"Sabah göstərərik ki, bizdə milli komanda daha məşhurdur"
Bizi izləyin

İdman

"Sabah göstərərik ki, bizdə milli komanda daha məşhurdur"

Sabah Azərbaycan milli komandası AVRO - 2016-nın seçmə mərhələsinin IV turunda Bakıda Norveç yığması ilə qarşılaşacaq. Yığmamızın baş məşqçisi Mahmud Qurbanov oyun öncəsi mətbuat konfransı keçirdi.

Gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini açıqladı: "Xorvatiya və İtaliyaya məğlubiyyətdən sonra yenidən evdə oynayacağıq. Norveç millisinin nə qədər çətin və güclü rəqib olduğunu anlayırıq. Sabah yaxşı oyun göstərərək, uğurlu nəticəyə ümid edirik. Futbolçulara inamımız çoxdur. Sabahkı oyunda onlardan çox şey gözləyirik".

Daha sonra Mahmud Qurbanov jurnalistlərin suallarını cavablandırdı:

- Cəmi 1 oyunluq baş məşqçi olacaqsınız. Bu, sizin sabahkı matçda məsuliyyət yükünüzü azaltmır?
- Mən məsələyə fərdi yanaşmazdım. Çünki bu, milli komandadır. 1 oyunluq olsa da, millinin baş məşqçisiyəm. Arxayınçılıq yox, məsuliyyət hissi keçirirəm. Oyunun məsuliyyəti ağırdır.

- Yığmamız hər seçmə mərhələdə bir sensasiya gerçəkləşdirir. Qələbə qazansanız, bu vəzifədə qalmaq şanslarınız arta bilərmi?
- Sabahkı oyuna proqnoz vermək düzgün çıxmaz. Bu suala cavab vermək tezdir. Məndə olan məlumata görə, hazırda baş məşqçi axtarışı gedir. Məqsədimiz yaxşı oynayaraq, qalib gəlməkdir.

- Milliyə təcrübəli sol cinah müdafiəçilərindən nə Elnur Allahverdiyevi, nə də Ufuk Budakı çağırmısınız. Bu mövqedə kimə üstünlük verməyi düşünürsünüz?
- Sol cinahda Maksim Medvedev də, Tərlan Quliyev də oynaya bilər. Kimin çıxış edəcəyi sabah bilinəcək. Bu cinahda bir problem görmürəm.

- 6:0 hesablı məğlubiyyətdən sonra komandada psixoloji hazırlıq hansı səviyyədədir?
- Sabahkı oyuna nikbin baxırıq. Futbolçulara inanırıq. Nə qədər çətin rəqib olsa da, Norveçi xalsız yola salmaq istəyirik. Futbolçular məsuliyyəti dərk edirlər. Düşünürəm ki, əhval-ruhiyyə yaxşıdır və futbolçularımız sabahkı oyuna hazırdırlar.

- Norveç yığmasının heyətində 15 yaşlı futbolçunun oynamasından xəbəriniz var?
- Əlbəttə, xəbərimiz var. Norveç millisini analiz etmişik və kimlərin oynadığını, hətta yaşlarını da bilirik. Bilirik ki, hər mövqedə təhlükəli oyunçuları var. 15 nömrəli futbolçu, hücumda 10 nömrəli oyunçu bizə başağrısı ola bilər.

- Əvvəllər də bu rəqiblə seçmə tsikldə futbolçu kimi üz-üzə gəlmisiniz. Hansı fərq görürsünüz?
- Norveç 10 il əvvəlkindən fərqli oynayır. Əks-hücumda oynayırlar, top saxlayıb, hücum qururlar, biz isə mübariz və kollektiv futbol oynayacağımıza ümid edirik.

- Ön xətt futbolçularınızın sərbəst çıxış etmələrinə icazə verəcəksiniz?
- Müdafiə və yarımmüdafiədə taktiki baxımdan güclü oynamaq lazımdır. Hücumda cərimə meydançası qarşısında sərbəstlik vermək lazımdır.

- Milliləşdirilmiş legionerlərin əksəriyyətinin çağırılmamasının səbəbi nədir?
- Səbəb oyunları ilə bağlıdır. Bir müddət yığmaya dəvət aldılar və zəif təsir bağışladılar. Üzdə olan futbolçulara güvənmişik və çağırmışıq. Ola bilər ki, gələcəkdə çağıraq.

- Norveçli jurnalistin sualı: Azərbaycanda "Eurovision”, yoxsa milli komanda daha məşhurdur ?
- Sabah göstərərik ki, bizdə həm də milli komanda daha məşhurdur.

- Özünüz futbolçu kimi pleymeyker mövqeyində çıxış etmisiniz. Hazırda yığmada belə bir futbolçu görürsünüz?
- 3 oyunçudan birini həmin mövqedə görürəm. Dmitri Nazarov, Cavid İmamverdiyev və Araz Abdullayevdən belə oyunu gözləyirik. Düşünürəm ki, bunun öhdəsindən gələcəklər.

- Dayaq yarımmüdafiəçisi mövqeyinə "Qəbələ”də heç də zəif təsir bağışlamayan Elvin Camalovu dəvət etməyiniz mümkün idi?
- Sabah yoldaşlıq görüşü keçirməyəcəyik. Yoldaşlıq görüşü olsaydı, bir çox futbolçunu sınayardıq. Güclü rəqibə qarşı oynayacağıq. Bu gün dəvət alanlar sabahkı oyuna hazırdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm