• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İctimaiyyəti qınamaq olmaz - “Neftçi” “Qarabağ”a nə vaxta qədər uduzacaq?

  • İdman
  • 7 Dekabr 2014 11:45
  • 1 666 Baxış
İctimaiyyəti qınamaq olmaz - “Neftçi” “Qarabağ”a nə vaxta qədər uduzacaq?

Azərbaycan Premyer Liqasında 15-ci turun bütün oyunları bu gün start veriləcək.

Qurbanov da, Əsədov da çıxılmaz durumda

Turun mərkəzi qarşılaşmasında “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Elə turun açılış oyununda da bu komandalar meydana çıxacaqlar.

Son illər komandalar arasında yaşanan rəqabət istər-istəməz qarşılaşmanın prinsipiallığını artırır. “Qarabağ”ın Avroliqanın qrup mərhələsində “İnter”lə ölüm-qalım oyununa çıxacağını nəzərə alsaq, Qurban Qurbanov “Neftçi” ilə qarşılaşmada müəyyən gedişlərə əl ata bilər. Maraqlıdı ki, bu komandaların ilk dövrədəki qarşılaşması da, “İnter”lə səfər oyunundan əvvələ təsadüf etmişdi. Həmin vaxt çoxları Qurbanovun ehtiyat qüvvəyə güvənəcəyini iddia etsə də, baş məşqçi meydana əsas heyətin üzvlərini buraxmışdı. Həmin qarşılaşmadan “köhlən atlar” 3:1 hesabı ilə qalib ayrılmışdı.

Ancaq indi vəziyyət bir qədər fərqlidi. Həm Qurban Qurbanov, həm də Arif Əsədov istəsə belə, meydana əsas heyətin bütün üzvlərini buraxa bilməyəcəklər. Reynaldonun zədələnməsi “köhlən atlar” üçün böyük itkidi. Çumbinyo və Diasın yoxluğunu sığortalamaq mümkündüsə, Reynaldonun əvəzləyicisini tapmaq mümkünsüzdü. Düşünmək olar ki, Reynaldonun yoxluğu “Neftçi”nin işini asanlaşdıracaq. Ancaq “ağ-qaralar”ın heyətindəki itkiləri nəzərə alsaq, Arif Əsədovun da çıxılmaz duruma düşdüyü bəlli olar. Elnur Allahverdiyev və Elvin Yunuszadə cəzalı olduqlarına görə bu qarşılaşmada forma geyinə bilməyəcəklər. Bu da “Neftçi”nin müdafiə xəttində problemlər yaradacaq. Üstəlik, Julius Vobayla Kaue də zədə səbəbindən meydana çıxa bilməyəcək. Vobay “Qəbələ” ilə, Kaue isə “Qaradağ Lökbatan”la kubok qarşılaşmasında zədələnib. Dörd əsas heyət üzvünün olmaması Arif Əsədovu düşünməyə vadar etməlidi. Təbii, hər iki komandanın heyətindəki itkilər oyunun səviyyəsinə də təsirsiz ötüşməyəcək. “Neftçi” bu qarşılaşmada da məğlub olsa, Qarabağ”dan xeyli geri düşəcək. Üstəlik, ictimai rəydə “Neftçi” çempionluğa layiq deyil” iddiası formalaşacaq. İctimaiyyəti qınamaq olmaz. “Neftçi” “Qarabağ”a nə qədər məğlub olacaq?

Azərbaycan çempionatlarında ən çox qarşılaşan rəqiblər 58-ci dəfə üz-üzə gələcək. Minimal üstünlüyə malik “Qarabağ” son 5 oyunda rəqibinə uduzmayıb. Son 4 görüşdə hər iki komanda qol sevinci yaşayıb. “Qarabağ” 18 oyunda qələbə qazanıb, 22 görüş heç-heçə başa çatıb, 17 qarşılaşmada isə “Neftçi” qələbə sevinci yaşayıb. Top fərqində bərabərlik var - 55:55.

İstirahət yaxşıdır, yoxsa oyun təcrübəsi?

Turun daha bir prinsipial qarşılaşmasında “Xəzər Lənkəran” “Qəbələ”ni qəbul edəcək. Komandalar turnir cədvəlində qonşudurlar. Onu da qeyd edək ki, bu qarşılaşmada bərabərlik heç bir komandaya sərf etmir. Çünki xal itkisi onları liderlər qrupundan aralı salacaq. “Qəbələ”nin işini asanlaşdıran məqam odu ki, qarşılaşma Lənkəranda yox, Bakıda keçiriləcək. “Fırtınalar meydanı”nda oynamaq bütün komandalar üçün çətin olduğundan, bu amili “Qəbələ”nin üstünlüyü saymaq olar. Ancaq hər iki komanda üçün çətinlik yaradacaq məqam da var. Evdəki qarşılaşmalarda təbii örtükdə oynamağa alışmış komandalara “Bayıl Arena”nın süni örtüyünün problem yaradacağı da şübhəsizdi. Daha bir maraqlı məqam var. “Xəzər Lənkəran” çempionatın son turunda və kubok qarşılaşmasında istirahət (“Araz Naxçıvan” çempionatı tərk etdiyinə görə) etdiyi halda, “Qəbələ” 2 dəfə meydana çıxıb.

Bu amil kimin işinə yarayacaq? İstirahət edən “Xəzər Lənkəran”ın, yoxsa oyun təcrübəsi qazanan “Qəbələ”nin? Hər iki komanda çox qol vurursa, çox qol da buraxır. Bu fakt da Bayıldakı qarşılaşmanın maraqlı keçəcəyini proqnozlaşdıran amildi.

Lənkəran təmsilçisi əvvəlki 23 oyunda böyük üstünlüyə malikdi. Son 4 matçda uduzmayan, ardıcıl 3 oyundu meydanı qolsuz tərk etməyən cənublular indiyədək yalnız 1 ev görüşündə məğlub olub.

“Xəzər Lənkəran” 12 görüşdə qələbə qazanıb, 5 dəfə məğlub olub, 5 görüş isə heç-heçə başa çatıb. Top fərqində də cənublular üstündü - 32:20.

Əhmədov onu öz silahı ilə vurmalıdır

Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “İnter” AZAL-ı qəbul edəcək. “Bankirlər” “Qarabağ” - “Neftçi” qarşılaşmasından maksimum yararlanmaq üçün bu oyunda mütləq qalib gəlməlidi. Tsxadadze sevinc içindədi. Oğlu Baçana zədəsini sağaldaraq meydana qayıdıb və hətta kubok qarşılaşmasında qol da vurub. Penaltidən olsa belə. Ancaq Tsxadadze oğlunun səviyyəsini nə qədər şişirtsə də, AZAL-ı məğlub etmək o qədər də asan olmayacaq. Tərlan Əhmədovun komandası “İnter”dən daha baxımlı futbol sərgiləyir. Elə ona görə də çox qol buraxır. “Bankirlər”lə oyunda isə hücum futboluna güvənmək yersiz addım olardı. Zatən, Tsxadadze də elə bunu gözləyir. Əhmədov “İnter”i onun öz silahı ilə zərərsizləşdirməyə çalışmalıdı.

24-cü paytaxt derbisi ərəfəsində “İnter” üstünlüyə malikdi. Son 5 qarşılaşmada onlar meydanı qolsuz tərk etməyib. AZAL isə son 4 görüşdə cəmi 1 xal qazana bilib.

“İnter” indiyə qədər keçirilən 23 oyunun 7-də qələbə qazanıb, 5 dəfə məğlub olub. 11 görüş isə heç-heçə başa çatıb. Topların fərqində “bankirlər”in minimal üstünlüyü var - 20:19.

“Simurq” üçün hazır “kökə”

Turun daha bir qarşılaşması Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı komandası “Simurq”u qəbul edəcək. Komandalar turnir cədvəlinin fərqli qütblərində qərarlaşıb. “Sumqayıt” zirzəmidə, “Simurq” liderlərin yaxınlığındadı. Liderlərdən uzaqlaşmamaq üçün Zaqatala təmsilçisi mütləq qalib gəlməlidi. “Simurq”un iddiaları ciddidisə, “Sumqayıt” kimi komandalarla oyunda xal itirmək bağışlanmaz olardı. Onu da nəzərə alaq ki, “Sumqayıt” “Simurq” üçün ən asan rəqibdi. Əyalət təmsilçisi hələ indiyə qədər bu komandaya məğlub olmayıb. 12-ci duel öncəsi “Simurq” aşkar üstünlüyə malikdi. İndiyədək keçirilən oyunlarda “Sumqayıt” cəmi 1 xal qazanıb. Zaqatala təmsilçisi bütün matçlarda rəqib qapısına qol vurub.

“Simurq” 11 qarşılaşmanın 10-da qələbə qazanıb, 1 görüş heç-heçə başa çatıb. Topların fərqində də “Simurq”un əzici üstünlüyü var - 6:20.

Premyer Liqa, 15-ci tur

7 dekabr

15:15 Qarabağ - Neftçi

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Ramil Diniyev

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

17:00 Xəzər Lənkəran - Qəbələ

Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Mübariz Haşımov, Vüsal Əliyev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Əli Hüseynov

Bakı. “Bayıl Arena”.

17:15 İnter - AZAL

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nihad Əliyev, Fariz Yusifov

AFFA nümayəndəsi: Telman Əzizov

Hakim-inspektor: Murad Məmmədov

Bakı. “İnter Arena”.

16:00 Sumqayıt - Simurq

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim-inspektor: Füzuli Nəcəfov

Sumqayıt. “Kapital Bank Arena”.

Natiq

Xəbər lenti

DAHA ÇOX XƏBƏR