Avropa Azərbaycandan danışacaq? - “Bakıda ölüm-dirim mübarizəsi olacaq”
Bizi izləyin

İdman

Avropa Azərbaycandan danışacaq? - “Bakıda ölüm-dirim mübarizəsi olacaq”

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ" - "Dnepr" klubları üz-üzə gələcək.

Matç noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

"Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.

Bu qarşılaşma polşalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Pavel Gil olacaq. Ona Pyotr Sadçuk və Marçin Borkovski köməklik edəcək. Konrad Sapela isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

O, ötən mövsüm Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçirilən “Skenderbeu” – “Neftçi” matçını idarə edib. Həmin görüşdə Albaniya çempionu 116-cı dəqiqədə vurduğu qolla mərhələni adlamışdı. “Neftçi”nin məğlubiyyətində polşalı hakimin “Neftçi”nin müdafiəçisi İqor Mitreskini meydandan qovmasının da az rolu olmamışdı.

Gili ukraynalılar üçün uğurlu hakim hesab etmək olar. Onun idarə etdiyi oyunlarda Ukrayna klubları avrokuboklarda 2 dəfə qələbə qazanıblar, 1 dəfə heç-heçə ediblər.

Azarkeşlər “Dnepr"ə səfərdə qalib gələn təmsilçimizdən ev oyununda da qələbə gözləyirlər.

Publika.az bu oyunla bağlı deyilən fikirləri diqqətinizə çatdırır:

Ukraynanın "Dnepr" klubunun hücumçusu Nikola Kaliniç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı oyun öncəsi fikirlərini açıqlayıb:

“"Qarabağ"a niyə məğlub olduq? Məncə, əsas səbəb doğma meydanda oynamamağımızdı. Öz stadionumuzda tam fərqli atmosfer, oyun olur. Amma məğlubiyyət artıq olub və Bakıda qələbə qazanmalıyıq. Bizim qrupda hələ heç nə məlum deyil. Əgər biz "İnter"lə "Sent-Etyen"ə qalib gəlsək, qrupdan çıxmaq üçün normal şansımız olacaq. Heç bir halda ümidi üzmək olmaz. Bizim şansımız qalır və bundan yararlanmaq lazımdır. Çətin olsa da, bizdən asılı olan hər şeyi etməyimiz lazımdır ki, qrupdan çıxaq".

“Dnepr” klubunun futbolçusu Artyom Fedetski qrup mərhələsindən çıxmaq üçün mütləq Bakıdakı oyunda qalib gəlməli olduqlarını vurğulayıb:

“Azərbaycana yalnız qələbə üçün gedirik. Əgər Avropa Liqasında mübarizəmizi davam etdirmək istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik. "Qarabağ" kifayət qədər yaxşı komandadır, onlar indi öz meydanlarında oynayacaqlar. Yəqin ki, onların məqsədi qələbə qazanmaq olacaq. Lakin bizim də gedəsi yerimiz yoxdur. Bu mənada oyunun gərgin keçəcəyini düşünürəm.

Təəssüf ki, Avropa Liqasında bizdən gözlənilən oyunu sərgiləyə bilmirik. Komandanın liderləri bacarıqlarını ortaya qoymalıdırlar.

Məlum məsələdir ki, futbolçular Kiyev "Dinamo"suna məğlubiyyətdən (0:3) görə məyusdurlar. Ancaq bunu unudaraq, irəli baxmaq lazımdır. Həm Premyer Liqada, həm də Avropa Liqasında hələ heç nə itirilməyib. Sadəcə, meydanda ən yaxşı oyununu göstərmək lazımdır”.

"Dnepr" klubunun sabiq müdafiəçisi Sergey Matyukin də Ukrayna mətbuatına açıqlama verib:

“"Qarabağ"la ilk oyunda nələr baş verdiyini izah etmək çətindir. Rəqibi qiymətləndirməmələri haqda danışmağa dəyməz. Məncə, komandanın daxilində problemlər var. Təki, mən yanılım, ancaq futbolçuların gözündə qığılcım görmürəm. "Dnepr"in futbolçuları verdikləri müsahibələr və açıqlamalarında artıq hər şeyin itirildiyini bildirirlər. Ümid edirəm ki, məşqçilər heyəti və futbolçular vəziyyətdən çıxış yolu tapmağın vacib olduğunu anlayırlar. Baş məşqçi Miron Markeviçin fikirlərini oxudum. O, əsas hədəflərinin ölkə çempionatı olduğunu bildirib. Lakin düşünmürəm ki, "Dnepr" "Qarabağ"a məhz bu səbəbdən uduzdu. Təcrübəmdən də bilirəm ki, futbolçular bütün turnirlərdə, hər oyunda maksimum nəticə qazanmağa çalışırlar”.

Ukraynalı mütəxəssis, 2008-ci ildə “Neftçi”nin baş məşqçisi olmuş Anatoli Demyanenko “Qarabağ”- “Dnepr” oyunu haqda ölkəsinin mətbuatına danışıb. 55 yaşlı mütəxəssis “Dnepr”də eniş olduğunu bildirib:

“Dnepr” “Qarabağ”la oyunda sərgilədiyi futbolla heç nəyə ümid edə bilməz. “Dinamo” ilə oyun da göstərdi ki, komandada eniş var. Markevik komandada cəmi altı aydır çalışır. Onun zamana ehtiyacı var”.

Azərbaycan təmsilçisinin üzvlərinin və dəstəkçilərinin fikirlərini diqqətinizə çatdırırıq:

“Qarabağ”ın baş məşqçi Qurban Qurbanov “Dnepr”ə səfərdə qalib gəlsələr də, “bundan arxayınlaşmaq olmaz” dedi:

“İstədiyimiz kimi, hazırlaşmağa çox da vaxtımız yoxdur. Çempionat oyunları sıx qrafikdə keçirilir, sadəcə, iki gün vaxtımız vardı. Çalışırıq, oyuna kimi komandanı tam hazır vəziyyətə gətirək. “Dnepr”lə oyundan sonra da bildirdim ki, arxayınlaşmamalıyıq. Səfərdəki qələbə bizi sevindirsə də, bu o demək deyil ki, biz qarşıdakı oyunların hamısında qalib gələcəyik. Əsas məqsədimiz gələcək matçlara yaxşı hazırlaşmaqdır”.

“Qarabağ”ın futbolçusu Qara Qarayev Publika.az-a oyunla bağlı belə danışdı:

“Səfərdə “Dnepr”ə qalib gəlib, bunun sevincini xalqımıza yaşatdığımıza, tarixi ana şahidlik etdirdiyimizə görə çox sevindik. Ancaq o qələbəmiz bizdə arxayınlıq yaratmamalıdır. Bakıdakı oyun haqda çox ciddi düşünməli, qələbəyə köklənməliyik. Düzdür, Kiyevdəki matçda səhvlərimiz oldu. Növbəti qarşılaşmada çalışmalıyıq ki, həmin səhvləri təkrar etməyək. Düzdür, asan oyun olmayacaq. Amma “Dnepr” tək “Qarabağ”a yox, 30 min azarkeşə qarşı mübarizə etməyə çalışacaq. Bu da onlar üçün heç də asan olmayacaq”.

Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Şahin Diniyev “Qarabağ” – “Dnepr” oyunu haqda Publika.az-la fikirlərini bölüşdü:

““Qarabağ”ı çətin oyun gözləyir. “Dnepr”ə qalib gəlmək üçün təmsilçimiz hücum futbolu oynamalıdır. Bunu da komandamız çox yaxşı bacarır. Təbii ki, bəxt amili də öz sözünü deyəcək. Səhv etməmək mümkün deyil. Ancaq daha az səhvlərlə qələbə qazanmaq olar.

“Dnepr” Kiyevdəki kimi oynamayacaq. Belə deyərdim, hər iki tərəf üçün də ölüm-dirim mübarizəsi olacaq.

Rəqibimizin burada xal itirməsi növbəti mərhələ ümidlərinin üstündən xətt çəkməsi ilə nəticələnəcək. Təmsilçimiz isə qalib gələrək, qrupdan çıxa bilər. İnanıram ki, səfərdəki uğuru evdə də qazana bilərlər. Səfərdəki kimi ağıllı müdafiə olunmaq lazımdır”.

"Neftçi"nin baş məşqçisi Arif Əsədov saytımıza danışarkən "Qarabağ"ın "Dnepr"lə oyunda qələbə qazanacağına inandığını deyib:

“Düzdür,çətin olacaq. Amma düşünürəm ki, "Qarabağ" bu oyunda qələbə qazanacaq. Səfərdəki qələbədən sonra “Dnepr”“Qarabağ”ın necə bir komanda olduğunu görüb. Rəqib də qələbə qazanmaq üçün əlindən gələni edəcək. Çünki bu, onların “pley-off”a çıxmaq üçün yeganə şansıdır.

Ümidim var ki, təmsilçimiz bizi sevindirəcək. Ümumiyyətlə isə bol qollu oyun - ən azı, üç qol gözləyirəm”.

“Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev “Qarabağ” klubunun “Neftçi”nin onun vaxtında yazdığı tarixi təkrarladığını deyib:

"Qarabağ" bir neçə cəbhədə mübarizə aparır. "Qarabağ" Azərbaycanda Avropa Liqasının qrup mərhələsində qələbə qazanan ilk komanda oldu. Bunu alqışlamaq lazımdır. Bizim yazdığımız tarixi təkrarladı. “Qarabağ”a növbəti oyunlarda uğurlar arzu edirəm. Onlardan yenə qələbə gözləyirəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm