• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prosineçkini yaxşı yedizdiriblər: “Lülə, tikə, xan kababı” - ÖZƏL

  • İdman
  • 3 Dekabr 2014 16:46
  • 8 063 Baxış
Prosineçkini yaxşı yedizdiriblər: “Lülə, tikə, xan kababı” - ÖZƏL

Bu gün Azərbaycan millisinin baş məşqçi postuna təyinatı rəsmən təsdiqlənən Robert Prosineçki ilk özəl müsahibəsini Publika.az və Komanda.az-a verdi. Müsahibə zamanı yeni baş məşqçi Azərbaycan yeməklərindən və insanların qonaqpərvərliyindən də danışdı:

- Azərbaycanla bağlı ilk təəssüratlarınız necədir?

- Bir neçə gündür ki, burdayam. Azərbaycan hər mənada gözəl ölkədir. Qısa müddət ərzində də Zaqatalaya gedə bilmişəm. Uzaq yol olsa da, orda dincələ bildim. Yol boyu gözəl təbiət mənzərələri gördüm. Paytaxtınız da çox xoşuma gəlir. Bakı çox gözəl, rəngarəng şəhərdir. Dünyanın böyük şəhərlərindən geri qalmır.

- Hansı yeməklərimizdən dadmısız?

- Zaqatalaya gedərkən yol üstü Qəbələdə olduq. Kabab yedik. Xan kababı, lüləkabab, tikəkabab - bunlardan dada bildim.

- Bəyəndiniz?

- Çox, çox bəyəndim (gülür). Gözəl yeməkləriniz var.

- Millimizdən ilk təklif gələndə reaksiyanız necə oldu? Düşündünüzmü ki, bəlkə, qəbul etməyim, özümü çətinə, problemə salmayım, təklifi geri çevirim?

- Belə bir fikir yaranmadı. Çünki mənə təklif gələn kimi şəxsən AFFA rəhbərliyi ilə görüşdüm. Gördüm ki, futbolun inkişafı üçün əllərindən gələni edirlər. Yaxşı planları, gələcəyə ümidlə baxa biləcəyimiz layihələri var. Mən də öz növbəmdə istəyirəm ki, futbolun inkişafına kömək edim. Bir sözlə, təklif gələn kimi müzakirələr aparıldı və razılığımı verdim.

- Azərbaycana ilk gəlişinizdə sizi təəccübləndirən nə oldu? Həm yaxşı, həm də pis mənada...

- Mənfi mənada təəccübləndirən heç nə olmayıb. Ancaq müsbət fikirlərim var. Çünki Bakı kimi gözəl şəhərlər dünyada azdır. Yaşamaq üçün şərait əladır.

- Azərbaycan azarkeşləri nə qədər qonaqpərvər olsalar da, bir o qədər də tələbkardırlar. Bu, sizin üçün problem yarada bilərmi? Çünki azarkeşlər sizdən əvvəl bu postda çalışmış Berti Foqtsu zəif nəticələrdən sonra dəfələrlə istefaya çağırıblar. Bu durum sizə psixoloji baxımdan mənfi təsir göstərə bilərmi?

- Futbolda təzyiq normal haldır. Əgər təzyiq olmasa, işləmək də olmaz. Azarkeşlərin tələbkar olması normaldır. Elə də olmalıdır. İspaniyada da elədir, digər ölkələrdə də, Azərbaycanda da belə olmalıdır. İnanıram ki, biz milli komanda ilə irəliyə doğru addım atacağıq, uğurlar qazanacağıq. Bu da azarkeşin sevinməsinə səbəb olar.

- Son sual “Qarabağ”la bağlıdır. “Qarabağ” Avropa Liqasının son turunda “İnter”lə ölüm-dirim matçına çıxacaq. Bu oyunla bağlı nə düşünürsünüz?

- Bilirsiniz ki, mən “Sent-Etyen”lə oyuna baxmağa getmişdim. Həmin matçda “Qarabağ” yaxşı oyun nümayiş etdirdi. Hamı bilir ki, “İnter” güclü klubdur. Amma son zamanlar elə də ürəkaçan oyun nümayiş etdirmir. Onlara yeni məşqçi gəlib. Mən düşünürəm ki, “Qarabağ”ın həmin oyunda şansı var. Onlar mərhələ adlaya bilərlər.

Aygün İlqarqızı (Publika.az)

Heybət Məmmədov (Komanda.az)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR