Ebolanın vətənindən gələn futbolçunu Azərbaycanda niyə müayinədən keçirmədilər?
Bizi izləyin

İdman

Ebolanın vətənindən gələn futbolçunu Azərbaycanda niyə müayinədən keçirmədilər?

Azərbaycan klublarında çıxış edən Julius Vobay (“Neftçi”) və Alfred Sanko (“Xəzər Lənkəran”) pis xəbər alıblar.

Publika.az-ın məlumatına görə, onlar Afrika Millətlər Kubokundakı çıxışlarını başa vurublar.

Vobay və Sankonun şərəfini qoruduğu Syerra-Leone millisi bu turnirdə mübarizəni davam etdirməkdən boyun qaçırıb. Səbəb isə ölkənin dəhşətli gerçəyinə çevrilən Ebola virusudur.

Syerra-Leonenin diqqəti virusla mübarizəyə yönəldiyindən, futbolu düşünən yoxdur. Bu barədə yığmanın baş məşqçi köməkçisi Sander de Kramer də açıqlama verib. O bildirib ki, bu durumda yarışda çıxış etmək mənasızdır.

Məlumat üçün bildirək ki, seçmə mərhələdə Kamerun, Konqo DR və Fil Dişi Sahili milliləri ilə eyni qrupda yer alan Syerra-Leone 4 oyundan sonra 1 xal toplamaqla, sonuncu pillədə qərarlaşıb. Vobay 3, Sanko isə 1 matçda meydana çıxa bilib. Son iki turda isə onların komandasına məğlubiyyət veriləcəyi gözlənilir.

Maraqlıdır, hər ehtimala qarşı Alfred Sanko müayinədən keçibmi?

Bu sualla “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğluna müraciət etdik. Klub rəsmisi Publika.az-ın sualını belə cavabladı:

“Sanko 11-ci turdan sonra yaşadığı ölkəyə - Norveçə 5 günlük gedib-qayıdıb. Yəni, zədəsi olduğu üçün milliyə dəvət alsa da, Syerra-Leoneyə getmədi. Odur ki, müayinəyə ehtiyac qalmadı”.

Xatırladaq ki, mətbuatda yayılmışdı ki, Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunla qarşılaşmadan qayıdan Syerra-Leone millisinin üzvü Julius Vobay karantinə alınıb. Guya Bakıya çatan kimi futbolçu dərhal həkim müayinəsinə göndərilib. Onda hər hansı bir virus aşkarlanmasa da, Vobay hazırda "Neftçi" həkimlərinin ciddi nəzarətindədir və onu hər gün yoxlayırlar.

Ancaq “Neftçi”dən klubumuza verilən məlumatda bildirilmişdi ki, futbolçunun karantinə alınması yanlış məlumatdır: “O, karantində deyil. Sadəcə, paytaxt xəstəxanalarının birində müayinəyə alınıb. Heç bir virus aşkarlanmayıb. O, təlim-məşqlərini davam etdirir”. (http://publika.az/site/p/47909).

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm