Tailandda “Bakı-2015”lə bağlı məlumat verilib
Bizi izləyin

İdman

Tailandda “Bakı-2015”lə bağlı məlumat verilib

Azərbaycan Milli Olimpiya Komitəsinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin rəhbər şəxsləri Tailandın paytaxtı Banqkokda Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) XIX baş assambleyasında birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar əldə edilmiş irəliləyişlər haqqında məlumat veriblər.

Publika.az-ın məlumatına görə, tədbirdə 204 Milli Olimpiya Komitəsinin nümayəndələri iştirak ediblər.

Assambleyada Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və s. iştirak ediblər.

K.Nurullayeva assambleyada çıxış edərək deyib: “Gələn il biz Bakıda Azərbaycanın idman tarixində ən qürurverici hadisə olacaq ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Milli Olimpiya Komitəsində fəaliyyət göstərən hər kəsin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsində çalışan dostlarımızın gərgin zəhməti sayəsində biz gələn il dünyanı Azərbaycanda salamlamağa hazır olacağıq. Bu, Avropa idmanının şərəfli tarixində yeni səhifə açacaq bayram olacaq”.

Saymon Kleq və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin komandası Avropanın Milli Olimpiya komitələrinin prezidentlərinə və baş katiblərinə Avropa Oyunlarının qitədə və dünyada yayımı haqqında imzalanmış sazişlərlə bağlı yenilikləri çatdırıblar. Onlar, həmçinin idman proqramı ilə əlaqədar son irəliləyişlər və “Bakı-2015”in uğurla həyata keçirdiyi ilk üç sınaq yarışı haqqında da ətraflı məlumat veriblər.

S.Kleq bildirib: “Bu vaxta qədər mühüm təcrübələr qazanmışıq. Komandamız Avropanın bütün Milli Olimpiya komitələrinə nümunəvi xidmətin göstərilməsi, onların ilk Avropa Oyunlarından ən xoş təəssüratla ayrılmaları məqsədilə gələn ilin əvvəllərinə planlaşdırılan çoxsaylı sınaq yarışları ilə inkişafa davam edəcək”.

Baş ofisi İsveçrənin Lozanna şəhərində yerləşən MOKA 1979-cu ilin iyununda təsis edilib. Qurumun məqsədi idmançıların və bütövlükdə Olimpiya hərəkatının mənafeyi naminə dünyanın 204 Milli Olimpiya Komitəsini dəstəkləməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm