«Liverpul» üçün çıxış yolu: ötən mövsümü unut, Balotellidən canını qurtar
Bizi izləyin

İdman

«Liverpul» üçün çıxış yolu: ötən mövsümü unut, Balotellidən canını qurtar

Mövsümü uğurla başa vuran bir komandanın göydən yerə enməsi üçün çox vaxt lazım deyil. İki-üç ayın içində vəziyyət 180 dərəcə dəyişə bilər. İnanmırsızsa, «Liverpul»a, baş məşqçisi Brendan Rocersə baxın.

İngiltərədə Premyer Liqanın ən yaxşı məşqçisi seçilən şimali irlandiyalı mütəxəssis indi «dar ağacı»ndan asılı vəziyyətdə qalıb. Hələ 5 ay əvvələ qədər onun gözlərində növbəti mövsümə planlaşdırılan qələbə parıltısı vardı. Amma nəsə işlər düz gətirmədi. «Liverpul»un oyunundakı baxımlılıq itdi, məhsuldarlıq azaldı. Tənqidlər yağış kimi yağmağa başladı. Artıq neçə müddətdi ki, Rocersin başının üstünü qara buludlar alıb. Gec-tez bu buludlar bir-birinə dəyib guruldayacaq. Komandanı düşdüyü quyudan çıxarmaq üçün şimali irlandiyalı mütəxəssis 5 suala mütləq cavab tapmalıdı.

Minyole niyə rəqabətsiz qalıb?

«Liverpul» ötən mövsüm qapısından 50 qol buraxmışdı. Çempionluğa oynayan bir komanda üçün bu rəqəm olduqca böyükdü. Hələ qolkiperin bəzi səhvləri üzündən komandasının xallar itirməsini də nəzərə alsaq, onda Simon Minyoleni ötən mövsüm əldən verilən çempionluqda əsas günahkarlardan biri hesab etmək olar. «Qırmızılar»ın əfsanəvi qapıçısı hələ yayda xəbərdarlıq etmişdi ki, Minyole zəifdi, «Liverpul»a layiq deyil. Amma ona qulaq asan olmadı.

Mersisaydlılar mövsümə orta səviyyəli qapıçıyla başladı. Ən pisi odu ki, onun layiqli əvəzləyicisi də yoxdu. Cari mövsümdə «Liverpul» artıq qapısından 18 top buraxıb.

Çıxış yolu: «Liverpul»a mütləq yüksək səviyyəli qolkiper lazımdı.

Müdafiəçilərə niyə fərdi məşqçi tutulmur?

Rocersin rəhbərlik etdiyi məşqçi korpusunda 18 nəfər işləyir. Amma oyunlardan elə görünür ki, klubda müdafiəçilərlə məşğul olan yoxdu. Ötən mövsüm buraxılan 50 qol təkcə Minyolenin səhvlərinin yox, həmçinin müdafiə xəttinin etibarsız oyununun bəhrəsidi. «Liverpul» cari mövsümdə cəmi 3 matçda qapısını toxunulmaz saxlaya bilib. Nəticə də göz qabağındadı: çempionatda 11-ci yer və Çempionlar Liqasında şübhəli perspektiv. İş o yerə çatıb ki, heç bir klub «Liverpul»a qarşı açıq futbol oynamaqdan çəkinmir. Hətta «Enfild Roud»da da.

Çıxış yolu: Rocersə bu dəqiqə rəqibin hücumlarını bir baxışda oxuyan və zərərsizləşdirməyi bacaran «kiborq» kimi usta oyunçu lazımdı. Komandanı yenidən «həyata qaytarmaq» üçün «qırmızılar»ın bir aydan sonra vaxtı da olacaq, imkanı da...

Suaresin yeri niyə doldurulmadı?

Rocersi sadəlövhlükdə günahlandırmaq olmaz. Suaresin gedəcəyi bəlli idi. Uruqvaylı qoleadorun satışından alınan milyonların müqabilində isə yaxşı hücumçular almaq olardı. Amma «Liverpul» Balotelli, Lambert və Markoviçi gətirdi. Turlar ötdükcə məlum oldu ki, onların heç biri, hətta üçü birlikdə tək Suaresi əvəzləməyə qadir deyillər. Azarkeşlər indi Starricin yolunu səbrsizliklə gözləyirlər. O da xəstəxanaların daimi pasiyentidi.

Bir sözlə, elə təəssürat yaranır ki, «Liverpul» hücumçusuz futbol oynayır. Məhsuldarlıq isə bərbad vəziyyətdədi. Hətta Premyer Liqanın ortabab komandaları da mersisaydlılardan daha çox qol vurur. Brendan Rocers də dirəşib. Balotellini transfer etməklə səhvə yol verdiyini etiraf etmək istəmir. Hələ şimali irlandiyalı mütəxəssis qırmızı-qırmızı açıqlama verir ki, yanvarda hücumçu almayacağıq. O, nə fikirləşir görəsən? Doğrudanmı Marionun möcüzə göstərəcəyinə ümid edir?

Çıxış yolu: Rocers ayılmalıdı, ötənilki mövsümü unutmalıdı, qəhrəmanların şəklini çərçivəyə salıb evin divarından asmalı və «qış transfer pəncərəsi»nə hazırlaşmalıdı. Ola bilsin, hansısa başdan xarab klub rəhbəri Balotelliyə görə 10-12 milyon avro xərcləmək istədi. Bəlkə yeni gələn forvard işini layiqincə yerinə yetirdi. Rocers anlamalıdı ki, komanda qol vura bilmirsə, özünəinam qayıtmayacaq.

«Transfer pəncərəsi»ni Rocersə etibar etmək olarmı?

Yayda «Liverpul» transferlərə 150 milyon avro xərclədi. Amma bu siyasət üzündən azarkeşlər hər oyunda başına-başına döyür. Düzdü, Lallana və Can zədə problemindən əziyyət çəkdiyi üçün potensialını tam ortaya qoya bilmir. Eyni sözləri Markoviç və Balotelliyə aid etmək olmaz.

Çıxış yolu: Əgər transfer işlərində Rocers kimdənsə məsləhət alırsa, o adamdan dərhal uzaqlaşmalıdı. Brendan qərarları özü versə, bəlkə ortaya nəsə çıxdı. Həm də məşqçi işinə qiymət verilərkən onun transfer fəaliyyəti də əsas götürülür. Rocersin özünü təsdiqləməsi üçün bir aydan sonra imkanı olacaq.

Cerrard tükənib?

Ötən mövsüm Stiven Cerrardın İngiltərə Premyer Liqasında ilk titulunu qazanması üçün əlindən gələni edən Brendan Rocers ona sanki «ikinci nəfəs» verdi. Stivi də təcrübəsini ortaya qoyaraq, komandanın yükünü çiyinlərinə aldı, oyundaşlarını ruhlandırdı, Rocersin indi yolunu gözlədiyi qalib psixologiyasını mövsümün sonuna kimi qorudu. Amma indi...

İndi Cerrard sıxılmış limona bənzəyir. O, yenə ötənmövsümkü kimi komandanı arxasınca apardığını düşünür. Amma heç nə əvvəlki kimi deyil. Hiss olunur ki, kapitan artıq yorulub. Əvvəlki kimi canında təpər qalmayıb. Bunu sübut edəcək faktlar da var.

Stiven cari mövsümdə ilk 12 oyunun heç birində 11 kilometr məsafə qət etməyib. Halbuki o, ötən mövsümün startında 9 oyunda bunu bacarmışdı. Bundan başqa, qol, məhsuldar ötürmə, topalma statistikasında da düşüş var. Bu üzdən Rocers kapitanı ehtiyatda saxlayan kimi ortaya soyuq münasibətlə bağlı xəbərlər çxmağa başladı.

Çıxış yolu: İki variant var. Ya Rocers kapitanı motivasiya etmək üçün yeni üsul tapmalıdı, ya da onu MLS klublarından birinə buraxmalıdı. Stivi hələ ki, pul gölündə üzən ikinci-üçüncü dərəcəli çempionatlarda oynamaq iqtidarındadı. Amma görünən odu ki, belə getsə, «Liverpul» onun karyerasında yeganə klub olaraq qalacaq.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm