Sərbəstlər 2-ci, yunan-Romaçılar 3-cü oldu
Bizi izləyin

İdman

Sərbəstlər 2-ci, yunan-Romaçılar 3-cü oldu

Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri keçirilib. Komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları iştirak edib.

Publika.az xəbər verir ki, reqlamentə əsasən, komandalar iki yarımqrupda yarışıb. Püşkatmanın nəticələrinə əsasən, sərbəst güləş üzrə yığmamız Türkiyə ilə eyni yarımqrupda mübarizə aparıb. Güləşçilərimiz 6:2 hesablı qələbə qazanaraq finala yüksəlib. Digər yarımqrupda Rusiya, Belarus və Ukrayna güləşçiləri yarışıb. Komandamız finalda Rusiya güləşçiləri ilə qarşılaşıb. Sərbəst güləşçilərimiz turniri ikinci sırada tamamlayıb və Avropa Millətlər Kubokunun gümüş medalına sahib olub.

Yunan-Roma güləçilərimiz isə, Rusiya və Bolqarıstanla eyni yarımqrupda mübarizə aparıb. Bolqarıstanla gərgin keçən görüş 4:4 hesabı ilə başa çatıb. Daha keyfiyyətli fəndlərə və xal hesabına görə, qələbə yığmamıza verilib. Komandamız qrupda növbəti görüşünü Rusiya yığmasına qarşı keçirib. Türkiyə, Ukrayna və Macarıstan güləşçiləri isə digər yarımqrupda mübarizə aparıb. Yunan-Roma güləşçilərimiz öz yarımqrupunu ikinci sırada tamamlayıb. Bu nəticə ilə, yunan-Roma yığmamız Macarıstan güləşçiləri ilə bürünc medal görüşünə çıxıb. 6:2 hesablı qələbə ilə yığmamız Avropa Millətlər Kubokunu üçüncü sırada tamamlayıb.

Sərbəst güləş yığmamız Moskvada baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çıxış edib. Yığmanın heyətində Mahmud Məhəmmədov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Aslan Dzebişov (125 kq) yer alıb.

Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparan yunan-Roma güləşi yığmasının heyətinə 10 güləşçinin adı daxil edilib. Yunan-Roma güləşi yarışlarında ölkəmizi Rövşən Bayramov, Elman Muxtarov (hər ikisi 59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), Rafiq Hüseynov, Şəhriyar Məmmədov (hər ikisi 85 kq), Araz Həsənov (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm