Azərbaycan millisini “kor” qoyan “Teryer” ləqəbli alman
Bizi izləyin

İdman

Azərbaycan millisini “kor” qoyan “Teryer” ləqəbli alman

Keçmişdə alman futbolçusu olub, hazırda futbol mütəxəssisidir. 6 il Azərbaycanda olduğu ərəfədə ən sevilməyən qonaqlardan biri kimi qəbul olunub.

Məşqçilik karyerası 8 müxtəlif komandada olub.

Publika.az “II taym layihəsi” çərçivəsində Azərbaycan futbol üzrə milli komandasının baş məşqçisi olmuş alman Berti Foqts haqda məlumat verəcək.

Foqts 2008-ci ildən 2014-cü ilin oktyabrınadək Azərbaycan millisinə başçılıq edib. Onun başlığı altında Azərbaycan millisi heç bir titul qazanmayıb.

Millimizdən getdiyi vaxtdan işsizdir.

Berti Foqts Azərbaycan yığmasını ən çox oyuna çıxaran baş məşqçidir.

"Borussiya” (Münhenqladbax) klubuna sadiq qalan alman

Onun əsl adı Hans-Hubert Foqtsdur. O, 1946-cı il dekabrın 30-da Almaniyanın Düsseldorf əyalətinin Büttgen şəhərində anadan olub.

Futbola ilk addımlarını 8 yaşında atıb. Belə ki, 1954-cü ildə anadan olduğu Büttgen şəhərinin “Büttgen” uşaq futbol klubunda futbol məşqlərinə başlayıb. 19 yaşında (1965-ci il) “Büttgen” klubunun əsas heyətində oynamağa başlayıb. Daha sonra Foqtsun oyununu bəyənən digər alman klubu onu heyətinə qatır.

Belə ki, Berti Foqts peşəkar futbolçu karyerasına 1965-ci ildə "Borussiya Münhenqladbax" klubunda başlayıb. Foqts burada sağ müdafiəçi mövqeyində çıxış edib. Foqts ilk oyununu Bundesliqanın birinci turunda "Borussiya Neunkirçen" klubuna qarşı keçirib. Berti 12 may 1967-ci ildə "Köln" klubu ilə oyunda "Borussiya" klubunun heyətində qol hesabını açıb. Oyunun 30-cu dəqiqəsində başla qol vuraraq hesabı 2-0-a çatdırıb.

Məşqçi kimi heç ürəkaçan təsir bağışlamasa da, Foqts futbolçu kimi pis oyun göstərməyib. 9 mart 1968-ci ildə "Hannover 96" komandası ilə görüşdə 70-ci dəqiqədə başla qol vuraraq hesabı bərabərləşdirib və "Borussiya Münhenqladbax"ı məğlubiyyətdən xilas edib.

Bundan sonra qol vurmağa alışmış Foqts növbəti oyunlarda da komandasının nəticə göstərməsində pay sahibi olub.

Hələ Foqts Almaniya Kuboku uğrunda yarışlarda da ilk qolunu "Köln" klubunun qapısına vurub. 1970-ci il avqust 5-də keçirilən oyunda 52-ci dəqiqədə qol vuraraq hesabı açıb.

1970-ci il sentyabrın 16-da "EPA Larnaka" klubu ilə UEFA Çempion Klublar Kuboku oyununa çıxaraq Berti Foqts qitəmiqyaslı yarışlarda debüt edib. Altı gün sonra keçirilən cavab qarşılaşmasında Foqtsun komandası "Larnaka" klubunu darmadağın edib. 10-0 hesabı ilə Borussiyanın xeyrinə başa çatan oyunun 83-cü dəqiqəsində Foqts komandasının sonuncu qolunun müəllifi olub. Daha sonra UEFA Çempion Klublar Kubokunun 1/8 final mərhələsinin ilk oyunda İngiltərənin "Everton" klubu ilə qarşılaşmada 35-ci dəqiqədə hesabı açıb.

Foqts 1977-1978-ci il mövsümündə Almaniya Kuboku və UEFA Çempion Klublar Kuboku turnirində də oyunlara çıxıb, lakin heç bir oyunda fərqlənə bilməyib.

1978-1979 mövsümündə Berti Foqts çox az sayda oyuna çıxıb. Berti Foqts sonuncu oyununu 2 iyun 1979-cu ildə "Nürnberq" klubuna qarşı keçirib.

Foqts "Borussiya” (Münhenqladbax) klubunun sadiq oyunçusu olub.

1965-1979-cu illərdə Berti "Borussiya” (Münhenqladbax) klubunun heyətində beş dəfə Almaniya çempionu, bir dəfə Almaniya kubokunun və iki dəfə UEFA kubokunun sahibi olub. Foqts bu illər ərzində "Borussiya” (Münhenqladbax) klubunun heyətində 419 oyun keçirib. Aktivinə 32 qol yazdırıb.

Millidəki karyerası - 96 oyun cəmi 1 qol

1967-ci ildən Almaniya milli futbol komandasına çağırılıb. 1978-ci ildə millidəki karyerasını başa vurub. Bu illər ərzində o, 96 oyunda meydana çıxıb, 1 qol vurub.

Karyerasının ən parlaq zirvəsi millinin heyətində 1972-ci ildə Avropa Kubokunu və 1974-cü ildə Dünya Kubokunu qazanıb. Həmçinin 1970-ci il dünya çempionatının bürünc, 1976-cı il Avropa çempionatının isə gümüş medalını qazanıb.

Berti Foqst AFR-in gənclər yığmasının tərkibində 9-23 yaşa qədər olan milli komandada 3 və ölkənin əsas yığmasının tərkibində 96 oyun keçirib. Foqts alman futbolunun tarixinə milli komandanın tərkibində ən çox oyun keçirmiş futbolçulardan biri kimi daxil olub. 20 oyunda o, meydançaya “komandanın kapitanı“ sarğısı ilə çıxıb. Karyerasının ən parlaq zirvəsi 1974-cü ildə - Almaniya milli komandası dünya çempionu adını qazananda olub.

İt kimi çevik olduğuna görə ...

Futbolçu karyerası ərzində nümayiş etdirdiyi oyuna görə “Teryer” ləqəbini almışdı. Həmçinin onun digər ləqəbi “Mak-Berti”dir.

“Teryer” ləqəbi ona, güman ki, futbolçu kimi çevikliyinə görə verilib.

Qeyd edək ki, "Teryer" bir köpək cinsidir. Əsasən kiçik olan bu itlər cəsur, çevik, enerjili və hiperaktiv canlılardır. Bu cinsin ən böyük növü AIREDALE teryeridir. Teryer növlərinin çoxu Britaniya adalarında ortaya çıxıb və siçovulların, dovşanları, tülküləri nəzarət altında saxlamaq üçün istifadə edilib. Daha böyük bəzi növlərindən isə porsuq ovlamaq üçün istifadə edilib.

Futbolçu karyerasına sonra

Almaniyanın son turnirinin qalibi olduğu üçün birbaşa final mərhələsinə vəsiqə qazandığı 1978-ci il dünya çempionatında da Foqts millinin heyətində çıxış edib. İlk və ikinci mərhələdəki bütün qrup oyunlarını əvəzolunmadan keçirib. Qərbi Almaniya ikinci qrup mərhələsini üçüncü yerdə tamamlayıb və növbəti mərhələyə vəsiqə qazana bilməyib. İkinci qrup mərhələsində Avstriya ilə oyun Berti Foqtsun milli komandadakı son oyunu olub. 1978-ci ildə millidəki karyerasına, 1979-cu ildə isə "Borussiya” (Münhenqladbax) klubundakı işinə son qoyub.

Məşqçilik karyerası

Məşqçiliyə futbolçu karyerasına son qoyduqdan dərhal sonra, 1979-cu ildə başlayıb. Onun məşqçi kimi ilk iş yeri Almaniyanın gənclərdən ibarət milli komandası olub. Foqst 1986-cı ildən etibarən əsas millidə baş məşqçinin köməkçisi, 1990-cı ildən etibarən isə Almaniya milli futbol komandasının baş məşqçisi olub.

Foqts millidə Frenz Bekkenbaueri əvəz edib. Berti Foqtsun başçılığı altında Almaniya milli komandası 1992-ci il Avropa çempionatının finalınadək irəliləyib, finalda Danimarkaya məğlub olaraq gümüş medal qazanıb. Bu da onun məşqçilik karyerasında ilk uğur olub.

Onun başçılığı altında Almaniya millisi 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının qalibi adını qazanıb. Bu, onun məşqçilik tarixində qazandığı ən böyük uğurdur.

Foqtsu həyat yoldaşı Avropa çempionu edib

Foqtsun 1996-cı ildə Avropa çempionluğunu qazanması ilə bağlı maraqlı məlumat var.

Belə ki, futbol üzrə Almaniya milli komandası 1996-cı ildə Avropa çempionluğunu baş məşqçi Berti Foqtsun həyat yoldaşı Monika Foqtsun müdrik məsləhəti sayəsində qazanıb. Bu haqda jurnalist Qari Niblokun qitə birinciliyi ilə bağlı yazısında bildirilir. Yazıda qeyd olunur ki, Foqts 1996-cı ildə İngiltərədə təşkil olunmuş Avropa çempionatına Lotar Matteusu kollektiv daxilində sabitliyi pozduğu üçün aparmayıb. Əvəzində məhz Monika Foqts ərinə “Oliver Birhoffu da özünlə İngiltərəyə götür” deyə müraciət edib. Berti Foqts həyat yoldaşının sözünü yerə salmayıb. Həmin vaxt 28 yaşı olan hücumçu İtaliyanın “Udineze” klubunda çıxış edirmiş.

Birhoff Avropa çempionatının qrup mərhələsində Çexiya ilə oyuna 81-ci dəqiqədə daxil olub. Görüş Bundestimin qələbəsi ilə nəticələnib – 2:0. Rusiya ilə növbəti qarşılaşmada hücumçu 85 dəqiqə meydançada olub və komandası böyük hesabla qalib gəlib (3:0). Qrup mərhələsinin son turunda Almaniyanın İtaliya ilə qolsuz heç-heçə etdiyi,1/4 finalda Xorvatiya üzərində 2:1, yarımfinalda isə əsas vaxtı 1:1 nəticələnən, penaltilərlə isə 6:5 hesablı qələbə qazandığı İngiltərə ilə görüşlərdə Birhoff oynamayıb.

Çexiya ilə final qarşılaşması öncəsi Berti Foqts ciddi kadr problemlərinə tuş gəlib. Komandada o qədər zədəli olub ki, ehtiyat qapıçılar Oliver Kan və Oliver Rek üçün meydan oyunçusu geyimləri hazırlanıb. Yığmanın həkimləri böyük səylər bahasına komandanın lideri Yurgen Klinsmannı milli sıralarına qaytarmağa müvəffəq olublar.

Oyuna gəldikdə, 59-cu dəqiqədə Karel Poborskiyə cərimə meydançası xaricində olunan kobudluğu italiyalı baş hakim Pyerluici Payreto penalti kimi dəyərləndirib. Patrik Berger isə qol imkanını əldən verməyib. Hesabda geri düşən Almaniyanı məhz Oliver Birhoff xilas edib. 69-cu dəqiqədə Mehmet Şollun əvəzinə meydançaya daxil olan Birhoff bundan 4 dəqiqə sonra hesabı bərabərləşdirib. Əsas vaxt 1:1 hesablı heç-heçə ilə nəticələnib. Ardından “qızıl top” vurulan kimi oyunun dayandırılması şərti ilə 30 dəqiqəlik əlavə vaxt təyin edilib. 95-ci dəqiqədə Birhoff bundestimin qələbə topunu vuraraq, yığmaya Avropa çempionluğunu qazandırıb.

Postundan uzaqlaşdırdılar

Almaniya milli komandası Berti Foqtsun rəhbərliyi altında iki dəfə dünya çempionatlarına vəsiqə qazanıb.

Lakin Avropa çempionatlarından fərqli olaraq, bu turnirdə rəhbərlik etdiyi millinin çıxışı uğurlu alınmayıb. Foqtsun başçılığı altında 1994-cü ildə dünya çempionatında Almaniya 1/4 finala qədər irəliləyib. Bu mərhələdə Bolqarıstana 2-1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Berti Foqtsun Almaniya millisindəki baş məşqçiliyi 1998-ci ilə qədər davam edib.

1998-ci ildə, dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya millisinə böyük hesabla uduzduqdan sonra Berti Foqst millinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.

İki il işsiz qalandan sonra Foqts, Leverkuzenin “Bayer”( 2000-2001) klubunun baş məşqçisi işləyib. Bundan sonra Küveyt (2001-2002), Şotlandiya (2002-2004), Nigeriya (2007—2008) milli yığma komandalarının baş məşqçisi olub.

Azərbaycandakı bədbəxtlik - Futbolumuzun qara günü

2008-ci ilin martında AFFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan millisinin baş məşqçisi təyin olunub.

Berti Foqts Azərbaycanda futbolun inkişafına dair iki illik proqramını AFFA-ya təqdim edib. Foqtsun müqaviləsinə görə, o, ayda 95 min avro qazanmalı idi. 2009-cu il iyun 7-də 0-1 hesabı ilə başa çatan Azərbaycan-Uels qarşılaşmasında azarkeşlər Foqtsu istefaya səsləyiblər. Mətbuat konfransı zamanı isə Foqts fikir bildirməyə başlayanda jurnalistlər zalı tərk ediblər.

Bundan 2 gün sonra Foqtsun rəhbərliyi altında İspaniyaya 0-6 hesabı ilə uduzaraq Azərbaycan millisi ev oyunlarında ən böyük hesablı məğlubiyyətlə üzləşib. Berti Foqtsun rəhbərliyi altında Lixtenşteynlə qarşılaşmada Azərbaycan millisi rəsmi oyunlarda ilk səfər qələbəsini qazanıb. 2009-cu ildə müqaviləsi 2011-ci ilə qədər uzadılıb. Yeni şərtlərə görə, Foqts ayda 150 min avro qazanmalı idi.

Hələ Avro-2012-nin iyunun 7-də Almaniya ilə keçiriləcək seçmə oyununa həsr olunan mətbuat konfransında iki jurnalist Foqtsa aftafa verib, biri isə məşqçiyə tualet kağızı atmışdı.

Foqts özü bununla bağlı belə məlumat vermişdi:

“Artıq polisə ərizə yazmışam və vəkillərlə görüşmək fikrim var. Həyatımda hər cür hadisə baş verib, amma belə bir hadisə olmamışdı. Baş verənlər barədə danışmağa söz tapmıram”.

Berti Foqts 2012-ci ildə şair, esseist Qismət Rüstəmovun "Foqtsun gündəliyi" başlıqlı yazılarına görə onu məhkəmə ilə hədələmişdi. Qismət Rüstəmovun imzasıyla dərc olunan bu məqalə futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun gündəliyi kimi təqdim edilmişdi. Müəllif inandırıcılığı artırmaq üçün hətta onu almancadan tərcümə etdiyini, gündəlikdə ancaq Azərbaycanla bağlı məqamları oxuculara çatdırdığını da bildirmişdi. Gündəlikdən parçalar işıq üzü görəndən sonra onun real olması barədə fikirlər yarandı. Bəziləri düşündü ki, həqiqətən, Foqts yeniyetmə qızlar kimi gündəlik yazıb və bu, hansısa yolla gənc yazarın əlinə düşüb. Üstəlik, orada “İçəndə elə gülürlər ki, ağızları cəhənnəmə bənzəyir. Elə bil içmirlər, ölümə qafiyə axtarırlar” cümləsi də çoxunu duyuq salmadı.

Q.Rüstəmov özü də təəccüb edir ki, çoxu onun bu yazısını real gündəlik kimi qəbul edib. O, bunun sadəcə müəllif yazısı olduğunu bildirmişdi.

Foqts isə demişdi ki, bəzi mətbuat orqanlarında onun şəxsiyyətini təhqir etməyə yönəlmiş, həqiqətəuyğun olmayan məlumatlar yer alıb: “Bununla əlaqədar artıq Almaniyadakı vəkilimlə əlaqə saxlamışam və bildirirəm ki, haqqımda yayılan dezinformasiyalarla bağlı məsələ öz həllini hüquqi müstəvidə tapacaq”.

Azərbaycandan qaçış

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi səfərdə Xorvatiya komandasına 6-0 hesabı ilə məğlub oldu. Bu məğlubiyyətdən sonra hər kəs onu istefaya səslədi. Siyasət adamları belə Foqtsun getməsinə tərəfdarı idi. Bir neçə gün Foqts qeybə çəkildi. O, rüsvayçılıqdan sonra ölkəsinə qaçdı.

Nəhayət 3 gün sonra onun istefa xəbəri təsdiqləndi. İsveçrənin Sürix şəhərində AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts arasında görüş keçirildi. Bu görüşdən sonra onun istefası rəsmən təsdiqləndi.

Haqqında yazılan bir iddia

Mətbuat orqanları iddia edir ki, Foqts “mavi”dir. Bu barədə açıq-aşkar məlumatlar olmasa da “google”da onunla bağlı bəzi şəkillər əldə etdik. Bu da iddianın təsirini daha artıran səbəb oldu. Hətta onun Xaynkeslə öpüşən yerdə şəkili var.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm