Olimpiya çempionumuz millidən uzaqlaşdırılacaq? – ÖZƏL
Bizi izləyin

İdman

Olimpiya çempionumuz millidən uzaqlaşdırılacaq? – ÖZƏL

Olimpiya çempionu Toğrul Əsgərovun uzun müddətdir adı yarışlarda çəkilmir.

Onun bu vaxt ərzində görünmədiyi diqqət çəkib. Çünki qarşıdakı böyük turnirlərdə Azərbaycan idmansevərlərinin ümid etdiyi idmançılardan biri də məhz o olub. Ancaq son zamanlar onun yoxluğu müəyyən dedi-qodulara səbəb olub.

Belə ki, Toğrulun artıq idmandan getdiyi barədə iddialar ortaya atılıb. Növbəti dəfə də onun millidən uzaq qalması, yarışlarda iştirak etməməsi Toğrulun idmandan uzaqlaşması ilə bağlı şayiələri ortaya atıb.

Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayevlə əlaqə saxladıq. Publika.az-a danışan qurum rəsmisi Toğrulun yarışlarda iştirak etməməsinə aydınlıq gətirdi.

M.Musayev olimpiya çempionumuzun bərpa prosesi keçdiyini dedi:

“Toğrul məşqdədir. O, hazırda yığma komanda ilə təlim-məşq toplanışındadır. Toğrul yayda dizindən əməliyyat olunmuşdu, buna görə də o, indi bərpa prosesi keçir”.

Xatırladaq ki, keçən il Toğrulun yarışlarda iştirak etməməsi onun idmandan uzaqlaşaraq, olimpiadada qazandığı pulla özü üçün fermer təsərrüfatı yaradığı barədə iddiaların ortaya çıxmasına səbəb oldu. Toğrul isə saytımıza açıqlamasında belə demişdi:

“Bunlar boş-boş söhbətlərdir. Nə ferma var, nə 1 milyon, nə də ki uzaqlaşma. Türkiyədə mədəmdən müalicə olunuram. Səhhətimdə problem var. Bu da elə-belə problem deyil. Buna görə də hələlik ağır məşqlər edə bilmirəm. Amma artıq sağalıram, inşallah, gələn ildən yığma komandanın tərkibində olacağam”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm