Türklərin simpatiya bəslədiyi azərbaycanlı çempion - “Bəzən qızım məndən narazılıq edir, amma …” – FOTOLAR
Bizi izləyin

İdman

Türklərin simpatiya bəslədiyi azərbaycanlı çempion - “Bəzən qızım məndən narazılıq edir, amma …” – FOTOLAR

Ramin İbrahimov cüdo üzrə London paralimpiya oyunlarının (2012) ilk qızıl medalçısı, ikiqat Avropa çempionudur.

O, 2011-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi medal”ına layiq görülüb. 2012-ci ilin sentyabrın 14-də “Şöhrət” ordeni ilə təltif olunub.

İbrahimov Publika.az-a müsahibəsində məqsədindən, çəkdiyi əziyyətlərdən və bunun bəhrələrindən danışdı:

- İstərdik, Ramin İbrahimovu yaxından tanıyaq...

- 1978-ci il iyul ayının 2-də Qərbi Azərbaycanda anadan olmuşam. Çox elastik, çox çevik uşaq olmuşam. Anam da bunu görüb, əlimdən tutub idmana yazdırmağa apardı. Çünki görürdü ki, evi dağıdıram. (gülür)

İdmana ilk addımlarımı 10 yaşında akrobatika ilə atmışam. Deyərdim ki, akrobatika idmanın əlifbasıdır. Bununla məşğul olan insan elastik olur, daha çevik hərəkət edir.

Bundan sonra Şahlar Mustafayevin yanında samboya başladım. Paralimpiyada iştirak etməmişdən əvvəl samboda nailiyyətlərim yetərli dərəcədə idi. Dəfələrlə Azərbaycan çempionu, Avropa birinciliklərinin qalibi, dünya mükafatçısı olmuşam.

İlk medalımı lap kiçik yaşlarda almışam desəm, doğru olar. 26 kq olarkən Bakı birinciliyində III yerə çıxmışam. Yeni-yeni idmana başlamışdım. Bununla yanaşı, cüdo ilə də məşğul idim.

İdmana yaxşı başlamışdım ki, gözüm tamamilə zəifləməyə başladı. Bundan sonra 2005-ci ildən paralimpiyaya qoşuldum. Həmin ili mənə təklif etdilər ki, belə bir komitə var, oranın üzvü kimi ölkəmizi təmsil edə bilərsənmi?

- Gözünüzdəki problem nədən yarandı?

- Keçirdiyimiz ağır məşqlər və müəyyən travmalar nəticəsində yarandı. Düzdür, əvvəllər də gözümdə zəiflik var idi. Hətta həkimlər bildirmişdi ki, çox yüklənmək, gərgin məşqlər keçirmək olmaz. Buna baxmayaraq, məşqlərimi davam etdirdim. Çünki idmana böyük həvəsim var idi.

- Sizə təklif gələnədək idmana davam edirdiniz?

- Əlbəttə, idmana davam edirdim. Yeni qoşulduğum zaman mənə dedilər ki, samboda nailiyyət qazanmısan, paraolimpiya çempionumuz ola bilərsən. İlqar Rəhimov bizi şəxsən komitəyə dəvət etdi. Oradakılarla tanış olduq. İlqar müəllim məni görəndə dedi ki, “gələcəyin yeni ulduzunu görürəm”. Paralimpiyaya qoşulduqdan sonra mənim ilk yarışım 2006-cı ildə Fransada keçirilən dünya çempionatı oldu. Orada 3-cü yeri tutdum.

- Səhv etmirəmsə, Ramin İbrahimovu daha çox London Paralimpiyasından sonra tanıdılar. Bir sözlə, ulduzunuz 2012-ci ildə parladı?

- Əslində, idman aləmində tanınırdım. Avropa birincisi, dünya çempionatının bürünc medalçısı olsam da, Paralimpiya mənim üçün daha fərqli oldu desək, yanılmarıq.

- Kənardan münasibət necə idi?

- Çoxları məni cənab prezidentimizin mənim əlimi qaldırması ilə tanıyır. Xatırlayırlar ki, televizorda gördük, sən idin, prezident sənin əlini qaldırdı. O da mənim üçün sevindirici an idi ki. Cənab prezident mənim əlimi qaldırdı. Görüş zamanı da dedim ki, çempionluqlar yaşamışam. Amma ən böyük arzum prezidentin mənim əlimi göyə qaldırması idi.

- Həm London paralimpiya oyunlarında ilk medal, həm də qızıl qazanmaq necə hissdir?

- Paralimpiyaya oyunları cüdo idman növü ilə başlanırdı. Yarışa məhz mənim çəkimdə - 60 kq-da start veriləcəkdi. Qürur hissi keçirdim. Mən hələ finala adlayıb son görüşümü yaponiyalı idmançı ilə keçirməzdən əvvəl artıq böyük fərəh hiss edirdim. Çünki bilirdim, artıq gümüş medal qazanmışam. Qızıl medalı qazanarkən isə çox sevincli idim, məqsədimə nail olmuşdum. Belə deyərdim, ilk gün çox gözəl yadda qaldı.

İlk qızıl medalı qazanmağım, təbii ki, komanda yoldaşlarım üçün stimul oldu. Hətta bizim adət var: sağ əli başa çəkmək. Gəlib deyənlər oldu ki, sağ əlini başıma çək, biz də uğur qazanaq (gülür). Həm komitənin, həm də məşqçilərin əsas məqsədi məni ikiqat Paralimpiya çempionu kimi yetişdirməkdir. Təbii ki, bu mənim də məqsədimdir. İndi istəyimiz paraolimpiyaya lisenziya qazanmaq, Rio-de Janeyrodakı yarışlarda gözəl çıxış etməkdir.

- Bəs özünüzü ikinci dəfə paralimpiya çempionu olacaq gücdə hiss edirsiniz?

- Olimpiya oyunları sürprizlərlə doludur. Bütün idmançılar çalışır ki, ölkəsini gözəl şəkildə təmsil etsin. Amma bizim də böyük təcrübəmiz, özümüzün yeni-yeni taktikalarımız, fəndlərimiz var.

Bütün hər kəs Ramin İbrahimovun hansı fəndləri göstərdiyini izləyir. Bütün dünyanın gözü məndədir ki, mənə necə qalib gələ bilərlər. Dediyim kimi, yeni taktikalar üstündə hazırlaşırıq.

Taktikalarımıza yeni fəndlər əlavə edirik. Rəqibin gözləmədiyi fəndlərdən istifadə edirik. Məsələn, dünya və Avropa çempionatlarına getdiyimiz zaman özümüzə xas xüsusi fəndlərimiz var ki, onları eləmirik.

Sevinci bir daha yaşamaq istəyirik.

- Sizə paxıllıq edənlər olubmu? Bu barədə eşidibsiniz, ya nəsə hiss etmisiniz?

- Əlbəttə, paxıllıq edənlər olur. İdman elədir ki, cavanlar arasında rəqabət də olur, qibtə etmək də olur, paxıllıq da... Hər kəs istəyir ki, Ramin kimi olsun, İlham Zəkiyev kimi olsun, medallar qazansın. Elə cavanlar var ki, mənə deyirlər, siz nə vaxt gedəcəksiniz, biz yolunuzu davam etdirək. Mən də cavabında həmişə demişəm: “Nə vaxt görsəm ki, Azərbaycanı təmsil edəcək mənim ürəyimdən olan rəqib var, özüm ona kömək edəcəyəm, o zaman gedəcəm” (gülür). Hələlik, mənim çəkimdə rəqibim olacaq biri yoxdur. Amma ümumilikdə yaxşı idmançılarımız var.

Tüklərin simpatiya bəslədiyi çempion

“Türkiyədə dostlarım çoxdur. Ümumiyyətlə, Türkiyə yığmasının mənə qarşı bir simpatiyası var. Hətta mənə çox təklif olunub ki, gəl Türkiyə adından da güləş. Onlar bunu çox istəyirdi. Onlar bildirir ki, hər təlim-məşqə sizi gözləyirik. Biletindən tutmuş bütün xərclər bizlikdir. Təki sən gəl, uşaqlar səni görsün, bizim idmançılarımız da həvəslənsin.

- Sizcə, idmançıya sponsor lazımdır?

- Bizdə o barədə heç bir problem olmur. Hətta paraolimpiya oyunlarından əvvəl bizi çağırıb dedilər ki, hansı ölkədə kimlərlə hazırlaşmaq istəyirsiz, bizə deyin. Təki ölkəmizə medalla qayıdasınız”. İspaniya, Türkiyə kimi bir çox ölkələrdə İlham Zəkiyevlə, olimpiya komandası ilə birgə məşq etmişik. Bir sözlə, nə qayğı lazımdır, bizə göstərilib.

- Neçə ölkə gəzmisiniz?

- Düzünü deyim, sayını dəqiq bilmirəm. Amma çox olub. Braziliyadan tutmuş, Amerika, Fransa, Almaniya, Türkiyə kimi bir çox ölkələrdə, Rusiyanın, demək olar ki, hər bir bölgəsində olmuşuq.

- Hansı dövlətin idmançılarını özünüzə daha yaxın bilirsiniz?

- Əlbəttə ki, Türkiyə, İran və Rusiya.

- Elə bir zədə almısınızmı ki, desinlər, Ramin üçün idman bitdi, ya da onun üçün bu növdə məşğul olmaq çətin olacaq?

- Paralimpiya oyunları qabağı İspaniyada təlim-məşqdə idik. Güləşdiyim yerdə də yox, güləşənlərə baxdığım anda digər idmançı gəldi ayağıma düşdü. Diz qapağım böyük travma aldı. Hətta paraolimpiya oyunlarına axsaya-axsaya getmişəm. Mən hətta evdən çıxanda kanallardan biri anamdan müsahibə götürürdü. O zaman anam demişdi ki, “məğlub olsan da, eybi yoxdur”. Mən dedim ki, ana, inşallah, mən çempion olacağam.

Yarışa çıxanda da dizliyi dizimdən çıxardıb kənara qoydum. Orada da dedim ki, mənim ayağım ağrımır. Hətta qələbələrimdən, yarışdan ləzzət aldım. Yarış bitəndən, qələbədən sonra axşam dedilər ki, sənin şərəfinə, çempion olduğuna görə ziyafət var, gəl. Dedim, yox əşi, ayağımın ağrısından ölürəm. Yəni yarışdan sonra, axşam yadıma düşüb ki, ayağım əzilib. (gülür) Amma yarış zamanı heç nə hiss etməmişdim. Yarışa, qələbəyə o qədər köklənmişdim ki, zədəmi unutmuşdum.

- İdman sahəsindən bir az uzaqlaşaq. Dostlar arasında zarafatlar olur. İdmandan uzaq biri sizə fənd etməyə çalışıbmı?

- (gülür) Əlbəttə, dostlar arasında belə zarafatlar olur. Amma mən idmanla əlaqəsi olmayan birinə heç vaxt məsləhət görməzdim ki, idmançıyla zarafat etsin.

- Fənd edib istəyinə nail olan dostunuz olubmu? Yəni, sizi üstələsin...

- Yox, elə ola bilməz. Adi bir insan peşəkar idmançıya qarşı üstünlük göstərə bilməz, güclü belə olsa.

- Ən çox kimdən dəstək almısız?

- Hər kəsdən dəstək almışam. Paralimpiya çempionu olmaq, yüksək zirvəni fəth etmək üçün hər kəs ona dəstək olmalıdır.

Bunu ailəsindən tutmuş, dostlarına, ailəsinə, cəmiyyətinə və ölkəsinə kimi hər kəs etməlidir. Hətta yarışlara hazırlaşanda dostlarım da məni başa düşürdü. Deyirdilər ki, səni narahat etməyəcəyik. Sən əsas odur məşqini et, istirahətini et. Vaxtın olarsa, özün istədiyin zaman görüşərik. Ailəm də evdə mənim rejimimə, hər şeyə riayət edirlər ki, yaxşı hazırlaşa bilim. Mən saat 10-da yatmalıyamsa, hamı o saatda yatır ki, səs olmasın, bəs Ramin tezdən durub məşq edəcək.

- Bunu başa düşməyən dostlarınız olur?

- Onu başa düşməyən dostum yoxdur. Elə bir dostum da ola bilməz. Çox sağ olsun seçdiyim dostların hamısı, məni başa düşürlər.

Düzdür, bəzən vaxt ayıra bilmədiyim dostlar olur. Amma mən çempion olandan sonra onlara daha çox vaxt ayırmağa çalışıram. Deməsinlər ki, Ramin çempion oldu, dəyişildi.

(Qeyd edim ki, uşaqlıq dostu Yusif Yusifov da dostu ilə birgə redaksiyamızın qonağı olmuşdu . İdmançı bildirdi ki, Yusif onun uşaqlıq dostudur, həmişə onun yanında olur – A.İ.).

- Amma uşaqlar bir o qədər anlayışlı olmur bu mövzuda...

- Təlim-məşq toplantısında çox oluram. Onunla əlaqədar uşaqlar darıxır. Ən çox şikayətçi olan qızımdır. Könlünü almaq üçün də çalışdığım qədər ona gözəl hədiyyələr alıram. (gülür) Amma şükür Allaha, ağıllı uşaqdır, səbir etməyi bacarandır... Əlbəttə, idman gözəldir. Amma adətən böyük nailiyyətlər qazanmış idmançılar övladlarının peşəkar idmançı olmasın istəmirlər. Bunun da səbəbi ağır zədələr, ağır məşqlər, həyəcanlı yarışlardır. İstəmirlər ki, uşaqları da bu çətinlikləri görsün. Amma uşağın özünün bacarıq və istəyi olandan sonra niyə də olmasın? Bizə onlara dəstək olmaq düşər.

- Qızınız desə, ata mən peşəkar idmançı olmaq istəyirəm. Gəlin səmimi danışaq, buna icazə verərsiniz?

- Vallah, buna indi cavab vermək çətindir. İndi elədir ki, onların təlim-məşqləri də ayrı olur, yarışları da yarı olur. Sağlamlıq üçün məşğul olsa olar. Amma peşəkar sayədə, yəqin ki, icazə vermərəm.

Aygün İlqarqızı

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm