Azərbaycanlı “dağ adam”: “Min dollara görə Azərbaycanı təmsil edə bilmirəm”- FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycanlı “dağ adam”: “Min dollara görə Azərbaycanı təmsil edə bilmirəm”- FOTOLAR

Çoxları onu “Bu şəhərdə”nin konsertindəki sözsüz, epizodik rolundan tanıyır. Amma bilmirlər ki, bu “dağ adam”ın dağ boyda da problemləri var. Mincə manata görə ölkəmizi beynəlxalq yarışlarda təmsil edə bilmir, kirayədə qalır… Buna rəğmən, ümidini üzmür, nəticələrini qazanır. Bütün idmançıların xəyal etdiyi titulu da qazanıb, dünya çempionudur. Ancaq yenə də kifayətlənmir.

Beləliklə, Publika.az bodibildinq üzrə dünya çempionu Rövşən Fətəliyevin müsahibəsini təqdim edir.

- Rövşən bəy, müsahibədən əvvəl bildirdiniz ki, gərgin məşqlər edirsiniz. Qarşıda hansı məsul yarışlar var?

- 2015-ci ilin may ayının 29, 30, 31-də Polşanın paytaxtı Varşavada dünya çempionatı keçiriləcək. Yarışda Türkiyəni təmsil edəcəyəm.

- Niyə Azərbaycanı yox, Türkiyəni?

- Çünki bodibildinq üzrə Türkiyə milli komandasının əsas üzvlərindən biriyəm. Klassik növdə mübarizə aparıram. Bizim çəki dərəcəsində boyu 188-193 arası olan idmançılar yarışır. Mən də bu yarışda 92 kiloqram çəki dərəcəsində çıxış edəcəyəm.

- Boyunuz nə qədərdir?

- 188 santimetr.

- Azərbaycanı təmsil etməyinizə nə mane olur?

- Sponsorum yoxdur. Onlar mənə vitaminlərin alınmağında, maddi məsələlərdə dəstək olurlar. Həm də müəllimlərim Türkiyədəndir. Bodibildinq pullu idman növüdür, məşq etmək üçün yaxşı pul lazımdır.

- Neçə ildir Türkiyə milli komandasının üzvüsünüz?

- Artıq iki ildir.

- Neçə yaşınız var?

- 27.

- Bodibildinqdə yaş amili nə dərəcədə önəmlidir?

- Bu idmana 16 yaşdan sonra başlamaq daha məqsədəuyğundur. Şəxsən mən 16 yaşımdan başlamışam. Amma yarışlara çıxmaqda yaşla bağlı heç bir məhdudiyyət yoxdur. Məsələn, hazırda Tailandda bu idman növü ilə məşğul olan 102 yaşlı idmançı var.

- Neçə???

- Bəli, 102 yaş. Amerikada 85 yaşlı belə idmançı var. Əlli səkkiz yaşlı birini mən tanıyıram. Bu işdə yaş önəmli deyil. Əziyyət çəkmək, əzmkar olmaq lazımdır.

- Çoxları, eləcə də mən sizi “Bu şəhərdə”nin konsertindən tanıdıq. O konsertdə iştirak etmək təklifi necə gəldi?

-Tələbəm olmuş adamlar dedilər ki, həmin səhnəcik üçün idmançı lazımdır. Ondan sonra danışıb, razılaşdıq.

- Azərbaycanda sənət aləmindən kimləri tanıyırsınız?

- Bu ölkədə heç kimi tanımıram. Dost-tanışlarım da Türkiyə, İran və Rusiyadadır.

- Bəs sadaladığın ölkələrdəki tanışların kimlərdir?

- Hazırda bodibildinq elmini üç insandan öyrənirəm. Kemal Ünsal, Sadık İnan və Mahmud İrmak mənim müəllimlərimdir. Mahmud İrmak dördqat dünya çempionudur, dünyada tanınmış bodibilderdir.

-Yanılmıramsa, Azərbaycanda da Bodibildinq Federasiyası var.

- Deyəsən, olmalıdır.

- Bəs nə əcəb indiyədək federasiyaya müraciət etməmisiniz?

- Nə deyim, vallah, belə qismət oldu.

- Azərbaycanın adından beynəlxalq yarışlarda çıxış etmək istərdinizmi?

- İnşallah, bir gün vətənimi təmsil etmək istəyirəm. Sponsorum olarsa, Polşada iştirak edəcəyim yarışda da vətənimi təmsil edərəm. Amma hazırda mənə maddi və mənəvi dəstəyi verən türklərdir. Onları da təmsil etməsəm, qalaram kənarda.

- Söhbətin əvvəlində bildirdiniz ki, vitaminlərin qəbulu üçün müəyyən vəsait lazımdır. Həmin xərcləri ödəmək üçün hər ay nə qədər pul lazımdır?

- Ayda min dollar.

- Azərbaycanda bir nəfər tapılmadımı ki, həmin xərci ödəsin?

- Çox insana ağız açdım, xeyri olmadı.

-Yarışlardan gəliriniz olmur?

- İnşallah, olacaq. Klassik növdə rəqibsiz dünya çempionuyam. Bodibildinqdə gəlirin belədir k, gərək sponsorun ola, onu təmsil edəsən. Amerikada yarışlar var ki, mükafat fondu 250 min dollar təşkil edir. İdmançı yarışı qazanır və həmin 250 min dolları alıb, bir aya xərcləyir. Orada əsas sponsorlar müxtəlif şirkətlərdir. Məsələn, mən “Nike” şirkətini təmsil edirəm və sabah yarışda həmin şirkətin geyimiylə çıxıb deyirəm ki, “Nike”-a təşəkkür edirəm. Bu, artıq şirkət üçün böyük reklamdır. Çünki belə yarışları bütün dünya mediası izləyir. Hazırda mənim hazırlaşdığım yarışa bodibildinq üzrə dünya olimpiadası deyirlər. Çünki çox güclü yarışdır. Nəinki qalib gəlmək, hətta o yarışda iştirak etmək də çətin məsələdir. Təbii ki, belə yarışa ciddi hazırlaşmalısan, düzgün qidalanmalısan.

- Adətən, idmançılar karyeralarının müəyyən dönəmindən sonra iş adamlarının, məmurların şəxsi mühafizəçisi kimi çalışırlar. Belə iş təklifi almısınız?

- Mənə bu ölkədə heç bir təklif olmayıb. Bəlkə də, özümə qapalı olduğuma görədir.

- Belə bir təklif olsa, qəbul edərsiniz?

- Nə deyim… Bodibildinqdə yemək vaxtında yeyilməlidir, vitamin qəbul etməlisən. Mən gündə 7 dəfə yemək yeyirəm. Qida rasionuma 200 qram düyü, 1.5 kiloqram toyuq filesi, 20 ədəd yumurtanın ağı daxildir. Acdım-acmadım, yeməliyəm ki, metobolizm işləsin. Bu, məcburidir.

- Siqaret çəkirsiniz?

- Yox, içkidən, siqaretdən uzaq adamam, namaz əhliyəm.

-“Bu şəhərdə”nin konsertində iştiraka görə nə qədər qonorar aldınız?

- Beş gün iştirak elədim və 250 manat qonorar aldım. Hər günümə 50 manat verdilər.

- Dünya çempionuna beş gün çıxışına görə 250 manat?

- Mən 2013-də Kiprdə dünya çempionu olmuşam, konsert 2011-ci ildə keçirilib. Klassik növdə yarışa getmişdim. Bu növdə rəqibim olmadığı üçün dünya çempionu elan edildim. Çünki mənim boyumda rəqiblər az olur. Polşada da idmançıların az olacağı gözlənilir. Ona görə də məni Kiprdə peşəkarların yarışına saldılar. Əlli dörd ölkə içərisində dünya yeddincisi oldum. Orada ilk altılıqda olan idmançılar dünya çempionları idilər. Kiprə gedəndə 24 yaşım var idi, çempion olan idmançı isə 52 yaşındaydı.

- Hazırda Rafael və Coşqunla ünsiyyətiniz var?

- Heç kimlə ünsiyyətdə deyiləm, arxam yoxdur, təkəm.

- Əsas yaşayış yeriniz Azərbaycandır, yoxsa Türkiyə?

- Hazırda burada yaşayıram. Metronun “Əcəmi” stansiyasının yaxınlığında idman zalı işlədirəm, xeyli tələbələrim var. 2016-cı ildə keçiriləcək fitness yarışlarına tələbələr hazırlaşdırıram. Bundan başqa, fərdi qaydada çəki problemiylə məşğul olduğum insanlar var. İki aya 45 kiloqram arıqlatdığım insan var. Elə xanımlar gəlir ki, 120 kiloqramdır, 3 aya 80 kiloya salıram. Bir oğlan var idi, 16 yaşında 150 kiloqram çəkiylə gəldi və altı aydan sonra çəkisini 91 kiloya saldım.

- Bu qədər əziyyət çəkirsiniz, tələbələriniz var, zal işlədirsiniz. Bəs niyə vitaminlər və qidalarınız üçün min dolları ödəyə bilmirsiniz?

- Zalın icarə haqqı, işıq pulu, su pulu, ailə, ev…

- Ailəlisiniz?

- Bəli, bir qız övladım var. Ailəmlə kirayədə qalıram, heç avtomobilim də yoxdur. Ola bilsin ki, 7-8 aydan sonra ömürlük Türkiyəyə getdim. Hazırda bu barədə danışıqlar gedir. Amma bu ölkədə mənə ayda min dollar versəydilər, 5 il ərzində 4 dəfə dünya çempionluğu gətirərdim. Halbuki Azərbaycanda peşəkarlar arasında dünya çempionu yoxdur.

- Yetərincə güclü fiziki göstəriciləriniz var. Azərbaycanda bu göstəricilərə malik ikinci şəxs var?

- Yox, tanımıram. Amma İranda və Rusiyada çoxdur. Bu idman çox güclü inkişaf edib və dünyada ən ağır idman növü kimi qəbul edilir.

- Bu qədər çətindirsə, nə əcəb özünüzü başqa sahədə sınamırsınız? Həm də dolanışıq çətindir…

- Sizin işiniz müxbirlikdir. Başqa iş təklif etsələr, gedərsiniz? Hər kəs öz işini sevməlidir. Peyğəmbərimizdən hədis var ki, insan bir işdə nə qədər əziyyət çəksə belə, o işi buraxmaması Allahdandır. Allah sevir ki, insan sevdiyi işi axıra kimi görsün. Mənim məqsədim beşqat dünya çempionu olmaqdır. Klassik növdə bir dəfə çempion olmuşam. İnşallah, dörd dəfə də olacağam.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm