• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

PFL prezidenti: “Aslan Şahgəldiyev olmasaydı, o, hakim fitini itirəcəkdi” - FOTOLAR

  • İdman
  • 27 Noyabr 2014 15:11
  • 11 479 Baxış
PFL prezidenti: “Aslan Şahgəldiyev olmasaydı, o, hakim fitini itirəcəkdi” - FOTOLAR

2008-ci ildə yaradılan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Publika.az-a müsahibə verdi. Qurumun rəhbəri ölkəmizdə baş verən hakim səhvlərinə də aydınlıq gətirdi.

- Azərbaycan futbolunda qalmaqallar, xüsusən də klubların narazılıqları həmişə olub. Bu tendensiya nədən qaynaqlanır - klubların, yoxsa Peşəkar Futbol Liqasının ədalətsizliyindən?

- Elə bir futbol olan ölkə varmı ki, orada qalmaqal olmasın? Deyərdim ki, qalmaqalsız futbol yoxdur. Əgər haradasa futbol varsa, mütləq orada qalmaqal olmalıdır. Bilirsiniz ki, futbol bütün idman növlərinin şahıdır. Bir sözlə, futbolun gözəlliyi elə onun qalmaqalındadır... O ki, qaldı ədalətsizliyə, Peşəkar Futbol Liqası nə iş görür ki, orada ədalətsizlik olsun? Bizim işimiz ondan ibarətdir ki, təqvim qurulsun. İstəsək belə, qalmaqal yarada bilmərik. Yəni, bu bizdən tamamilə uzaqdır. Sadəcə, PFL-in adı ona görə hallanır ki, bu, klublar tərəfindən seçilən bir qurumdur. Klublar tərəfindən seçilən bir qurum olduğuna görə, onlar, sözsüz ki, bir problem olanda bizə müraciət etməlidirlər. Bizə də müraciət edirlər, əgər klub tərəfindən olan etirazlarda haqladılarsa, ədalətsizliyin qarşısı alınır. Biz çalışırıq ki, hər hansı bir kluba qarşı haqsızlıq olmasın.

- Son günlər yenə də hakim səhvləri ilə bağlı narazalıq yaranıb. Yenə də “Neftçi” odun üstünə yağ töküb. AFFA-nın prezidenti Rövnəq Abdullayevə digər klublardan bir köynək yaxın olan komandanın belə narazılıqları, əslində, AFFA-nın və elə Rövnəq Abdullayevin fəaliyyətinə kölgə salmırmı? Doğrudanmı, hakim səhvləri belə narazılıqlar, etirazlar üçün rəvac verir?

- Əvvəla adını çəkdiyiniz klubun Rövnəq Abdullayevə o biri komandalardan yaxın deyil. Rövnəq Abdullayev və Ramin Musayev üçün hər bir klub eynidir. Bu səmimi sözümdür. Həqiqətən də, belədir. Qaldı ki “Neftçi” tərəfinin həmin oyunla bağlı səs küy salmasına, onların etirazının əsası var. Çünki həmin oyunda hakim səhvi olmuşdu. Sadəcə, mən bu gün desəm ki, klublar niyə hakim səhvinə səs-küy salırlar, bu, bir az düzgün olmazdı. Çünki vaxtı ilə mən də səs-küy salmışam, hələ bunların atasına rəhmət...(gülür)

Mən onları haqsız saymıram. Və bu etirazda böyük bir qəbahət də görmürəm. İnsan öz haqqını tələb etməlidir. Yenə deyirəm, hakim səhvi olub. Hakim səhvi hər bir oyunda ola bilər. Bir oyunda hakimin səhvi olur. Klub qalib gəlir, ya da uduzarsa, yaxşı oyun göstərdiyinə görə, məsələyə münasibət bildirmir. Bilirsiniz, bizim özümüzün operatorlarımız var, futbol matçını lentə alırlar. İstər klub tərəfindən şikayət olsun, istər olmasın, biz həmin epizodları özümüz izləyirik. Sizə bir epizodu danışım. “Neftçi” və “Bakı” komandası arasında oyun gedirdi. Həmin oyuna 6 kamera göndərmişdik. Bu görüşdə “Bakı” klubunun oyunçusu “Neftçi”nin qapısına hücum vaxtı hər kəs qışqırdı ki, “11 metrlik zərbə”. Şəxsən özüm də stadionda bunu gördüm ki, 11 metrlik cərimə olmalıdır. Hakim Elçin Məmmədov cəriməni vermədi. Matçın nəticəsindən asılı olmayaraq, oyun qurtaran kimi 6 hakim - mən də daxil olmaqla - otağıma toplaşdıq. Həmin gün 6 kameradan 5-də peşəkar operator işləyirdi, bir nəfəri isə yeni işə götürülmüşdü. Beş kameradan baxdıq ki, doğrudan da, hakim səhv edib. Hakim gözünün qarşısındaca 11 metrli cəriməni verməyib. Hamımız qərar qəbul etdik ki, hakim bunu qəsdən edib, o cəzalanmalıdır. Amma Aslan Şahgəldiyev o biri otaqdan mənə zəng etdi ki, Ramin müəllim, qərar verməyə tələsməyin, bir epizod da var, onu gətirək baxaq. İlk dəfə stadiona gəlib, çəkiliş aparan operator elə bir epizodu tutmuşdu ki, burada hər şey açıq görmüşdü. Bu qeyri-peşəkar videooperatorun çəkilişlərini izlədikdən sonra gördük ki, hakim düz qərar verib. Hakim səhv edə bilər, məsələn, oyunçu öz qapısına qol vurursa bunu bilərəkdən etmir ki. Bu səhvlər olmalıdır, olacaq da... Bununla bağlı işlərimiz də gedir. Hakim böyük səhvə yol verərsə, bunun cəzasını öncədən açıqlamırıq. Ancaq heç bir hakim bu günə qədər cəzasız qalmayıb.

- Azərbaycan çempionatı Avropada 28-ci pillədədir. Amma bir məqam var: Avropada hətta 48-ci pillədə qərarlaşmış ölkənin də çempionatında klublara yayıma görə vəsait ödənilir. Azərbaycan isə Avropada yeganə ölkədir ki, çempionatda klublar yayımdan gəlir əldə etmirlər. Niyə Avropada nüfuzu artan Azərbaycan Premyer Liqasına ölkədə sanballı sponsor tapılmır? Bəlkə, PFL keçirdiyi çempionatın piar işini yaxşı qura bilmir?

- Niyə ki. Bizim çox gözəl sponsorumuz var - “Topaz”.

- Sizcə, həqiqətən belədir?

- Bəli. Bizə lazımı maddi köməyi edir. Bundan başqa, futbolun inkişafı naminə də “Topaz” az iş görməyib. Premyer Liqaya sponsorluq edir, hətta birinci diviziona belə öz yardımlarını əsirgəmir.

- Digər şirkətlərlə rəqabət mühiti yaranmışdımı?

- Yarandı, amma biz “Topaz”ı seçdik. Bu il də, artıq, növbəti çempionat üçün təkliflər gəlib. “Topaz” rəhbərliyinin də bundan xəbəri var və müzakirələr gedir.

- AFFA prezidenti Klublar Birliyinin yaradılması ilə bağlı sərəncam imzalayıb. PFL olan yerdə Klublar Birliyi nəyə lazımdı? Klublar, onsuz da, PFL-də birləşiblər. Belə söz-söhbət gəzir ki, Klublar Birliyi PFL-ə alternativ qurum kimi yaradılır və bir müddətdən sonra PFL fəaliyyətini dayandıracaq.

- Yox, PFL fəaliyyətini dayandırmayacaq. O, qurum deyil, sadəcə, bir komitədir. Məşqçilər komitəsi yaradılan kimi, klublar birliyi komitəsi də yaradılır. Klublarda yeniliklər, legioner limiti ilə bağlı söhbət olanda klublar birliyinin fikri maraqlı olacaq. Bir sözlə, bunun PFL-ə heç bir ziyanı yoxdur, narahat olmayın.

- Siz necə fikirləşirsiniz, milli komandaya əcnəbi, ya yerli məşqçi rəhbərlik etməlidir?

- Bu sual mənə aid deyil.

- Bir peşəkar kimi fikrinizi bilmək maraqlı olardı...

- Əgər dünya miqyasında və keçmiş iş fəaliyyətində nailiyyətlər qazanmış məşqçi olarsa, sözsüz ki, bizimkilərdən çox, əcnəbi məşqçi olsun deyərəm.

- Jurnalistin “Ramin Musayevin mətbuatda qıcıq yaratdığını düşünürsünüz?” sualına “adım, soyadım mətbuatda qıcıq yaradır” demisiniz. Niyə belə düşünürsünüz?

- Deməli, söhbət PFL-in 6 illiyindən gedir. Həmin il bizim çempionatın reytinqi 60 pillə irəliləmişdi. Bu da dünyada rekorddur. Bu zaman jurnalist belə sual verir ki, “Bu rekorda baxmayaraq, siz mətbuatda qıcıq yaradırsınız”. Mən də “ad-familyam yaradır” dedim.

- Övladınız bir vaxtlar “Qarabağ”a transfer olmuşdu. Bunu çoxları Qurban Qurbanovla olan dostluğunuzla bağladı. İndi oğlunuz futboldan uzaqlaşıb deyəsən...

- Oğlumun bu yaxında 25 yaşı oldu. Və şükürlər olsun Allaha ki, gec də olsa, 23 yaşında ayıldı ki, atam “bala, futboldan çıx get” deyəndə düz deyib. (gülür) O, hazırda Fransanın Paris şəhərində ixtisası üzrə təhsilini davam etdirir.

- “Qarabağ”ın Avrokubokdakı şansını necə dəyərləndirirsiniz?

- Çox gözəl dəyərləndirirəm. Həm “Qarabağ”, həm də “Neftçi” Azərbaycan futbolunda öz sözünü demiş klublardır. Arzu edirəm ki, klublarımızın davamı gəlsin. “İnter” də yaxınlaşmışdı, əfsuslar olsun ki, bolqar hakim imkan vermədi. Deyərdim ki, bəlkə də, bu gün “İnter” “Qarabağ”la özünü eyni səviyyədə göstərəcəkdi. Yəqin ki, “Qarabağ” “Sent Etyen”lə oyunda bizi sevindirəcək.

Aygün İlqarqızı

FOTO: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR