8-ci kilometrdəki stadionda rüsvayçılıq baş verdi – Səbəbkar axtarılır
Bizi izləyin

İdman

8-ci kilometrdəki stadionda rüsvayçılıq baş verdi – Səbəbkar axtarılır

Xəbər verdiyimiz kimi, "Avro-2016"-nın seçmə mərhələsində milli komandamız növbəti matçına çıxıb. Yığma komandamız IV turda evdə Norveç millisi ilə qarşılaşıb. Komandamız 8-ci kilometrdəki stadionda 1:0 hesabı ilə məğlub olub.

Milli komandamızın baş məşqçisi Mahmud Qurbanov “Avro-2016”-nın seçmə mərhələsində Norveç yığması ilə oyundan (0:1) sonra keçirdiyi mətbuat konfransında görüşlə bağlı belə danışmışdı:

Futbolçularımızın mübarizə əzmindən, istəyindən məşqçilər heyəti olaraq razı qaldıq. Düzdür, nəticə qənaətbəxş olmadı. Amma futbolçularımın meydanda göstərdikləri oyun, istək bizi qane etdi. Rəqib isə çox qapalı oynadı. Futbol dili ilə desək, oyunçularımızın ayaqlarına oturmuşdular. Biz hücumda topla çıxış edə bilən futbolçuları qoymuşduq. Yerlə ötürmələrlə rəqibin cərimə meydanına daxil olmaq istəyirdik. Futbolçularımızın şikayəti Norveçin bizə heç bir şans verməməsi ilə bağlı idi”.

Maraqlıdır, yerli mütəxəssislərimiz millinin dünənki oyunu və müvəqqəti baş məşqçinin işi haqda nə düşünürlər?

Yerli mütəxəssislərimizdən bəzilərinin fikirlərini öyrəndik.

Keçmiş futbolçu, futbol mütəxəssisi Yunis Hüseynov:

“Düzdür, komandamız var güclərini ortaya qoydular. Ancaq millimiz bir az istəkli görünmürdü. Norveç komandasına qalib gəlmək mümkün idi. Çünki onlar elə də güclü, səviyyəli bir komanda deyil. Düşünməzdim ki, onlara müqavimət göstərə bilməyək. Onlarla oyundan xal qazanmaq mümkün idi. Səhvimiz oldu. Bu da qolla nəticələndi.

O ki qaldı konkret hansı futbolçunun zəif olmasına, bunu seçməzdim. Çünki ümumi komandanın istəyi o qədər də gözə dəymirdi. Növbəti oyunlarda da millimizə ancaq uğurlar arzulamaq lazımdır. Bilirsiniz, deyiblər ki, dekabrın sonunadək yeni baş məşqçi təyin olunacaq. Növbəti oyunlar da gələn məşqçidən asılı olacaq ki, hansı sistemlə oynayacaq, hansı futbolçuları çağıracaq... Bundan sonra nə isə deyə bilmək olar.

Mahmud Qurbanovun işini dəyərləndirmək bir az çətindir. Çünki ona 1 oyunluq şans vermişdilər. Buna şans da demək olmaz, bir oyunluq millini yarışa o çıxarmalı idi. Burda da dəyişiləsi bir şey yox idi, nə isə dəyişmək çətin olardı”.

“Flaqman”ın veteran futbolçusu Elbrus Abbasov:

“Əsas onu deyərdim ki, uşaqların meydana o əhval-ruhiyyə ilə çıxmağını istəməzdim. Elə çıxmışdılar ki, “sanki, 1:0 uduzaq qurtaraq” deyirdilər. Mən komandada mübarizə əzmi görmədim. Heyətdə dəyişikliyə gəlincə, bu gün millidəki ən yaxşı oyunçular oynayırdılar. Baxmayaraq ki, oyunçulardan Vaqif Cavadov və Mahir Şükürov Türkiyədə oynayırlar, onlar da Norveçlə oyunda özlərini yaxşı tərəfdən göstərə bilmədilər.

Ancaq əsas komanda yaxşı oyun göstərə bilmədi. Qol vura bilmək şanslarımız da çox az idi. Təəssüf ki, rəqib bizim qapımızın önündə çox qol vəziyyətləri yaratmışdı. Ümumi götürdükdə oyunun sürəti yox idi. Baxımlı oyun deyildi. Milli səviyyəsində oyunlar belə olmur. Elə bil ki, respublika çempionatına baxırdım.

Növbəti görüşlərdə nəticə verə bilmək üçün düşünürəm ki, gərək nəsil dəyişikliyi olsun. Bu uşaqlar artıq oynayıblar. Onların oyunlarını görmüşük – Rəşaddır, Kamrandır... Bunlar yaşlanıblar. Bunlar nə qədər oynaya bilərlər axı... Onları əvəz edən oyunçular gəlməlidir. Ən perspektivli, milliyə layiq futbolçular gəlməlidir. İndi millimizdə məsuliyyətli oyunçular olmalıdır”.

Təcrübəli futbol mütəxəssisi Elxan Abdullayev:

“Əlbəttə ki, stadiona hər gələn azarkeş bizim komandadan qələbə gözləyir. Təəssüflər ki, Norveçlə oyunda millimiz onu bacarmadı. Düzdür, millimizə “çox pis oynadı” da demək olmaz. Ancaq millimizdə aqressivlik yox idi. Özünəinamı görmədim. Düşünürəm ki, daha da aqressiv, daha sürətli oynasa idik, norveçlilərdən xal ala bilərdik.

Futbolçularımız var gücləri ilə oynamırdılar. Matçda qalib gəlmək üçün böyük istək hiss olunmurdu. Aydın məsələdir ki, bizim qrupdakı İtaliya və Xorvatiya ən güclü komandalardandır.

Bizə uyğun olan komandalar Norveç və Malta yığmalarıdır. Bunlardan da xal ala bilmiriksə, işimiz daha da çətin olacaq. Bu gün biz sonuncu yerdəyik, sıfır xal – bu sözün əsil mənasında biabırçılıqdır.

Mahmud Qurbanovun yenilik etməyinə gəldikdə isə, ilk növbədə o, Berti Foqtsun çağırdığı futbolçuları dəvət etməmişdi. Yerli oyunçulara üstünlük vermişdi. Hamısı yerli uşaqlar idi. Bir tərəfdən bu çox sevindirici haldır. Norveçlə oyun göstərdi ki, bizdə ustalıq, potensial hiss olunmur. Gördük ki, millinin qarşısına yer tutmaq məqsədi qoymaq düzgün deyil.

Azərbaycan yığmasının sabiq futbolçusu Vəli Qasımov:

"Düzünü deyim ki, komandamızın oyunu xoşuma gəldi. Norveçi məğlub etmək olardı. Elə də güclü komanda deyildi. Amma bizimkilər sanki nədənsə qorxurdular. Elə bil, səfərdə çıxış edirdilər. Heç bir pressinq, düşünülmüş hücum yox idi. Rəqib qapısı qarşısında, demək olar ki, heç nə yarada bilmədik. Topa sahib olmaqla bağlı üstünlük var idi, amma hücumları məntiqi sonluqla başa çatdırmaq da lazım idi. Bir oyunluq məşqçi komandaya təsir edir. Rəqibə gəlincə, onlar yenə qol vura bilərdilər. Hər halda, layiqli qələbə qazandılar".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm