AFFA-nın Pros(İ)neçki “oyun”unda kim qalib gəldi?
Bizi izləyin

İdman

AFFA-nın Pros(İ)neçki “oyun”unda kim qalib gəldi?

Dekabrın 3-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. İclasda bir sıra qərarlar qəbul olundu və milli komandanın yeni baş məşqçisi təsdiqləndi. Ancaq İcraiyyə Komitəsinin qərarları yenə də futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. O cümlədən, milli komandanın baş məşqçisinin təyinatı da.

İcraiyyə Komitəsi hansı məsuliyyəti daşıyır?

Hələ xorvatiyalı mütəxəssis Robert Prosineçkinin namizədliyi futbol ictimaiyyəti arasında müzakirə olunarkən, İcraiyyə Komitəsinin bəzi üzvləri əcnəbi mütəxəssisin əleyhinə olduqlarını, millini yerli məşqçinin çalışdırmasını istədiklərini bildirmişdilər. Onlar qeyd etmişdilər ki, İK-in iclasında yerli məşqçi məsələsini müzakirəyə çıxarmaq üçün təklif irəli sürəcəklər. Ancaq olmadı. Prosineçki yekdilliklə Azərbaycan millisinin baş məşqçi postuna təsdiq edildi. Bu fakt onu göstərdi ki, İcraiyyə Komitəsində təmsil olunanlar azad düşüncəyə, təşəbbüskarlığa sahib deyillər. Onlar AFFA rəhbərliyinin müzakirəyə çıxardığı məsələlərə barmaq qaldırmaqla işlərini bitmiş hesab edirlər. Ancaq prosedur qaydalarını nəzərə alsaq, İK üzvlərinin ən azı məsuliyyət yükünün ağır olduğu görünür. AFFA-nın baş katibi Elxan Məmmədov da iclasdan əvvəl mətbuata verdiyi açıqlamada bildirmişdi ki, millinin baş məşqçisini AFFA rəhbərliyi yox, İcraiyyə Komitəsi təsdiq edir. Baş katib onu da vurğulamışdı ki, İK üzvlərini qane etmirsə, Prosineçkinin namizədliyini təsdiqləməsinlər. Bununla da Elxan Məmmədov Azərbaycan futbolunda gələcəkdə də baş verəcək bütün uğursuzluqları indidən İcraiyyə Komitəsinin üzərinə yükləmişdi. Ancaq təəssüf ki, İK üzvləri Azərbaycan qarşısında hansı məsuliyyəti daşıdıqlarının fərqində olmadılar, barmaq qaldırmaqla işlərini bitmiş hesab etdilər. Millinin baş məşqçi məsələsinin təsdiqi zamanı daha bir təzadlı məqam yaşandı. AFFA prezidenti Rövnəq Abdullayev bir müddət əvvəl mətbuata verdiyi açıqlamada bildirmişdi ki, yeni baş məşqçiylə 1 illik müqavilə bağlanacaq. Belə olsaydı, bu, məsələyə peşəkar yanaşma olardı. Seçmə mərhələnin bitiminə 1 il qalır. Məşqçilik təcrübəsi az olan Prosineçkinin 1 il ərzində gördüyü işə qiymət verilərdi və buna uyğun da addım atılardı. Onun 1 ildə gördüyü işlər müsbət nəticəli olardısa, xorvatla daha 2 illik müqavilə bağlanardı. İşi alınmayacağı təqdirdə isə, milliyə yeni baş məşqçi dəvət edilərdi. Ancaq nədənsə peşəkar amillər nəzərə alınmadı və Prosineçki ilə 3 illik müqavilə bağlandı. Bu addım Berti Foqtsla baş verən hadisələrin davamıdı. AFFA rəhbərliyində elə şəxslər var ki, onlar israrla əcnəbi mütəxəssislə uzunmüddətli müqavilənin bağlanmasını təklif ediblər və buna da nail olublar. Görünür, bu adamların şəxsi maraqları Azərbaycan futbolunun inkişaf maraqlarını üstələyir. Beləcə, uzun müddətdi AFFA-da oynanılan Pros(İ)neçki “oyunu” İcraiyyə Komitəsinin təsdiqindən sonra Azərbaycanın yox, AFFA məmurlarının xeyrinə başa çatdı.

Məşqçilər Komitəsi yerlilərin könlünü alacaq?

AFFA İcraiyyə Komitəsinin iclasında Məşqçilər Komitəsinin yaradılması ilə bağlı da qərar verildi. Əsasnamədən görünür ki, komitənin heç bir səlahiyyəti olmayacaq. Məşqçilər Komitəsinin verdiyi bütün qərarlar tövsiyə xarakterli daşıyacaq. Təbii, özünə hörmət edən heç bir məşqçi hansısa komitənin ona göstəriş verməsini istəməz, o cümlədən Robert Prosineçki də. Bəs onda bu komitənin yaradılmasının anlamı nə? Cəmiyyətdə ictimai rəy belə formalaşmışdı: millinin baş məşqçisi yerli mütəxəssis olsun. Elə yerli mütəxəssislər özləri də mətbuata verdiyi açıqlamalarda millini azərbaycanlı məşqçinin çalışdırmasının tərəfdarı olduqlarını deyirdilər. AFFA-nın yaratdığı Məşqçilər Komitəsində işsiz azərbaycanlı mütəxəssislər yer alıb. Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev və Böyükağa Hacıyev Berti Foqtsun istefasından sonra millinin baş məşqçi postunda yerli mütəxəssisin olmasını tələb edir, AFFA-nın siyasətini, futbola yanaşma tərzini tənqid edirdi. Bu məşqçilərin hamısı komitədə yer alıb. Bununla da AFFA gələcək uğursuzluqlar zəminində həmin məşqçilərin tənqid səsləndirmək haqqını da kəsib. Üstəlik, onları indidən gələcək uğursuzluqlara şərik edib. Hər hansı uğursuzluq təqdirində “Məşqçilər Komitəsi hara baxırdı, niyə tövsiyə vermirdi” ittihamı komitə üzvlərinə ünvanlanacaq.

Klublar Komitəsi kimə təzyiq edəcək?

İcraiyyə Komitəsinin iclasında Klublar Komitəsinin də yaradılması barədə qərar verilib. Cəmiyyətdə Klublar Komitəsinin Peşəkar Futbol Liqasına alternativ kimi yaradıldığı deyilir. Klublar Peşəkar Futbol Liqasının ətrafında birləşiblərsə, əlavə olaraq Klublar Komitəsinin yaradılmasına nə hacət?

Komitənin əsasnaməsində bəzi məqamlar var ki, onlara görə müəyyən nəticə çıxartmaq olar. Əsasnamədə deyilir ki, Klublar Komitəsində Premyer Liqa komandalarının problemləri müzakirə ediləcək, araşdırılacaq, komandaların hüquqlarının qorunması üçün müəyyən addımlar atılacaq. Əsasnamədə göstərilən bu bəndlər onu deməyə əsas verir ki, Klublar Komitəsi həqiqətən də Peşəkar Futbol Liqasına alternativ qurum kimi yaradılıb. Əslində əsasnamədə göstərilən məsələlər elə PFL-də müzakirə edilməlidi. Bu qurum yaradılırsa, deməli, PFL işinin öhdəsindən gəlmir. Deməli, klubların haqqı tapdalanır. Güman ki, ilkin mərhələdə Klublar Komitəsinin işi PFL-ə təzyiq göstərməkdən ibarət olacaq. Sonrakı mərhələdə isə komitə elə PFL-i əvəzləyəcək. Hər halda, ilkin təəssürat belə görüntü yaradır. Dekabrın 3-də Azərbaycan futbolunda intriqaların yeni mərhələsinə start verildi. İntriqa mübarizəsində hansı qruplaşmanın qalib gəlməsindən asılı olmayaraq, məğlub tərəf Azərbaycan futbolu olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm