Mançini “İnter”i dəyişəcək
Bizi izləyin

İdman

Mançini “İnter”i dəyişəcək

Qarşıdan qış fasiləsi gəlir. Bir çox çempionatlar üçün bu fasilə şərti xarakter daşısa da, “transfer pəncərəsi”nin açılmasından bütün klublar yararlanır.

Mövsümün ilk yarısını uğursuz keçirən bir çox böyük klublar var ki, yanvarda əsas diqqətlər onların üzərində olacaq. “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “İnter”də də ciddi dəyişikliklər gözlənilir.

Baş məşqçi postunda dəyişikliyə əl atan rəhbərlik Valter Matsarrinin yerinə Roberto Mançinini gətirdi. Karyerasında ikinci dəfə Milan klubunun başına keçən 50 yaşlı mütəxəssis bu ili bir təhər yola verəcək. amma son açıqlamasında əsas hədəfinin Çempionlar Liqasına vəsiqə qazanmaq olduğunu deyən Mançininin yanvarda heyətə əl gəzdirəcəyi mütləqdi.

“Göy-qaralar”ın transfer hədəfində olan futbolçulardan biri “Marsel”in hücumçusu Andre-Pyer Jinyakdı. Futbolçu özü də açıqlamalarında “İnter”in onu cəlb etdiyini gizlətməyib:

Jinyak “bişmiş tikə”dir

“Baş məşqçimiz Marselo Byelsanın təkidinə baxmayaraq, çox güman, mövsümün sonunda “Marsel”dən ayrılacam. Top-klubda oynamaq istəyirəm. Odur ki, gələn təkliflərin hər birini diqqətlə incələyirəm. İnter? “İnter” böyük klubdu, Mançini isə dahi məşqçidir. Maraqlı perspektiv görünür. Mən futbolla yaşayıram, bütün aparıcı çempionatların oyunlarını da izləyirəm. İtaliya futbol mədəniyyətinin və taktikasının vurğunuyam. Bir dəfə “Sampdoriya”ya qarşı oynamışdım və çox heyrətlənmişdim”.

Hazırda 15 turdan sonar 11 qolla Liqa-1-in bombardiri olan forvardın “Marsel”lə müqaviləsinin müddəti 2015-ci ilin yayında başa çatacaq. Fransa klubunun rəhbərliyi onu havayı buraxmaq istəmirsə, yanvarda gələn təklifləri mütləq dəyərləndirməlidir.

Mançini “iki ayağını bir başmağa dirəyəcəkmi”?

“İnter”in hücum xəttini gücləndirə biləcək növbəti namizəd Alessio Çerçidi. “Korriere dello Sport” “neradzurra”nın direktorlarından biri Marko Fassonenin açıqlamasını olduğu kimi verib: “Çerçi? Doğrudur, bunun üzərində işləyirik”.

Başqa mətbu orqanlar da “İnter”in Çerçiyə maraq göstərdiyini təsdiqləyib. Amma Mançinin tək adları çəkilən bu futbolçularla kifayətlənməyəcəyi iddia olunur. Məsələn, italyan mütəxəssisin “Mançester Siti”dən tanıdığı yetirməsi Aleksandr Kolarovu da Milana gətirmək üçün rəhbərliyə müraciət etdiyi deyilir. Serb müdafiəçinin “şəhərlilər”lə yaxşı müqaviləsi var. Amma “Manço” onun adını da istədiyi futbolçuların siyahısına salıb. Istənilən halda transferi çətin görünsə də, Kolarovun transferinə cəhd ediləcək.

“İnter”dən ayrılmaq niyyətində olan futbolçu da var. Məsələn, Rolandonun agenti Franko Kamotsi müştərisinin hansısa kluba keçəcəyinə ümidini itirmir. Hər halda, təkliflər var. Moskva “Spartak”ı Rolandonun transferində maraqlıdır. Amma futbolçu daha böyük, hədəfləri yüksək olan klublarda top qovmaq arzusundadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm