdılar.

O zaman türkə çarə ilə məşğul olan bir qadın olub. O, anamgilə “Görün o nə qız olacaq. Onu Allah Təala verib. Allah da onun qeydinə qalacaq, ruzisini də verəcək” deyib. Baxıram ki, o qadının dediklərində həqiqət varmış. Bəlkə də, bu sözləri ona Allah dedizdirib...

Uşaq vaxtı mən bunun elə də fərqində deyildim. Dərk etmirdim ki, niyə belə doğulmuşam. Vaxt ötdükcə anlayırdım. Evdən də mənim məktəbə getməyimi istəmirdilər. Düşünürdülər ki, mən necə oxuyub yazacağam, bunlar mənim üçün çətin ola bilər. Düzdür, heç vaxt buna görə sıxılmamışam. Sıxılsam da, büruzə verməmişəm, kompleksə girməmişəm.

Ancaq qohum-qonşular atam-anamı qınayıblar ki, məktəbə qoyun getsin, nə öyrənsə qənimətdir. Düzdür, çətin olsa da, orta məktəbi bitirdim. 11-ci sinfi bitirdikdən sonra təhsil almağı qarşıma məqsəd qoymuşdum. Çünki kiməsə möhtac olmamaq üçün oxuyub, iş tapmalı, öz çörəyimi özüm qazanmalı idim.

Atam yenə də razı deyildi.

- Atanızın razı olmamasına səbəb nə idi?

- Deyirdi ki, qızsan, sənin üçün çətin olar. Amma anam dəstək olurdu.

İki dəfə ali təhsil almaq üçün sənədlərimi versəm də, təəssüf ki, universitetə daxil ola bilmədim. Amma növbəti dəfə Maliyyə İqtisad Kollecinə qəbul ola bildim.

Mən ailəmə əvvəldən demişdim ki, sizə yük olmayacağam. Özüm oxuyub, hər şeyə özüm nail olacağam. Sanki uşaqlıqdan mənim qanımda mübariz olmaq var idi.

“Məni alan olmayacaq, heç nəyə nail ola bilməyəcəm” kimi depressiv fikirlərə düşmürdüm. Yalnız arzularıma çatmaq istəyirdim.

Hamımız bilirik ki, ömürlük dünyanı tutub durmuruq. Buna görə də fikirləşirdim ki, özümə çıxış yolu tapmalı, nəyəsə nail olmalıyam.

Texnikumda qiyabi oxuyurdum, QHT-lərdə, Əlil Qadınlar Cəmiyyətində işləməyə başlamışdım. Kirayədə qalırdım. Həm də qazandığımla özümü təmin etməyə çalışırdım.

- Bu, neçənci illərdə olub?

- 1997-1998-ci illərdə... 1996-cı ildə Paralimpiya Komitəsi yarandı. Amma mənə 1997-ci ildə təklif gəldi. Dedilər, komitənin tərkibində atıcılıq idman növü fəaliyyət göstərir, gələ bilərsən. Getdim, çünki orada da şansımı sınamaq istəyirdim. Bundan əlavə, uşaqlıqdan arzum idmançı olmaq olub. Amma döyüş növlərində...

Bununla belə, atıcılığa getməli oldum. Bu, elə bir idman növüdür ki, qolda güc, səbir tələb edir. Bir neçə yarışa çıxıb nəticə verdim. Amma bu idman növü mənə bir az çətinlik yaradırdı. Çünki problem sağ əlimdə idi, mən isə sağ əl üçün olan silahları sol əllə atırdım. Yarışlara davam etməyim üçün sol əl üçün silah sifariş etdirməli idim. Bu da 2000 min dollara başa gəlirdi. Buna imkanım yox idi. Ona görə də 1999-cu ildə bu idman növündən uzaqlaşmalı oldum. Başqa yerlərdə işləyib, təhsilimi başa vurdum. 2005-ci ildə ailə həyatı qurdum.

- Yoldaşınızla necə tanış oldunuz?

- Bu, gözləmədiyim bir anda oldu. Texnikuma gedib-gəlirdim, o zaman tanış olmuşduq. Məni ona qədər də istəyənlər olmuşdu. Sadəcə, qolumun problemini hiss edə bilmirdilər. Əvvəlcədən bildirirdim ki, qolumda belə bir problem var. Məndən uzaqlaşırdılar. Ona görə də heç kimə inamım qalmamışdı. Qəlbimi sındırmaq istəmirdim... O, məni sevdiyi zamandan hiss edibmiş qolumdakı problemi, amma mənə heç bir zaman bunu hiss etdirməmişdi. Sonra sözünün arxasında durdu və beləliklə, biz ailə həyatı qurduq. 2005-ci ildə bir oğlumuz dünyaya gəldi. Artıq 9 yaşı var. Bu günə qədər Allahdan nə istəmişəm, hər bir arzuma çatdırıb. Gec də olsa, olub. İstədiyim alınmasa, heç bir zaman geri çəkilməmişəm, ona nail olmaq üçün sonuna qədər getmişəm.

- Silah atmağa başladığınızı dediniz. Bunu ailəniz bilirdi?

- Onlar bilirdilər. Artıq o zaman mən burada oxuyurdum. Amma heç nə demirdilər. Bu məsələyə qarışmayıblar. Mən şəhərdə olarkən həm də dərzlik, kukla tikmək, dil və kompüter kurslarına da gedirdim. Harada maraqlı nə olubsa, ona maraq göstərib, öyrənməyə çalışmışam. Özümü göstərməyə çalışmışam ki, baxmayın, mənim bir əlim yoxdur, mən də sizin gördüyünüz işləri görə bilirəm...

- Taekvondoya necə gəldiniz?

- 2006-2007-ci illərdə artıq gördüm ki, bizim üçün dolanmaq çətindir. Oğlumun da 3 yaşı vardı. Özümüz də kirayədə qalırdıq. Dedim, yox, bu dəfə mən də bir çıxış yolu tapmalı, yoldaşıma kömək etməliyəm. Yenidən atıcılığa qayıtdım. Amma burada bir il yarım məşğul oldum, gördüm, yenə alınmır. Azərbaycanda ilk səfə 2009-cu ildə parataekvondo yarandı. Ora ayaqlarının ikisi də sağlam adamlar lazım idi. Məni məsləhət gördülər. Beləliklə, ölkəmizdə ilk parataekvondoçu mənəm.

Mənim üçün çətin idi, çünki taekvondodan heç bir xəbərim, anlayışım yox idi. Amma qarşıma məqsəd qoymuşdum. Bu işin öhdəsindən gəlməli idim... Yoldaşıma da deməmişdim.

- Sonra necə xəbər tutdu? Sonuna qədər gizlədə bilməzdiz...

- O mənim silah atmağa getdiyimi düşünürdü. Düzdür, bunu da istəmirdi. Amma razı sala bilmişdim.

Taekvondoya getdiyimi 1 ay ondan gizlədim. 2010-cu ildə yarış olacaqdı, mənə demişdilər ki, yaxşı hazırlaşsan, səni aparacağıq. Mən də bunun üçün çalışırdım, yarışa gedə bilmək və qalib gəlmək üçün daha çox məşq edirdim. Bu zaman mənim ayaqlarım şişməyə başladı. Sonra ayağım axsaya-axsaya evə gəlirdim... Yoldaşım bir gün mənə dedi ki, başa düşmürəm, sən ayağınla tapança atlırsan, ya əlinlə. Mən də o zaman bəhanə etdim ki, silah atarkən ayaq üstə oluram, ona görə ayaqlarım şişir... Artıq, federasiya qərar vermişdi ki, mən yarışa gedirəm. Yarışa getmək üçün yoldaşıma atıcılığa yox, taekvondoya getdiyimi açıb deməli idim. Komandada 1 oğlan və 1 xanım – yəni mən idim. Nəhayət, açıb hər şeyi yoldaşıma danışdım. O, razı deyildi. Şans istədim. Dedim şans ver, əgər yer tutsam, davam edəcəyəm, yox əgər məğlub olsam, sən deyən olacaq, daha idmanı buraxacağam.

İlk dəfə 2010-cu ildə Sankt-Peterburqda keçirilən dünya çempionatında 3-cü yerə çıxdım. Bununla da həyatım dəyişdi. Həm mənə məvacib ayrıldı, həm bizim federasiyanın prezidenti Kəmaləddin Heydərov özü şəxsən bizi qəbul etdi, mükafatlandırıldıq. Həm də idmana davam edə bildim. Bundan sonra mən yerimdə otura bilməzdim. İdmana daha da həvəsləndim. Yoldaşım da idman fəaliyyətimə çox qarışmadı. Deyə bilərəm ki, dəstəklədi. Dünya, sonra Avropa çempionatlarında yer tutmağım məni bir az arxayınlaşdırmışdı. Bu, bir az... hər bir idmançıda olur. 2013-cü ildə bilirdim, öz üzərimdə yaxşı məşğul olmamışam. Çalışmamışam. Ona görə də yer tutmamışdım. Sonra həmin ildə növbəti çempionatda – Avropa çempionatında 3-cü yerə çıxdım. Mən 3-cü yerə çıxarkən daha çox ağlamışdım. Çünki həmişə birinci kürsüyə mən çıxmışam, amma bu dəfə bayrağımızı dalğalandıra bilmədim.

- İndi, yəqin, yeni paratekvondoçular gəlib?

- Bəli, gəlib, yeni qızlarımız gəlib.

- Onlar sizdən nəsə öyrənməyə çalışırmı?

- Onlar fəxr etsinlər ki, məşq edəndə tatamiyə mənlə çıxırlar (gülür). Onların mənlə və mənim kimilərlə işləməsi əlbəttə ki, onları irəli aparacaq. Onu da qeyd edim ki, biz Taekvondo Federasiyası tərəfindən maliyyələşirik. Federasiyanın prezidenti Kəmaləddin Heydərovun da biz idmançılara qayğısı çoxdur.

Biz qeyri paraolimpiya növüyük. Paralimpiyaya 2020-ci ildə düşəcəyik. 2015-ci ilin fevralın 15-də təsdiqlənəcək ki, bu idman növü paraolimpiyaya düşür ya, yox. Bundan sonra 2020-ci ildə Tokioda keçiriləcək paralimpiadada iştirak edə bilərik.

Mənı soruşanda ki, nə vaxta qədər idmanla məşğul olub, yarışlara gedəcəm. Cavab verirəm ki, Paralimpiya çempionatlığını götürməliyəm.

- Bəs indi “sizin üçün heç nə bacarmaz, yastığı basın ağzına, ölsün” deyənlər peşman olubmu? Və ya siz onları bacardıqlarınızla peşman edə bilmisiniz?

- Əlbəttə ki, peşmanlıq çəkirlər.

Bizdə çox qəribədir. Kimisə əlil arabasında görürlərsə, “yazıq- yazıq” deyib qulaq çəkirlər. Xaricdə isə belə deyil. Əlilliyi olan insanlar sərbəst şəkildə gəzirlər, problemlərini gizlətmirlər.

Belə durumlara acıyaraq baxmaq olmaz, sabah başqasının başına nə iş gələcək, bilmək olmaz. Ona görə deyirəm ki, mən də bir nümunəyəm.

Bu gün ailəmizdə mənimlə daha çox fəxr edirlər, mənim adım-sanım daha çoxdur. Bu yaxında Prezident tərəfindən də evlə mükafatlandırılmışam, şükürlər olsun ki, hər şəraitim var.

(davamı var)

Aygün İlqarqızı

Foto: Elnur Muxtar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR