Ukraynada Azərbaycan “hay-küyü” – VİDEO
Bizi izləyin

İdman

Ukraynada Azərbaycan “hay-küyü” – VİDEO

Xəbər verdiyimiz kimi, Avroliqada “Qarabağ” klubu “Dnepr”i minimal hesabla məğlub edib. Ağdam təmsilçisinin çalışdırıcısı Qurban Qurbanov öz təvazökarlığını qoruyub. O, jurnalistlərə belə danışıb:

“Yaxşı qələbə qazandıq. Çox vacib 3 xal əldə etdik, amma biz tam tarixi qələbə haqqında düşünsək, qarşıdakı oyunlar bizim üçün ağır keçər. Buna görə də bu oyunu tezliklə unutmalıyıq. Çünki Bakıdakı matç bizim üçün daha çətin olacaq. Həm rəqib, həm də biz bir-birimizi daha yaxından tanıdıq. Hazırda bütün fikrimizi çempionata yönəltməliyik. "Xəzər Lənkəran" oyunundan sonra, qalan qısa vaxt ərzində cavab qarşılaşmasına hazırlaşmalıyıq. Qələbəyə gəldikdə isə belə uğurlar çox olsa, həm bizim üçün yaxşı olar, həm də azarkeşlərin bizə inamı artar. Belə qələbələr bizim üçün lazım və vacibdir. Lakin bu qələbəni o qədər də böyütməməliyik. Çünki bu, həm mənə, həm də futbolçulara psixoloji təsir edə bilər. İndi çalışmalıyıq ki, işimizi daha da düzgün quraq və qarşıdakı oyunlarda da yaxşı nəticə əldə edək.


Daha yaxşı əks-hücumlar edə bilərdik, amma rəqibin futbolçularını nəzərə alsaq, qane etdiyini deyə bilərəm. Təkcə hücumçuların yox, həm yarımmüdafiəçi, həm də müdafiəçilərinin sürətli olması bizə problem yaradırdı. Bu səbəbdən bəzi epizodlarda çətinlik çəkirdik. Lakin bu da normal haldır, çünki hər düşündüyümüz əks-hücumda cərimə meydançasına daxil olsaydıq, bu, rəqibimizin bizi yaxşı analiz etməməsi anlamına gələrdi. Lakin onların həm futbolçuları, həm də baş məşqçiləri oyuna yaxşı hazırlaşdıqlarından, lazimi vaxtda müdafiəyə qayıda bilirdilər”.

Məşqçi ilə yanaşı təmsilçimizin futbolçuları da oyunla bağlı fikirlərini bölüşüb.

“Qarabağ”ın futbolçusu Qara Qarayev Avroliqanın qrup mərhələsinin üçüncü turunda səfərdə "Dnepr"ə qalib gəldikləri oyunu belə şərh edib.

“Bu sevinci xalqımıza bəxş etdiyimiz və bu tarixi ana şahidlik etdirdiyimizə görə çox sevinirik. Ancaq qazanılan qələbə bizdə arxayınlıq yaratmamalıdır. Biz yenə hazırlığımızı davam etdirib Bakıdakı oyun haqda çox ciddi düşünməliyik. Kiyevdəki matçda səhvlərimiz oldu. Növbəti qarşılaşmalarda çalışmalıyıq ki, həmin səhvləri təkrar etməyək”.

“Qarabağ”lı Namiq Yusifov tarixi qələbəni sözlə ifadə etməyin çətin olduğunu deyib:

“Ukrayna telekanalına müsahibədə də bildirdim ki, bizim məqsədimiz futbolla yanaşı, Azərbaycanı, Qarabağı təbliğ etməkdir. Çox adam inanmırdı ki, "Dnepr"i səfərdə uda bilərik. Ancaq komandanın əzmkarlığı sayəsində qələbə qazandıq. Oyuna qələbə üçün çıxmışdıq. Gərək matçdan əvvəl qələbəyə köklənəsən ki, heç-heçəyə çox da məyus olmayasan. Bərabərlik haqda düşünmək məğlubiyyətə də gətirib çıxara bilər. Biz də qalib gələcəyimizə inanırdıq. "Dnepr" "Barselona" deyil ki... Baş məşqçimiz tapşırmışdı ki, onlara oynamaq imkanı verməyək və öz oyunumuzu nümayiş etdirək. Düşünürəm ki, buna nail olduq. Rəqib ikinci hissədə öz oyununu qura bilmədi və məcbur qalıb uzun ötürmələrlə oynadı”.

Rəqib “Dnepr”in oyunçuları bu məğlubiyyətin şokunu yaşayıb.

“Dnepr”in müdafiəçisi Artyom Fedetski Messi və Ronaldonun belə “Qarabağ”la oyunda onlara kömək edə bilməyəcəklərini deyib:

“Bilirdik ki, rəqib müdafiədən oynayacaq, güclü cəhətlərimizi öyrənib, cinahları bağlayacaqlar. Belə də oldu və bizi əks hücumda yaxaladılar. İkinci hissədə vəziyyəti xeyrimizə dəyişməyə çalışdıq. Ancaq qatar artıq getmişdi. Qol vəziyyətləri yaratdıq, amma real epizodlar deyildi. Bu oyunda hətta Lionel Messi və Kriştianu Ronaldo da bizə kömək edə bilməzdi. Stadionda 3000 azarkeş var idi. Onlardan 2800-ü “Qarabağ” tərəfdarı idi”.

“Dnepr”in yarımmüdafiəçisi Sergey Kravçenko da jurnalistlərin suallarını cavablandırıb. O bu məğlubiyyəti utandırıcı adlandırıb:

“Əlbəttə, “Qarabağ”a məğlubiyyət utandırıcıdı. Biz qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirdik. “Qarabağ”ı məğlub etmək lazım idi. Baxmayaraq ki, onlar heç də zəif komanda deyil. Amma yenə də “Dnepr” Ukraynada 3 xalı qazanmalı idi”.

Məlumat üçün bildirək ki, "Qarabağ" U tarixi qələbə sayəsində UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb. Komandamız 154-cü pilləyə yüksəlib.

Ağdam klubunun hesabında 9,400 reytinq xalı var. "Qarabağ" bu uğuru sayəsində "Neftçi"ni qabaqlayaraq Azərbaycanın UEFA reytinqindəki ən yaxşı komandasına çevrilib.

"Neftçi" 8,900 xalla 177-cidi pillədə qərarlaşıb. Üçüncü yerdə isə 4.900 xalla 270-ci pillədə qərar tutan "İnter" gəlir.

Digər təmsilçilərimizə gəlincə, "Xəzər Lənkəran" 4.150 xalla 298-ci, "Bakı" 3.150 xalla 340-cı, 2.650 xala malik "Qəbələ" və AZAL isə 363-cüdü.

Qeyd edək ki, ölkələrin reytinqində Azərbaycan hazırda 12.000 xalla 29-cu pillədədi. Klublarımız cari avrokubok mövsümündə bütövlükdə 3,125 xal toplayıb. Hansı ki, bu, indiyəqədər klublarımızın bir avrokubok mövsümü ərzində qazandıqları xallar arasında rekord göstəricidi. Amma "Qarabağ"ın qarşıda daha bir neçə oyunu olduğunu nəzərə alsaq, rekordumuzun yenilənməsi istisna deyil.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm