Cahangir Əsgərovun qurumunda ara qarışdı - Bir yaxşı, bir pis xəbər ...
Bizi izləyin

İdman

Cahangir Əsgərovun qurumunda ara qarışdı - Bir yaxşı, bir pis xəbər ...

Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovun millinin keçmiş baş məşqçisi Zlatan Vanevi bağışlaması barədə məlumat vermişdik.


Belə ki, Ağır atletika millisinin keçmiş baş məşqçisi Zlatan Vanevə yenidən federasiyada iş verilib. Məlumata görə, Vanev ölkəmizdə işini davam etdirəcək. Ancaq onun işi milli ilə bağlı olmayacaq, Vanev federasiyaya baxan klublardan birində çalışacaq. O, bu işi ilə milliyə yardım göstərəcək. (http://publika.az/p/48077)


Yeni məşqçi idmançılarla əlbəyaxa …


Publika.az-ın aldığı məlumata görə, Vanevlə bağlı problem yaranıb.


Belə ki, millininin keçmiş baş məşqçisinin çalışdığı klubda idmançılarla onun arasında problem yaranıb.


Ağır atletlər Vanevin məşq qrafikindən narazı qalıblar. İdmançılar onun işini düzgün idarə etmədiyini deyib.


Hətta idmançılardan biri az qala məşqçi ilə əlbəyaxa da olacaqmış. Səbəb isə onun məşqləri düzgün aparmaması, sistemi düz qurmamasıdır. İdmançılar etiraz ediblər ki, bu sistemlə hansısa nəticə əldə edə bilməzlər.


Federasiyanın prezidenti ilə görüş

İndi klubda Vanevin fəaliyyəti ilə bağlı müzakirələr gedir.


Federasiyaya yaxın mənbədən verilən məlumata görə, Vanev isə məsələyə olmamış kimi, laqeyd yanaşır. Sanki postunda “pərçimlənib”. Yerini tərk etməyəcəyinə o qədər əmindir ki, hətta narazılığa səbəb olan məşq prosesində belə dəyişiklik etmir.

Məlumata görə, yaxın günlərdə Vanev ondan narazılıq edən idmançılarla birlikdə bağlı olduqları federasiyanın - Ağır Atletika Federasiyasının rəhbərliyi ilə görüş keçirəcək. Həmin görüşdə federasiyanın prezidentinin də olacağı güman edilir.


İdmançılara təsir edən “qruplaşma”


Digər məlumat isə federasiyada qruplaşmaların davam etməsidir. Keçən il qruplaşma üzündən ziddiyyətlərin yaşandığı qurumda həmin hadisələr yenidən baş qaldırıb. Bu da idmançıların perspektivinə təsir edir. Yarışlara hazırlaşmasına təsir edir.


Olimpiya mükafatçımız geri qayıtdı


Maraqlı və sevindirici məlumatlardan biri də dopinqdə adı hallanan, 2 il müddətinə cəzalandırılan olimpiya mükafatçımız Valentin Xristovun məşqlərə yenidən başlamasıdır.

O da cəzasının bitməsinə 1 il 4 ay qalmış artıq məşqlərə başlayıb. O, əvvəlki formasına qayıtmaq üçün əlləşir.


Bu müddət bitdikdən sonra idmançının yarışlarda iştirakına, demək olar ki, heç bir əngəl qalmır.


Xatırlatma


Xatırladaq ki, Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısının qazandıqları medallardan məhrum olunması ilə bağlı rəsmi saytında məlumat yaymışdı.


Bildirilirdi ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.


Sonra isə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası azərbaycanlı idmançılara (IWF) ağır cəza kəsildiyi ilə bağlı rəsmi saytında məlumat yerləşdirib. Üstəlik cəzaya məruz qalan idmançıalrın da sayı 5 yox, 9 olub. Yer alan məlumatda bildirilir ki, Azərbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntiqam Zairova iki il, Zülfüqar Süleymanova isə ömürlük yarışlarda iştirak etmək qadağan edilib.


Hətta Azərbaycanın Ağır atletika Federasiyasına yeni komandanın təşkil edilməsi barədə məsləhətlər də verilib.

Bu məsələ ilə bağlı mətbuatda kifayət qədər məlumat yer aldı. Bir il əvvəl medal qazanan idmançıların indi cəzaya məruz qalması müəyyən söz-söhbətlər ortaya çıxartdı. Ancaq təəssüf ki, Azərbaycan ağır atletika Federasiysaının rəsmiləri həqiqəti deməkdən çəkindilər.


Bir müddət sonra Gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Beynəlxalq Ağır Atletika Federasiyasının cəriməsi ödənilib.


Nazir bildirmişdi ki, beynəlxalq federasiyanın 500 min dolları ödənilsə də, hələlik bəzi məsələlər açıq qalıb.


Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm