Federasiyadan açıqlama: “Heç kim qovulmayıb”
Bizi izləyin

İdman

Federasiyadan açıqlama: “Heç kim qovulmayıb”

Mətbuatda yayılan məlumata görə, Azərbaycanın taekvondo üzrə kişi və qadınlardan ibarət milli komandalarının baş məşqçiləri Ələkbər İmaməliyevlə Gündüz Abdullayev vəzifələrindən kənarlaşdırılıblar. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova açıqlama verib.

Hər iki şəxsin işdən çıxarılmasının taekvondoda heç bir nəticə əldə edə bilməmələri ilə əlaqələndirilib .

Azərbaycanın taekvondo üzrə kişi və qadınlardan ibarət milli komandalarına yeni baş məşqçilər cəlb olunacaq. Məlumata görə, qadınlardan ibarət millimizə Sun Mi Park təyin olunub.

Əvvəllər də yığmamızda eyni vəzifədə çalışmış koreyalı mütəxəssis Gündüz Abdullayevə təhvil verdiyi vəzifəni geri alıb. Sun Mi Parkın son iş yeri Cənubi Koreyanın qadınlardan ibarət yığması olub.

Məlumatı dəqiqləşdirmək üçün Federasiyanın özü ilə əlaqə saxladıq. Publika.az-a danışan ATF-nin baş katibi Nağı Səfərov xəbərin heç də yayıldığı kimi olmadığını deyib:

“Mən də bunu mətbuatdan öyrəndim. Federasiyanın ümumi yığıncağı olub. Orada biz inkişaf strategiyası hazırlayırıq. Bu inkişaf strategiyası təsdiq olunmalıdır. Vəzifə dəyişikliyi olacaqdır. Amma baş məşqçilərin qovulması kimi məsələ yoxdur. Düzdür, xarici mütəxəssislər gündəmdədir. Onlar Azərbaycana dəvət olunacaqlar. Amma tamamilə başqa bir layihədir. Heç kimi qovmamışıq. Bilmədən mətbuata dezinformasiya ötürülüb”.

“- Axı məlumatı Gənclər və İdman Naziriyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verib” - sualına federasiyanın baş katibi belə cavab verdi:

“Gənclər və İdman Naziriyi ilə mən əlaqə saxladım, məlumat belə verilməyib. Səmaya xanımın özü mənə bildirib ki, dəyişiklik gözlənilir. Amma kiminsə qovulması ilə bağlı, hansısa saytlar sensasiya yaratmaq istəyirlər. Buna görə aləmi bir-birinə qartıblar”.

Nağı Səfərov Sun Mi Parkın qadınlardan ibarət milliyə baş məşqçi təyin olunmasına da məlumat bildirib:

“Bizdə bir neçə məşqçinin adı var. Onların içindı seçim olacaq. Hələ danışıqlar gedir. Layihə hazırlanıb, təsdiq olunduqdan sonra açıqlanacaq. Bu başqa bir layihədir. Burada nəzərdə tutulmayıb ki, biz baş məşqçiləri qovaq. Sadəcə olaraq inkişaf strategiyası regionlardan başlayacaq. İndi tam açıqlamaq istəmirəm. Yaxın vaxtda mətbuata açıqlanacaqdır, kimə hansı vəzifə verilib, kim hansl region üzrə təhkim olunacaq ki, taekvandonun inkişafı ilə məşğul olsun. Bu məsələlər belə olacaq. Amma söhbət başqa məcraya yönəldi ki, guya məşqçilər qovulub”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm