“Qarabağ” erməni “hücum”una məruz qala bilər
Bizi izləyin

İdman

“Qarabağ” erməni “hücum”una məruz qala bilər

Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransada yerli "Sent-Etyen" klubunun qonağı olacaq.

Matç bu gün Bakı vaxtı ilə saat 00:05-də baş tutacaq.

Fransanın “Sent-Etyen” klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb:

“”Qarabağ”la oyunun Lion “Olimpik”i ilə oyundan az əhəmiyyət daşıdığını düşünmürəm. Avropa Liqasındakı atmosfer çox xoşdur. Oyunun bu mövsümdəki sonuncu ev oyunu olmasını istəmirəm”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə oyun öncəsi mətbuat konfransında belə demişdi:

“”Son iki oyunumuzdan biridir. Yaxşı komandaya qarşı oynayırıq. İkinci yer üçün 3 komandanın da şansı var. Rəqibi yaxından izləyib, öyrənmişik. Cəmi bir oyunçuları zәdәlidir. Başqa bütün oyunçuları bu qarşılaşmaya tam hazırdır. Düşünürәm ki, bu oyunda üstünlük rəqibdə olacaq. Çalışacağıq, rəqib öz oyun üslubunu diktə eləməsin. Komanda şəklində intizamlı oynamalıyıq. Oyunun gedişi hesabdan da asılı ola bilər. Üstünlük rəqibin tərəfindədir. Evdə onlar daha təhlükəli oynayırlar. Biz onlara istədikləri kimi oynamağa imkan verməməliyik”.

Bəzi mütəxəssislərimiz oyunla bağlı fikirlərini bölüşüb:

Təcrübəli mütəxəssis Vaqif Sadıqov:

“Düşünürəm ki, “Qarabağ”ın şansı azdır. Ancaq təmsilçimiz bu cür vəziyyətlərdə özündə güc tapa bilir və nəticə əldə edir. Əlbəttə, səfər matçı olduğu üçün komandamız çətinlik çəkəcək. Burada azarkeş meyarı da özünü göstərəcək. Belə ki, fransızlar doğma meydanda çıxış etdikləri üçün yaxşı azarkeş dəstəyi alacaqlar. Bundan əlavə, onlar da qrup ikinciliyi üçün çalışırlar.

Doğrudur, qrupun son matçında “Dnepr”ə məğlub olduq. Amma bundan sonra Ağdam təmsilçisi çempionatda ardıcıl şəkildə qələbələr əldə etdi.

O ki qaldı Reynaldonunn yoxluğuna, “Qarabağ” bir futbolçudan ibarət deyil. Ona görə də sərfəli nəticə əldə edəcəyimizə inanıram. Əlbəttə ki, digər bəzi futbolçuların da heyətdə olmaması komanda üçün böyük itkidir. Ancaq Qurban Qurbanov da bu problemi həll etmək üçün əlindən gələni edir, ən yaxşısı üçün çalışır”.

Taınmış mütəxəssis Ağasəlim Mircavadov:

““Qarabağ” öz oyununu göstərə bilsə, yaxşı nəticə ilə dönəcək. Sağ olsunlar, bizi çox sevindirirlər. Hər klubun öz strategiyası, taktikası var. Klubda qələbə psixologiyası yaranmalıdır. Düzdür, “Sent Etyen” güclü rəqibdir. “Sent-Etyen” Bakıda başını itirmişdi, rəqib futbolçular bilmirdilər ki, hara qaçsınlar. Əfsuslar olsun ki, “Qarabağ”ın heyətlə bağlı problemləri var. Məncə, “Qarabağ” üçün əsas problem Çumbinyo və Renaldonun yoxluğudur”.

Keçmiş məşqçi Vladislav Qədirov:

“Çətin oyun olacaq. Düzdür, “Qarabağ” yaxşı komandadır. Hiss olunur ki, komanda hazırda yaxşı vəziyyətdədir. İnanıram ki, “Qarabağ” səfərdən heç-heçə ilə qayıdacaq. Təəssüf ki, bəzi futbolçuların bu matçda iştirak etməyəcəklər. Amma bunu o qədər də böyütmək lazım deyil. Qurban Qurbanovun komandasında əvəzedilməz futbolçu yoxdur”.

Mətbuatda yayılan bir iddiaya görə, təmsilçimiz bu oyunda erməni təxribatı ilə üzləşə bilər.

Belə ki, Fransadakı erməni diasporunun bu oyunda təxribata əl atması gözlənilir. Matçı izləyənlər arasında, ən azı, 50 erməninin olacağı ehtimal olunur. İstisna deyil ki, onlar bu oyunda da qondarma "Dağlıq Qarabağ Respublika"sının bayrağını qaldırsınlar.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm