“Erməni idmançı qorxub döyüşdən imtina etdi” – FOTOLAR
Bizi izləyin

İdman

“Erməni idmançı qorxub döyüşdən imtina etdi” – FOTOLAR

Hələ 24 yaşında qaydasız döyüş növlərindən K1 üzrə həm dünya, həm də Avropa çempionu olmuş Samir Hüseynovla maraqlı söhbətimiz oldu.

Onunla idmana olan sevgisindən, uğurlarından, eləcə də erməni döyüşçünü 1 dəqiqə ərzində nokaut vəziyyətinə salmasından bəhs etdik. Ləqəbi “Tiqr” (Pələng) olan Samir Hüseynov ilk dəfə Publika.az-a danışır.

- Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

- Samir Hüseynov - K1 idman növü üzrə dünya və Avropa çempionuyam. Gürcüstanın Bolnisi əyalətində doğulmuşam. İllərdir Bakıda yaşayıram. Hazırda həm döyüşürəm, həm də məşqçi kimi fəaliyyət göstərirəm. Beş dəfə Azərbaycan, 6 dəfə Bakı çempionu olmuşam. 14 peşəkar döyüşün qalibiyəm. Asiya və Avrasiya kəmərinin sahibiyəm. Dünya və Avropa, o cümlədən dünya kuboku çempionluqlarım var. Bundan başqa, nailliyət arzum da yoxdur. Qalanını zaman göstərər.

- İlk dəfə səni idmana kim yönəltdi?

- İdmanla tanışlığımı sinif yoldaşıma borcluyam. Məktəbli vaxtlarımda güləşlə məşğul olmuşam. Güləş üzrə ikiqat Azərbaycan çempionluğum var. 2006-cı ilə qədər güləşmişəm. Yadımdadır ki, məktəb illərimizdə hər kəs idmana gedirdi. Sinif uşaqları arasında gizli bir rəqabət vardı. Bu rəqabət mənim də həvəsimi birə-beş artırırdı. Bilirdim ki, məndən oxuyan olmaz. Ona görə də idmana tərəf yönəldim və bundan da çox məmnunam. Sonra 2007-ci ildən özümü kikboksda sınadım. Bu idman növündə də uğurlarım oldu. Yumruq atmaq, təpik vurmaq kimi hərəkətlər diqqətimi çəkirdi. Həm də Van Dammın, Brüs Linin filmləri mənə təsir etmişdi. Onların filmləri mənə güc aşılayırdı. Güləşi buraxdım. Təbii ki, məşqçilərimin, müəllimlərimin əməyini inkar edə bilmərəm. Bu, danılmazdır. İlk vaxtlar məşqçi kimi Ruhi Hüseynovun köməyi olub. İndi isə Sənan Ağakişiyev mənə baş məşqçilik edir. Döyüşlərə hazırlayır, çalışdırır.

- K1 digər idman növlərindən nə ilə fərqlənir?

- K1 döyüşü çoxdan yayılmış, məşhur qaydasız döyüş növlərindəndir. Sadəcə, Azərbaycana yayılması, dəbə düşməsi gec baş verdi. 2009-cu ildən Azərbaycanda bu idman növünə maraq, diqqət artdı. Yeniyetmələr bu döyüş növünə üstünlük verməyə başladılar. Bu, sevindiricidir. K1-in digərlərindən başlıca fərqi budur ki, təkbətək döyüşləri daha yaxşı səviyyədə öyrədir, özünümüdafiə üçün ideal döyüş növüdür. Kikboksla bənzərliyi olsa belə, K1 unikal döyüşdür.

- Ən ağır və ən asan döyüşün?...

- Azərbaycanda K1-in federasiyası yoxdur. Sizi inandırım ki, indiyədək heç bir döyüşdə məğlub olmamışam. Rusiyada təşkil olunan turnirdə burnum qırılmışdı, ancaq döyüşü sonadək başa çatdırdım. Hətta zədəli olsam da, finaladək irəlilədim və çempion oldum. Elə burnumun qırılması ən çətin vəziyyətim olub. Təsəvvür edin ki, zərbəni alırsan, burnun qırılır, sümük çıxır. Məşqçilərim görüşü dayandırmaq istəsələr də, etiraz etdim və döyüşə davam edərək uğur əldə etdim. Ən əsası, vətənə qızıl medalla döndüm. Komandada yeganə mən qızıl medal qazana bilmişdim. Bu turnir mənim üçün unudulmaz idi. Asan görüşlərim də olub, normal döyüşlər keçirmişəm. Ancaq hər döyüşün mütləq çətin anları olur.

- Başqa idman növləriylə maraqlanırsan?

- Boks xoşuma gəlir. Təbii ki, professianal boks. Ən sevdiyim və azarkeşi olduğum boksçu Fariz Məmmədovdur. Ümumiyyətlə, döyüş növlərini sevirəm.

- Hansısa məşhur döyüşçü kumirin varmı?

- Döyüşçü kumirim Fariz Məmmədovdur. Onu heç bir idmançıya dəyişmərəm. İstər dünya olsun, istərsə də Avropa, başqa heç bir döyüşçünü özümə ideal saymıram. Fariz kimi döyüşən heç dünyada da yoxdur. O, mənim sevdiyim, rəğbət bəslədiyim bir idmançıdır...
Rusiyada final qarşılaşmasından əvvəl mənə dağıstanlı bir idmançı yaxınlaşdı. Dedi ki, biz azərbaycanlıları görəndə qorxuruq. Deyirik ki, Azərbaycanın aslanları gəlir. Siz də bizi görəndə qorxursuz, deyirsiz ki, Dağıstanın vəhşiləri gəlir. Siz bizdən qorxursunuz, biz də sizdən. Ancaq biz sizdən daha çox qorxuruq... Həqiqətən də, bizdə güclü idmançılar çoxdur. Sadəcə, irəli çəkən yoxdu.

- Bir çox ölkələrdə döyüşlərdə olmusan. Maraqlı, yaddaqalan hadisələrlə üzləşmisənmi?

- İdman həyatımda bir çox ölkələrə səfər etmişəm, təcrübə qazanmışam. Ağır döyüşlər keçirmişəm. Ancaq siz deyən elə də qeyri-adi hadisələrlə qarşılaşmamışam. Rusiyada görüşdüyüm döyüşdə ermənini 1 dəqiqə ərzində məğlub etmişdim. Ən yaddaqalan döyüşüm bu olub. Mənim üçün qürürverici məqam idi. Erməni idmançı ilə döyüşdən əvvəl çox əsəbi idim. Məndən həm çəkidə, həm boyda üstün idi, fiziki baxımdan da yaxşı vəziyyətdə görünürdü. Ancaq “Allahın izni” ilə deyib, döyüşə çıxdım. Heç bir aman vermədən, qalib gəldim. Bir dəfə isə Gürcüstanda erməni ilə döyüşəcəkdim. Nədənsə, döyüşdən imtina etdi. Yəqin, qorxdu.

- Rəqiblərindən bir çəkinmə, qorxu hissin varmı?

- Heç bir rəqibimdən çəkinməmişəm, qorxmamışam. Yalnız Allahdan qorxuram. Məşqə yeni başlayanda qorxu hissi yaşayırsan. Çəkinmək təbii haldır. Ancaq zaman ötdükcə qorxunu unudursan. Mən də belə bir xüsusiyyət də var ki, döyüş zamanı qolum qırılsa da, gözüm zədələnsə də, dayanmıram. Sona kimi gedirəm. Öldü var, döndü yoxdur.

- İdman sənin üçün nədir? Bir cümlə ilə ifadə et.
-
İdman mənim üçün həyatdır, sağlamlıqdır...

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm