Yaponiyaya ilk dəfə səfər edən “Yoxsul”: karate ustamızın faciəli taleyi – FOTO, VİDEO
Bizi izləyin

İdman

Yaponiyaya ilk dəfə səfər edən “Yoxsul”: karate ustamızın faciəli taleyi – FOTO, VİDEO

O, Azərbaycanda kyokuşinkay karatenin təməlini qoyub.

Onun ən böyük arzularından biri Azərbaycanda öz məktəbini yaratmaq olub. Bu arzusuna çatmaq üçün bir çox ölkələri gəzib. Nəhayət, son ümid yeri kimi Yaponiyaya gedib.

Publika.az “II taym” layihəsində beynəlxalq Kyokuşinkay Kan Karate Donun 125-ci təşkilatının (Azərbaycan) başçısı sensei Ələddin Mirzəyev haqqında məlumat verəcək.

Ləqəbi “Yoxsul” olub. Ələddin Mirzəyev həyatını, fikirlərini dəyişən qərarı əsgərlik vaxtı verib.

Ancaq o, ömrünün son günlərini heç də arzuladığı kimi yaşamayıb.

Yaponlar onun fikrini dəyişdi

Ələddin Tapdıq oğlu Mirzəyev 1964-cü ildə Tərtər (keçmiş Mirbəşir) rayonunda anadan olub. Oxuduğu orta məktəbdə idman ustası Sabir Zeynalovun rəhbərliyi etdiyi sərbəst güləş bölməsinə qəbul olunub.

Əvvəldə də qeyd etdiyimiz kimi, onun ən böyük arzusu öz məktəbini yaratmaq idi...

Ələddin Mirzəyevin karateyə gəlişinin tarixçəsi də olduqca maraqlı olub. 1982-ci ildə Çexoslovakiyada sovet ordusu sıralarında hərbi xidmətdə olarkən 9 May Qələbə Bayramı ilə bağlı tədbirlərə iki yapon karateçisi də dəvət edilib. Bu zaman Ələddinin 19 yaşı vardı. Dəvət edilən yaponların çıxışından sonra o, bu döyüş sənətinə yiyələnməyi qarşısına məqsəd qoyub.

1983-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Yekaterinburq (Sverdlovsk) Pedaqoji İnstitutunun ibtidai hərbi və fiziki hazırlıq fakültəsinə daxil olub. Ancaq onun ağlında idmanı inkişaf etdirmək idi. İki illik əziyyətdən sonra yalnız milis işçiləri üçün nəzərdə tutulmuş "Dinamo" cəmiyyətinin karate bölməsinə üzv ola bilib. Məşqçi Serqey Stepanovun yanında kyokuşin karate məşqlərinə başlayıb. Stepanov məhz karatenin kyokuşinkay növü üzrə birinci dan qara kəmər sahibi idi.

Ələddin bir müddət idmanla məşğul olub. 1990-cı ilədək bu növ üzrə üç yarışda iştirak edib. Ancaq o, istədiyini bu məşqlərdə tapa bilmirdi. Bir sözlə, buradakı məşqlər onu qane etmirdi.

Ona görə də, elə birbaşa Kyokuşinkaykan məktəbinin yaradıcısı sosai Oyama Masutatsu ilə görüşməyi qarşısına məqsəd qoydu.

Ələddin Mirzəyev sağlığında bu barədə belə danışıb:

“Yekaterinburqdakı məşqlər artıq məni qani etmirdi, məktəbin yaradıcısı ilə görüşməyi arzulayırdım. Bu məqsədlə SSSR-nin bir çox şəhərini, o cümlədən Moskvanı gəzdim, amma əmin oldum ki, “qara millətin” nümayəndəsi üçün heç kəs zəhmət çəkmək üçün fikrində deyil” .

30 gün ərzində cəmiyyətdən kənar yaşayıb

Məqsədinə nail olmaq üçün keçmiş SSRİ-nin bir çox şəhərlərini gəzib dolaşdıqdan sonra Rusiyanın Vladivostok şəhərinə yollanıb.

Təsadüf nəticəsində aykido ustası Yaponiyalı Kakuta Yasui ilə qarşılaşıb. O, Ələddin Mirzəyevə onu sosai Oyama ilə görüşdürəcəyinə vəd verib.

Bu görüş öncəsi yaponiyalı mütəxəssis Ələddin Mirzəyevə tapşırıq verib. Ələddin tapşırığı yerinə yetirəndən sonra aykido ustası onu Oyama ilə görüşdürəcəyinə söz verib. Və vədinə əməl də edib.

Bir ildən sonra ustad Yasuinin məsləhəti ilə sosai Oyama həmyerlimizə kyokuşin karate ilə daha yaxından tanış olması üçün Yaponiyaya iki aylıq dəvət məktubu göndərib. Yaponiyada sosai Oyama ilə görüşən Əlləddin Mirzəyev ona məqsədini bildirib.

Hətta Ələddin Mirzəyevin özü görüşlə bağlı belə danışıb:

“Oyamaya dedim ki, onun yaratdığı, həqiqətin hər şeydən üstün tutuldugu döyüş məktəbinin ədalətinə əmin olmaq istəyirəm...".

Bundan sonra o, 1991-ci il dekabrında 30 günlük Yaponiyada Tokio şəhərinə dəvət edilib.

Nəhayət, məşqlər başlanıb. Həmyerlimiz 30 gün ərzində kənar aləmdən təcrid olaraq döyüşçü həyat tərzi keçirib. Son dərəcədə ciddi intizam, Tokionun küçələri ilə hər gün qaçış, 8 saat məşq...

Həmçinin həftədə 4 dəfə 2 saat ərzində böyük ustad əfsanəvi karate ustası sosai Masutatsu Oyamanın şəxsən özündən dərs alıb.

Qeyd edək ki, Oyama karatesinin (kyokuşinkay) əsasını bunlar təşkil edir: “güclü, dəqiq zərbələrlə pis müdafiə olunan döyüşçülər qanına qəltan edilməlidilər. Başqa sözlə, real döyüşdə güclü olan qalib gəlməlidir”.

Qəddar məşqlərlə yanaşı, bu məktəbin də öz siması və qanunları var. Bir aylıq məşqlərdən sonra 1991-ci il dekabrın 19-da sonra Kyokuşinkaykan Karate donun yaradıcısı, əfsanəvi Oyama həmyerlimizlə vacib söhbət aparıb. Oyama bildirib ki, dekabırın 27-də birinci dan qara kəmər üçün imtahan keçiriləcək.

Çətinliklə başa gələn arzu

Həmin gün həmyerlimiz müvəffəqiyyətlə imtahan verdikdən sonra beynəlxalq cəmiyyətin başçısı M.Oyama birinci dan qara kəmər beynəlxalq ustası və Beynəlxalq Kyokuşinkaykan Karate Təşkilatın Azərbaycan Nümayəndəliyinin başçısı sertifkatları sensei Ələddin Mirzəyevə təqdim edib. Bu nəticəni qazanmaq üçün o, 30 günlük məşqlərdə 9 kiloqram çəki itirib.

Ələddin Mirzəyev belə deyib:

“Təkcə 1 saat 25 dəqiqə ərzində 2 kiloqram arıqladım. Ən çətini, əlbəttə ki, sınaq döyüşləri idi: hər dəqiqədən bir dəyişən on rəqiblə qarşılaşdım. Bunlardan altısı yaponiyalı, dördü isə digər ölkələrdən olan ustalar idi. Döyüşlər real idi, yəni bircə səhv nəticəsində ömürlük şikəst qalmaq olardı. Sevinirəm ki, belə olmadı”.

Beləliklə də, 125-ci xüsusi sertifikat Azərbaycana verildi.

Zaman keçdi, Ələddin Mirzəyev Azərbaycanda ilk Kyokuşinkay Karate ustası və bu məktəbin qurucusu kimi Azərbaycan döyüş növləri tarixinə adını yazdı. Belə ki, 1991-ci ildə Azərbaycanda kyokuşinkay karatenin təməlini qoyan ilk şəxsiyyət sensei Ələddin Mirzəyev olub.

Bildirək ki, Kyokuşinkay döyüşçülərinə etnik, irqi, dini ayrı-seçkilik yaddır, hamının hüququ bərabərdir.

Böyük ustanın azərbaycanlı tələbəsinin ləqəbi

Ələddin Mirzəyev öz doğma vətənində bu idman növünün sirlərini öz yetirmələrinə öyrədib. Hazırda onun yolunu davam etdirən bir neçə qurum var.

Belə ki, Kyokşin İ.K.O 6 qola ayrılır. Bu qollardan da bir neçəsi Azərbaycanda fəaliyyət göstərir. Ələddin Mirzəyev Azərbaycan kyokuşinkay karate tarixində “Yoxsul” ləqəbi adı ilə yaddaşlarda qalıb. Məlumatlara görə, onun bu ləqəbi dünyanın mal-mülkündə gözü olmadığını bildirmək üçün götürdüyü deyilir.

Arzuladığı kimi yaşaya bilmədi - ruhi xəstə oldu

Öncədən də dediyimiz kimi, onun həyatı heç də düşünülən kimi möhtəşəm olmayıb. Düzdür, o ən böyük arzularına çatıb. Ancaq xoşbəxt ola bilməyib. Bəzi mənbələrdən aldığımız məlumata görə, o, ömrünün sonlarında cəmiyyətdən təcrid olunaraq yaşayıb.

Belə ki, son üç il ərzində ruhi xəstəlikdən əziyyət çəkib. Xəstəliyi səbəbindən ondan uzaqlaşan insanlar da olub. Bu da onun cəmiyyətdən təcrid olunmasına gətirib çıxarıb. Ancaq ailəsi ona sahib çıxıb. Mirzəyevi doğulduğu Tərtər rayonuna aparıblar. Çünki onun bütün yaxınları, qohum-əqrəbası orada yayaşırdı. Tərtər rayonunda onun qayğısına qalmaq ona sahib çıxanlar üçün daha rahat idi.

Uzun sürən xəstəlikdən sonra sensei Ələddin Mirzəyev dünyasını dəyişib. O, 2010-cu ilin martın 6-da ömrünün 49-cu ilində doğulduğu Tərtər rayonunda vəfat edib.

Ələddin Mirzəyev ailəli olub, bir oğlu var.

Davamçıları adını yaşatmağa çalışır

Ələddin Mirzəyevin davamçıları hələ də var. Bu davamçılar Mirzəyevin adını yaşatmaq üçün əllərindən gələni edirlər. Hətta onun haqqında film də çəkilib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm