Berti Foqtsu ən çox tənqid edən məşqçi: “Müharibə məni vətənimdən etdi”
Bizi izləyin

İdman

Berti Foqtsu ən çox tənqid edən məşqçi: “Müharibə məni vətənimdən etdi”

O, kosovalı türk əsilli keçmiş futbolçu və baş məşqçidir. Bir çox ölkələrdə məşqçi kimi fəaliyyət göstərib. Türkcə ilə yanaşı yuqoslav, ingilis, bolqar və bir çox dilləri mükəmməl səviyyədə bilir.

Publika.az II taym layihəsi çərçivəsində, demək olar ki, həmişə dilinin bəlasına düşən Naci Şensoy haqda məlumat verəcək.

Bildiyiniz kimi, Şensoyun Azərbaycanla da bağlılığı var. Belə ki, o, Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi kimi fəaliyyət göstərib. Ölkəmizdə 3 dəfə çalışmaq şansı qazanıb.

Yuqoslaviya dağıldı, evinə qayıda bilmədi

“Mən 1958-ci il fevralın 20-də Kosovanın Prizren şəhərində dünyaya gəlmişəm. Bilirsiniz ki, Kosova əvvəl Serbiya Respublikasına bağlı muxtar vilayət idi. Bu ölkənin 2 milyon əhalisi var və onun 90 faizi albanlar idi. Ancaq orada osmanlılardan qalma yalnız 25 minə qədər türk yaşayır. Mən də onlardan biriyəm.

Prizren şəhərində ilk və orta təhsilimi ana dilimdə - türk dilində bitirdim. Bundan sonra Priştine Universitetinin iqtisadiyyat fakültəsinə daxil oldum. Orada yuqoslav dilində təhsil alırdım. Paralel olaraq “Prizrenin Liria” və “Priştine” kimi komandalarda futbol oynadım.

Kosovanın gənclərdən ibarət yığmasının formasını dəfələrlə geyinmişəm.

1987-ci ildə peşəkar futbol oynamaq üçün Türkiyəyə gəldim. Burada “Ankara Petrol Ofisi”, “Vanspor” və “Manisaspor” kimi klublarda oynamışam. 1989-cu ildə Yuqoslaviya dağılmağa başlayan zaman Kosovaya qayıda bilmədim və Türkiyədə qərarlaşdım. İndi də İstanbulda yaşayıram”.

Futbolçu karyerası

1988–1991 - Manisaspor - 50 - 0

1991–1992 - Vanspor 31 - 1

1992–1993 - Tarisspor 5 - 0

Türkiyədə bir ilk ...

“Futbolu buraxdıqdan sonra məşqçiliyə başladım. İlk olaraq “Manisaspor”da köməkçi məşqçi kimi çalışdım.

“Fənərbaxça”da məşhur yuqoslaviyalı məşqçi Todor Veslinoviçin köməkçisi işlədim. “Erzurumspor” , “Altay” kimi komandalarada çalışdım.

Bunda sonra baş məşqçi kimi fəaliyyətə başladım. “Yıldırm Bosna” , “Turan” , Bolqaristanın “Slavia Sofya” , “İstanbulspor” , “Pirin Blaoqevqrad” , “Belasiça”, “ Vihre”n , “Lokomotiv Plovdiv” , Serbiyanın “BSK Borça”, Albaniyanın “Bilis Ballş” və “Kukesi” komandalarnda baş məşqçi işlədim.

2007-ci ildən UEFA-nın ən yüksək diplomu “UEFA_Pro” kateqoriyam var. Bu lisenziyanı Türkiyədə ilk mən almışam.

Azərbaycana ilk gəlişi...

Onun ilk dəfə Azərbaycanda işləməkdə məqsədi müharibədən çıxmış qardaş ölkəyə yardım etmək olub. Özü bu barədə belə danışıb:

“ 2000-ci ildə iğdırlı Azərbaycan əsilli bir dostum mənə ölkənizdə işləmək istəyib-istəmədiyimi soruşdu. O mənə belə dedi: “Azərbaycan yeni müharibədən çıxıb. Onlara hərtərəfli kömək etmək lazımdır. Sən də oraya get və Azərbaycan futbolunun inkişafına yardımçı ol”. Para-pul, heç nə danışmadıq. Mən də “niyə olmasın” dedim və Vidadi Əhmədovun prezidentlik etdiyi “Turan” klubuna getdim. Bununla da, Azərbaycan futbol tarixində ilk əcnəbi məşqçi oldum. Azərbaycan yeni müharibədən çıxmışdı. İşləmək üçün şərait çox da yaxşı deyildi. Futbolçular üçün yemək bəzən olmurdu. Tovuzda işıqlar tez-tez sönürdü. Qaldığımız bazada işıq ümumiyyətlə yox idi. Xatırlayıram, cəmi bir generator vardı. Amma onu çalışdırmaq üçün mazut pulumuz da yox idi. Çox vaxt məşq proseslərini axşamlar şam işığında keçirdik. Futbolçular əşyalarını öz əlləri ilə yuyurdular. Çünki xadimə və paltaryuyan maşın da yox idi. Bir neçə dəfə ağlımdan getmək keçdi. Ancaq öz-özümə “əmanətə xəyanət olmaz” deyirdim. Düşündüm ki, mütləq dözməli, ən azından, bu mövsümü başa vurmalıyam. Burada yarım mövsüm işlədim”.

Ölkəmizə ikinci gəliş – tovuzluların istəyi ilə...

Onu Azərbaycana ikinci gəlişi 2004- 2005-ci illərdə oldu. Əvvəlkiylə müqayisədə bu dəfə şərait çox yaxşı idi:

“Məni o vaxtkı AFFA prezidenti, rəhmətlik Ramiz Mirzəyev dəvət etdi və dedi ki, sənin işini tovuzlular çox bəyənib, gəl Azərbaycan futbolunun səviyyəsini əl-ələ verib qaldıraq”.

Bu dəfə şərait o dövrkü prezident Tahir Yusifov sayəsində dəyişmişdi və Tovuz klubunun 1,5 milyon dollarlıq illik büdcəsi vardı.

Amma klubun qarşısında “Neftçi” , “Karvan”, “Qarabağ”, “Xəzər Lənkəran” və “İnter” kimi 10 -15 milyon dollarlıq büdcələri olan komandalarla mübarizə etmək hədəfi dururdu. Nəhayət, Naci Şensoyun çalışdırdığı “Turan” o il mövsümü 4-cü yerdə başa vurdu.

“Turan”dan qalmaqallı ayrılıq....

“Turan”ın ona 120 min borcu vardı. Belə ki, sonuncu dəfə “Turan”da işlədiyi vaxtlarda 2 illik müqaviləsi davam edirdi.

“Amma çox qazandığımız halda Musa Süleymanov mənim müqaviləmi təktərəfli şəkildə pozdu”.

O, bu hərəkətə layiq olmadığını düşünərək Musa Süleymanovdan UEFA-ya şikayət edib və məhkəməyə baş vurub:

“Musa Süleymanovdan mənə təzminat ödəməsini tələb etdim. Ancaq məhkəmə işi iki il davam etdi. Musa Süleymanov da “Turan”dan ayrılmışdı. Buna görə məhkəmə işi açılar-açılmaz öz vəkilimə bir təklif verdim. Dedim ki, sənin bu məhkəmə işini udmaq şansın nə qədərdir? O da mənə dedi: “Mən peşəkar idman vəkiliyəm. İndiyədək yüzlərlə belə məhkəməni qazanmışam. Əminliklə deyə bilərəm ki, məhkəməni 100 faiz qazanacağıq”. Cavab verdim ki, çox əminsənsə, o zaman mənə indi 30 min dollar ver, mən də sənə bu məhkəmə işini verirəm. Məhkəməni qazandığın zaman 120 min dollar sənin olacaq. Beləliklə, məhkəməni vəkilimə həvalə etdim. İki il sonra UEFA mənim haqlı olduğuma qərar verdi, ancaq “Turan” Premyer Liqadan çıxmışdı və klub adını dəyişdirdi. Bununla da təkcə mənim vəkilim yox, “Turan”dan alacağı olan bütün insanlar pullarını ala bilmədilər. Mənsə ağıllı hərəkət edərək 120 min dollar yox, 30 min dollar aldım. Vəkilim isə bu məhkəmədə 30 min ziyana uğradı”.

Azərbaycana gəlməyə iki il qadağa

Məni iki il Azərbaycanda işləmək qadağasını AFFA-nın keçmiş baş katibi Fuad Əsədov qoymuşdu. Çünki mən açıqsözlü bir insanam. Azərbaycanda çatışmazlıqları heç qorxmadan və çəkinmədən deyirdim. Bu da bürokrat mənşəli rəhbər olan Fuad Əsədovun maraqlarına uyğun gəlmirdi. O vaxt AFFA-nın prezidenti Ramiz Mirzəyev mənə çox hörmət edirdi. Hətta mənə Torrestdən sonra yığmanı çalışdırmağı təklif etmişdi. Amma qismət olmadı, Ramiz müəllim də rəhmətə getdi. Bunu Fuad Əsədov qısqanırdı və əlindən gəldiyi qədər çalışırdı ki, mən yığmaya keçməyim. İndi mən soruşuram Fuad Əsədov haradadır? Heç kim bilmir və heç kim maraqlanmır”.

“Prinsiplərimizdə fikir ayrılığı ...”

Öncə də qeyd etdiyimiz kimi, Naci Şensoy məşqçi kimi bir çox ölkələrdə fəaliyyət göstərib. Belə ki, o, 13 klubda məşqçi işləyib. Bunların onunda baş məşqçi olub. Son ayrıldığı klub Albanianın “Kukesi” klubu olub.

- "Kukesi”dən niyə ayrılmışdınız?

- 2 ay öncə Albaniya klubundan ayrıldım. Klub rəhbərliyi ilə iş prinsiplərimizdə fikir ayrılığı yarandı. Onlar qalmağımı istəsələr də, istefa verməyi qərara aldım. Albaniyada ümumilikdə 2,5 il çalışdım. Əvvəlcə elitanı tərk edən "Bilesi”ni çalışdırdım və komandanı ölkə kubokunun finalına yüksəldə bildim. Analoji uğura Bolqarıstanda da "Pirin"lə imza atmağı bacarmışdım.

Məşqçi karyerası

2000–2001 - İstanbulspor (köməkçi)

2001–2002 - Alibeyköy SK

2002–2003 - Turan Tovuz

2003–2004 - Slavia Sofia (köməkçi)

2004–2005 - Turan Tovuz

2006–2007 - Belasitsa Petriç

2007–2008 - Pirin Blaqoevqrad

2008–2009 - Vihren Sandanski

2010–2011 - Lokomotiv Plovdiv

2011–2012 Borça

2012–2013 - Bilis Ballş

2013–2014 - FK Kukesi

2014 - Gənclərbirliyi (31.05.2015)

Hazırda iş yeri

Türkiyəli təcrübəli mütəxəssis Naci Şensoy 24 oktyabr 2014 tarixindən etibarən Türkiyə Superliqasında çıxış edən "Gənclərbirliyi"ndə baş məşqçi İrfan Buzun əsas köməkçisi vəzifəsinə təyin olunub. Onun “Gənclərbirliyi” ilə müqavilə müddəti 2015-ci ilin mayın 31-dəkdir.

Berti Foqtsu ən çox tənqid edən məşqçi

Onu da bildirək ki, Azərbaycanın keçmiş baş məşqçisi Berti Foqtsu ən çox tənqid edənlərdən biri də Naci Şensoy olub. O, bizə keçmiş müsahibələrinin birində Foqtsun ölkəmizdə fəaliyyəti ilə bağlı belə demişdi:

“Mən bir neçə dəfə demişəm, yenə təkrar edirəm, Azərbaycan millisini yerli məşqçi çalışdırmalıdır. Çünki Berti Foqts həm uğursuzdur, həm də uğur qazanmaq üçün can yandırmır. Uğur qazanmaq üçün Foqtsda heç bir həyəcan görmürəm. O, sadəcə olaraq Azərbaycana gələndə günlərini sayıb, pulunu alıb, Almaniyaya dönərək istirahəti ilə məşğul olur. Əgər sən doğma meydanda Lüksemburqu uda bilmirsənsə, daha orada niyə oturursan? Tam əminliklə deyə bilərəm ki, yerli məşqçi olsaydı, belə nəticədən sonra, bəlkə də, artıq onu qovmuşdular. Berti Foqtsla yollar dərhal ayrılmalı, Azərbaycan millisi yerli məşqçiyə həvalə olunmalıdır. Klubdan fərqli olaraq, millidə baş məşqçi öz hislərini, emosiyalarını futbolçulara dolğun şəkildə çatdırmalıdır. Əgər bunu tərcüməçi çatdırırsa, orada çətin ki, uğur ola”.

Uğurumun arxasında xanımım durur

- Ailənizdən danışardınız. Güman ki, oxucular üçün də maraqlı olar, Naci Şensoy necə ata və ailə başçısıdır?

- Ailəliyəm, iki övladım var. Qızım Cemre Hacettepe Universitetinin stomatologiya faküktəsini bitirib, hazırda ixtisas artırmaqla məşğuldur. Oğlum Canfurkan futbol üçün yetərli dərəcədə qabiliyyəti olsa da, “Qalatasaray”ın əvəzedici heyətində oynasa da, onun universitet oxumasını istədim. O, Kocaeli Universitetinin inşaat fakültəsinin sonuncu kurs tələbəsidir. Həyat yoldaşım evdar qadındır.

- Azərbaycana ailənizlə gəlmişdiniz?

- Xeyr. Azərbaycanda çalışdığım zamanlarda onlar bəzən yanıma gəlir, mənə dəstək olurdular. Çox xoşbəxt bir ailə həyatım var. Amma etiraf etməliyəm ki, onlardan çox uzaq qaldım, mənim işimin ən çətin tərəfi budur. Çox anlayışlı bir həyat yoldaşım var və mənim davamlı uğur qazanmağım üçün çox dəstək olub.

- Uğurlu məşqçinin xanım dəstəyinə ehtiyacı var?

- Əlbəttə. İndi deyəcəyim, bəlkə, çox klassik səslənəcək, amma belə bir söz var: “Hər uğurlu kişinin arxasında mütləq uğurlu bir qadın var”.

- Yəni?

- Yəni, mənim də vəziyyətim bundan ibarətdir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm