“Bu o demək deyil ki, onlar bizim üçün təhlükəli deyillər”
Bizi izləyin

İdman

“Bu o demək deyil ki, onlar bizim üçün təhlükəli deyillər”

Xəbər verdiyimiz kimi, “Avro-2016”-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da 8-ci kilometr stadionunda millimiz Norveç yığması ilə qarşılaşacaq.

Yığmanın hazırkı baş məşqçisi Mahmud Qurbanovun rəhbərliyi ilə noyabrın 4-dən etibarən Bakıda Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb.

Çətin sınaq qarşısında qalan millimizin oyunu ilə bağlı bəzi mütəxəssislərin proqnozlarını öyrəndik:

Ötən illərin məşhur futbolçusu Vidadi Rzayev:

“Norveçin Bolqarıstana qarşı son oyununu (2:1) izləmişəm. Xüsusi qol epizodları yarada bilməsələr də, qələbə qazanmağı bacardılar. Düzdür, indi onların elə bir ulduz futbolçuları yoxdur. Amma bu o demək deyil ki, onlar bizim üçün təhlükəli rəqib deyillər. Bu komandaya qarşı oynamaq və müsbət nəticəyə ümid etmək olar. Öz meydanımızda həmişə yaxşı oynayırıq. Bu oyunda da uğurlu çıxış edə bilərik. Norveçin də bu baxımdan bizim üçün münasib rəqib olduğunu hesab edirəm. Məğlub olacağımızı düşünmürəm”.

Veteran futbolçu, məşqçi Nazim Süleymanov:

“Milli komandamızdan yaxşı oyun, yaxşı nəticə gözləyirəm. Komandamız da anlamalıdır ki, evdə oynayır. Nəticə əldə etmək üçün çalışmalıdırlar. Bundan əlavə, Mahmud Qurbanov da ilk dəfə baş məşqçi kimi komandanı meydana çıxaracaq. Azarkeşlər də ona dəstək olmalıdırlar. İnanıram ki, nəticə də hamımızın istədiyi kimi olacaq.

Ev oyunudur, niyə Norveç burdan xal aparmalıdır? Yenə deyirəm, qələbə qazanmalıyıq. Futbolçular da meydana bu fikirlə çıxmalı, həmçinin 12-ci oyunçu funksiyasını yerinə yetirməlidirlər”.

Keçmiş futbolçu Yunis Hüseynov:

“Norveç yığması güc futbolu oynayır. Desəm ki, texniki futbola üstünlük verirlər, yalan olar. Bu seçmə mərhələdə İtaliya ilə oyunlarına baxdım, heç bir fərq yoxdur. Belə ki, illər öncə sərgilədikləri futbolu oynayırlar. Künc və cərimə zərbələrindən yaxşı istifadə edə bilirlər. Ancaq daha çox havadan zərbələrdə güclüdürlər. Bütün bunlara baxmayaraq, millimizə inanıram, düşünürəm ki, nəticə verə bilərlər. Mahmud Qurbanovun heyəti də yaxşıdır. Demək olar ki, bütünlüklə azərbaycanlı futbolçulardır. Buna da çox sevindim. Uşaqların da qələbə qazanmaq üçün bütün güclərini qoyacaqlarına inanıram. Ancaq rəqibi zəif sanmaq lazım deyil, Norveç də iddialıdır. Buradan xalla getməyə çalışacaq. Millimizə uğurlar arzulayıram”.

Qeyd edək ki, qarşılaşmanın əsas hakimi ukraynalı Yevgeni Aranovski olacaq. Ona həmyerliləri Aleksandr Voytyuk və Semyon Slonçak kömək edəcəklər. Dördüncü hakim funksiyasını yerinə Sergey Bekker yerinə yetirəcək.

Baş hakim: Yevgeni Aranovski

Baş hakimin köməkçiləri: Aleksandr Voytyuk, Semyon Slonçak

Dördüncü hakim: Sergey Bekker

Əlavə köməkçi hakimlər: Sergey Boyko, Anatoli Abdula

(Hakimlər briqadası Ukraynadandır)

Hakim-inspektor: Zoran Petroviç (Serbiya)

UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə)

Xatırladaq ki, Norveç millisi bir seçmə mərhələdə - 1998-ci ildə keçirilən Dünya Çempionatının təsnifat mərhələsində yığmamızın rəqibi olub.

Səfərdəki qarşılaşmada millimiz qapısında 5 cavabsız top buraxmış, Bakıda isə rəqibinə minimal hesabla (0:1) uduzmuşdu.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm