Maradonaya AFFA-dan hansı təklif göndərilib? – RƏSMİ
Bizi izləyin

İdman

Maradonaya AFFA-dan hansı təklif göndərilib? – RƏSMİ

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna iddialı bir ad təklif olunub.

Yayılan söz-söhbətə görə, guya bu posta futbolun yaşayan əfsanəsi Maradonanı layiq görüblər.

Mətbuatda yazılan iddialara görə, AFFA nümayəndələri bir neçə məşqçiylə ilkin görüşlər keçirib və şərtlərini açıqlayıblar. Artıq çox sayda namizədin olduğu siyahıda diqqət konkret olaraq 3 məşqçiyə yönəlib. İndi əcnəbilərdən millimizdə işləyəcəkləri təqdirdə Azərbaycanda yaşaya biləcəkləriylə bağlı müsbət cavab gözlənilir. Bu halda onlarda yekun mərhələ – maliyyə məsələsi ilə bağlı danışıqlara başlanılacaq.

İddialara görə, Avropada yaşayan menecerlərdən biri AFFA-ya argentinalı ulduz Dieqo Maradonanın namizədliyini təklif edib. Amma Maradonanın şəxsi meneceri Azərbaycandan gələn təklifi müzakirə etmədən rədd edib. Sonradan AFFA nümayəndələri də Dieqonun məşqçi kimi o qədər təcrübəli olmadığını əsas gətirərək argentinalının namizədliyi ətrafında söhbətləri dayandırıblar.

Hazırda Azərbaycan millisinin baş məşqçi postuna ən real namizədlər Almaniya, İtaliya və Fransadandırlar. Yekun qərar gələn ay veriləcək.

Məlumatla bağlı yenidən AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb münasibət öyrənməyə çalışdıq. Ancaq qurum rəsmisinin Publika.az-ın sualına cavabı dəyişməz qaldı:

“Qaydalara uyğun olaraq danışıqlar apardığımız məşqçinin adı gizli saxlanılır. İcraiyyə komitəsi qərar verdikdən sonra mətbuata açıqlayacağıq”.

Xatırladaq ki, Yılmaz Vuraldan sonra futbol üzrə Hollandiya yığmasının, "Barselona" və "Qalatasaray" klublarının sabiq baş məşqçisi Frank Raykaardın da Azərbaycan millisini çalışdıra biləcəyi iddiası ortaya atılmışdı. Hollandiyalı mütəxəssisin Azərbaycan yığmasının baş məşqçisi postuna əsas namizədlərdən biri olduğu bildirilirdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm