Azərbaycanlıların inandığı gəncin etirafı: “Atamı ötmək istəyirəm” - FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycanlıların inandığı gəncin etirafı: “Atamı ötmək istəyirəm” - FOTOLAR

Coşqun Diniyev Azərbaycanın tanınmış və çox sevilən veteran futbolçusu, mütəxəssisi Şahin Diniyevin oğludur. O da atasının yolunu davam etdirir. Hazırda “İnter”də forma geyinir.

Mütəxəssislər, Azərbaycan futbolsevərləri onun parlaq gələcəyi olacağına inanırlar.

Coşqun Diniyev Publika.az-a müsahibəsində ailəsi, karyerası və arzusu haqda danışdı:

Beyləqandan İsrailə gedən ailə...

“1995-ci ildə sentyabrın 13-də Beyləqanda anadan olmuşam. Atamın işiylə əlaqədar 40, ya 50 günlüyümdə İsrailə köçmüşük.

Sonra Bakıya gəlmişəm, bu şəhərdə də böyümüşəm.

Futbola atamın sayəsində başlamışam. Belə ki, atamın futbol oynadığını görəndən sonra bu idmana həvəsim yaranıb. 6 yaşımdan elə “İnter”in aşağı yaş qruplarında Roman Cəfərovun rəhbərliyi altında futbolun sirlərini öyrənməyə başladım.

14 ilə yaxındır ki, bu klubda da davam edirəm. “İnter”i heç bir kluba dəyişməmişəm”.

Ata məsləhəti - ona çatmaq, ya da onu ötüb-keçmək...

“6 yaşında uşağa nə deyə bilərsən axı.... Deyə bilməzsən ki, bunu seç, bunu seçmə... O yaşda məndə, sadəcə, bir həvəs idi. Atamda gördüyüm futbolu davam etdirmək istəyirdim. Atam da həvəsimi, gücümü başqa yerlərə sərf etmək əvəzinə futbolun daha məsləhət olduğuna qərar verdi.

Qardaşımda və məndə futbolun alındığını, bu sahədə istedadımızın olduğunu gördü və davam etməyimizi istədi”.

- İlk addımı elə “İnter”də atmısız?

- Yox, səhv etmirəmsə o vaxt, “Şəfa” adlanan bir klub vardı. Orada başladım. O zaman “İnter” klub olaraq tam formalaşmamışdı.

- Şahin Diniyev Azərbaycanda ilk legioner həyatı yaşamış futbolçulardandır. Bəs Coşqun Diniyev bu mənada nə düşünür?

- Düzdür, atam Azərbaycanın ilk legionerlərindəndir. Elə mən də futbola ilk addımlarımı atanda qarşıma məqsəd kimi, atamı qoymuşam. Yəni atamın çatdığı nailiyyətlərə çatmalıyam, ondan da qabağa getmək mümkündürsə, getmək istəyərəm. Yenə deyirəm, futbola gəlməyimdə ən böyük səbəbkar atam olub.

Atam futbolçu olmasaydı, bəlkə də, başqa bir sənətlə məşğul olardım. Yəni futbolu bilməzdim, evin içində top görməzdim.

Bir sözlə çalışıram ki, ən azından atamın etdiklərini təkrarlayım. Bundan başqa, atam özü də istəyir ki, bizim səsimiz uzaqlardan gəlsin, daha böyük klublarda oynayaq.

- Coşqun Diniyevin futbolçu kimi arzusu nədir? Yəni hansı dünya səviyyəli böyük klubda oynamaq istəyərsən?

- Xəyal və reallıq - bunlar bir-birinə tamamilə ziddir. Reallıq odur ki, mən birdən-birə gedib İngiltərə çempionatında oynaya bilmərəm. Arzum və xəyalım İngiltərə çempionatında oynamaqdır. Ancaq yavaş-yavaş, pillə-pillə qalxmaq lazımdır. Əvvəlcə özümü Türkiyənin birinci liqasında yoxlamaq istərdim.

- Təhsil alırsınız?

- Bəli, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsiyəm.

- İdmançılarımız adətən oxumağı ikinci plana atır, sizdə də deyəsən elə olub...

- Elədir, məndə də elə olub (gülür).

Kənardan necə görünürsə, ailədə də elədir

- Türkiyədə oynamaq istədiyini dediniz. Türkiyə klublarından maraqlanan olub, təklif gəlibmi?

- Təklif olub. Düzünü deyim ki, təklifdən xəbərim olmayıb. Çünki birinci atama müraciət ediblər. Bəlkə də xəbərim olmadan gəlib oyunlarıma baxıblar. Keçən il Türkiyənin 2 komandasından təklif gəlmişdi. Müqaviləm olduğuna görə, “İnter”də qalmaq istədim.

- Belə anladım ki, sizin transfer məsələlərinizdə Şahin müəllimin təsiri böyükdür?

- Əlbəttə birinci söz haqqı atamındır. Atam mənə getmə desə, mənim üçün o dəftər bağlanmış hesab olunur.

- Futbolda qardaşınız güclüdü, yoxsa siz?

- Bilirsiniz ki, bu suala fikir bildirsəm, qardaşım deyəcəm. Heç kim özünü tərifləməz ki, mən güclü futbolçuyam.

- Bəs kənardan necə dəyərləndiriblər?

- Kənardan məni də tərifləyənlər olub, qardaşımı da. Ancaq unutmayaq ki, ayrı-ayrı mövqelərdə çıxış etdiyimizə görə, onun oyun üslubu tam başqadır, mənimki tam başqa.

- Şahin müəllim yəqin ki, oyunlarınıza baxıb. Bir mütəxəssis kimi ən çox hansınızda daha çox səhv tutub?

- Atamla futbolumuz barəsində, oyunlarımızla bağlı danışarkən ikimiz də eyni vaxtda oturub danışmırıq. Atamın qarşısına mən keçəndə mənim səhvlərimi deyir. Mən olmayanda Kərimə öz fikirlərini bildirir.

- Neçə qol vurmusuz?

- Əsas oyunda bu il 10 oyuna çıxmışam, 2 qol vurmuşam.

- Şahin müəllim kənardan baxanda sakit, mülayim görünür. Maraqlıdır, ata kimi necə biridir?

- Şahin müəllim kənardan necə görünürsə, ailədə də elə biridir. Onun nə mənə, nə qardaşlarım, nə də bacıma əsəbləşdiyini görməmişik. Yəni nə səhvimizi görürsə, bir dost kimi, bizi qarşısına alır, hər şeyi başa salır. Onun ən yüksək keyfiyyətlərindən biri odur ki, heç vaxt uşağa əl qaldıran biri deyil. Bir sözlə, o, hər zaman bizimlə ata-oğul münasibətlərindən öncə dost olub. Hər bir dərdimizi, problemimizi ona rahat şəkildə bildirmişik.

- Mühafizəkar atadır?

- Yox, elə bir atadır ki, övladlarını əlinin içində tam sıxıb saxlamır. Elə atalar var ki, uşaqları sıxır, onlara “nəfəs almağa” imkan vermirlər. Amma biz azad olmuşuq. Amma müəyyən həddə qədər. Atamın bizə dediyi yaxşı sözlər var. Məsələn deyir ki, ola bilər yaxşı futbolçu olasız, yəni sənin futbolun mənim üçün ikinci plandadır. Birinci sənin nizam-intizamın, davranışın, tərbiyən mənim üçün önəmlidir. Yəni atamın ən çox diqqət etdiyi məqam bizim tərbiyəmiz olub.

- Atanıza çox oxşayırsınız, həm sima olaraq, həm də deyəsən xasiyyətcə...

- Hər kəs belə deyir (gülümsəyir).

- Uşaq vaxtı qardaşınızla dava edərkən ata kimə tərəf olub?

- O vaxt kiçik olduğuma görə ən çox mənim tərəfimi tutub. Səhv məndə olsa da, “evdə balacanın nazıyla oynayarlar” deyirlər (gülür).

- Bəs indi?

- İndi böyük insanlarıq. Qardaşımla mübahisə etmirik. İndi bizdən də kiçikləri var, onların nazı ilə oynayırlar.

Mən də öz növbəmdə onları dinləyirəm. Onlar məktəbdə neçə aldılar, neynədilər, hamsını danışırlar, mən də maraqlanıram. Deyim ki, mənim balacalara olan sevgim tamam başqadır. Ona görə də boş vaxtım olanda onlarla keçirməyi üstün tuturam.

“Romantik mahnıları sevirəm”

- Sosial şəbəkələrdə də izlədiyimizə görə, deyəsən mahnıları dinləməyi, oxumağı sevirsiz. Həm də romantik birisiniz... Romantik musiqiləri isə deyəsən lap çox sevirsiz...

- (gülür) Mahnı oxumağı, dinləməyi sevirəm. Səsim pis olsa da, mahnı oxumağı xoşlayıram. Bir sözlə, romantik tipli mahnılara üstünlük verirəm.

- Sevdiyiniz xanıma qarşı necəsiz?

- Düzdür, həyatımda sevdiyim bir xanım var. Dinlədiyim mahnılardan da bilinir ki, mən necə biriyəm. Ona qarşı hörmətlə, diqqətlə yanaşıram.

- Sürpriz etməyi xoşlayırsız, yoxsa əksinə?

- Sürpriz etməyi daha çox sevirəm.

- Şahin müəllimin rəhbərliyi altında çalışmaq istərsinizmi?

- Şahin müəllimin məşqçi keyfiyyətlərinə hamı bələddir. Hər kəsdən eşitmişəm, özüm də görmüşəm. Böyük qardaşım istəsə də, mən istəmərəm atamın rəhbərliyi altında futbol oynayım. İstər-istəməz kənar təsirlər olacaq, kənardan sözlər gələcək. Əlbəttə, hər bir oğul istəyər. Amma kənardan deyiləcəklərə görə yox...

Həmişə atama zarafatyana deyirəm ki, mən sənin klubunda oynamaram (gülür).

- Şahin müəllim bu yaxınlarda məşqçilər komitəsinə üzv seçildi. Buna necə münasibət bildirərdiniz? Sizcə bu, atanız üçün yaxşı dəyərləndirmə idi?

- Ən azından məşqçinin məşqçilər komitəsində yer almağı yaxşı haldır. Bu, onun seçimidir. Orada işləmək atam üçün yaxşı haldır. Ən azından ümid edirəm ki, qısa müddətdə bir komandada çalışacaq.

- Təbii ki, idman aləmində paxıllıq çəkənlər çox olur. Siz belə hallarla qarşılaşmısız?

- Etiraf edim ki, paxıllıqları uşaqlıq dövrümdə görmüşəm. İndi də paxıllığımı çəkən bunu gəlib üzünə deyəsi deyil. Amma təbii ki, yeni-yeni oynamağa başlamışam. Bu da kimisə qıcıqlandıra bilər.

- Futbol sizdən nə alıb və sizə nə verib?

- İdmanı seçirsənsə, başqa şeyləri idmana görə qurban verməlisən. Ən əsası cavanlığını. Yəni digər gənclərin etdiyi kimi boş vaxtlarında gəzmək, əylənmək - bunları istər-istəməz kənara qoyursan. Məşqdən sonra dincəlməyinə, yeməyinə fikir verməlisən. Gələcəkdə də bunun bəhrəsini görürsən.

- Dostlarla idman arasında vaxtı necə bölürsüz?

- Əvvəllər saxta dostlar çox idi. İndi iki ən yaxın dostum var. Onlardan başqa heç kimə yanımda dost kimi yer verməmişəm. Onları tanıdığıma, dost olduğuma görə çox sevinirəm. Onlar da məni mən olduğuma görə qəbul ediblər. Mənim idmanıma da hörmətlə yanaşıblar. Gec-gec də olsa, həftədə 2-3 dəfə də olsa görüşürük. Sag olsunlar, anlayışla qarşılayırlar.

- Kiçik qardaşınız və bacınız məktəbdə, yoldaşları arasında sizinlə bağlı danışırlar yəqin.

- Bacım kiçikdir, həm də futbolla bağlı anlayışı yoxdur. Amma kiçik qardaşım demək olar ki, bizi məktəbdə tanıtdırıb. Məktəbdəki yoldaşlarına deyir ki, “qardaşlarımı gördün televizorda göstərdilər. Bax, o, mənim qardaşımdır”. Ya da atamı televizorda göstərirlərsə, gedir sinifdə hər kəsə danışır (gülür).

“Güzgü qarşısında çox oluram”

- Məvacibini necə bölürsən, necə xərcləyirsən?

- Tam səmimi deyirəm ki, böyük qardaşım da, mən də maaşı aldığımız gün olduğu kimi aparıb atamıza veririk. Atamız da bizə nə qədər lazımdırsa, nə qədər bəs edirsə, o qədər pul verir.

- Bədxərcsiz?

- Ailədə demək olar ki, ən çox pul xərcləyən mənəm.

- Bəs buna irad bildirənlər olub?

- Ailədə yox, amma dostlarım deyir ki, çox pul xərcləyirsən. Özüm də bilirəm ki, pul saxlaya bilmirəm. Yığa da bilmirəm. Cibimdə bu gün pul varsa, deməli, o, bitməlidir.

- Tərzinizə baxdığımız zaman zövqlü biri olduğunuz hiss olunur. Deyəsən geyiminizə, üslubunuza çox diqqət ayırırsız?

- Ən çox ayırdığım elə geyimlə, saç üslubumdur. Buna görə demək olar ki, günümün yarısı güzgü qarşısında keçir. Buna görə dostlarım hərdən mənimlə zarafat edir. Paltar almağa tez-tez gedənəm. İstər-istəməz güzgüyə baxdığım zaman özümün özümdən xoşum gəlməlidir.

- Kiçik qardaşınızın futbola marağı varmı?

- O, futbola getmir, ailədə də istəmirik. Bir ailədən üç oğlan, üçü də futbolu seçməsi çox olar yəqin. Amma onun həm futbola marağı var, həm də oxumağa. Demək olar ki, ailəmizdə uşaqlar içərisində ən yaxşı zehin ondadır.

Mən onun oxumağını istəyirəm, amma seçim onundur.

Aygün İlqarqızı

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm