Gözdən əlil idmançılar arasında cüdo yarışı keçiriləcək
Bizi izləyin

İdman

Gözdən əlil idmançılar arasında cüdo yarışı keçiriləcək

Noyabrın 17-də “Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi gələn il keçiriləcək Oyunlarda səkkiz kişi və səkkiz qadın cüdoçunun yarışacağını təsdiq edib.

“Baku-2015”dən Publika.az-a verilən məlumata görə, Heydər Əliyev adına İdman Arenasında keçiriləcək və cüdo proqramına tam şəkildə daxil edilmiş bu yarışda ümumilikdə 10 ölkə təmsil olunacaq. Bu ölkələr Azərbaycan, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan, Macarıstan, Rusiya, İspaniya, Türkiyə və Ukraynadır. Həmin ölkələr idmançılarının iştirakını təsdiqləyib.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Gözdən əlil idmançılar arasında keçiriləcək cüdo yarışının proqramımıza əlavə edilməsi çox gözəl haldır. Bu, dünyanın hər yerindən olan idman azarkeşlərinin zövq alacağı birinci Avropa Oyunlarının innovativ və inkluziv idman yarışları olacağının sübutudur. Gələn il təşkil olunacaq Avropa Oyunlarında yarışmaq üçün seçilmiş bütün idmançıları təbrik etmək və “Bakı-2015” Avropa Oyunları ilə əlaqədar məşq və hazırlıqlarında onlara uğurlar arzulamaq istərdim”.

Cari il Afina və 2008-ci il Pekin Paralimpiya oyunlarında iki qızıl medal, 2012-ci il London Paralimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycan idmançısı İlham Zəkiyev kişilərdən ibarət turnirdə ölkəmizi təmsil edəcək. İ.Zəkiyev bununla bağlı bildirib: “Bakıda keçiriləcək birinci Avropa Oyunlarında ölkəmi təmsil etmək üçün seçilmək böyük şərəfdir. Ümid edirəm ki, mən ilk çempion kimi tarixə düşəcəyəm. Gözdən əlil idmançılar arasında keçiriləcək cüdo yarışının “Bakı-2015” proqramına daxil edilməsi çox gözəldir. Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışda Azərbaycana medal qazandırmaq imkanına nail olduğum üçün fəxr edirəm”.

Gözdən əlil idmançılar arasında cüdo yarışı bir gün ərzində keçiriləcək. Yarışda 90 kiloqramdan artıq çəki dərəcəsində kişi idmançılar və 57 kiloqram çəki dərəcəsinədək qadın idmançılar medal uğrunda mübarizə aparacaqlar.

2012-ci il London Paralimpiya Oyunlarında 52 kiloqram çəki dərəcəsinədək yarışda qızıl medal qazanmış almaniyalı idmançı Ramona Brussiq qadın idmançıların yarışında favoritlərdən biri olacaq.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Pirs O`Kallahan bildirib: “Bakı-2015” Avropa Oyunlarında iştirak üçün seçilmiş 16 idmançı böyük təcrübəyə malikdir və qitənin elit idmançılarını təmsil edirlər. Gözdən əlil idmançılar arasında keçiriləcək cüdo yarışına böyük marağın olacağını gözləyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm