Məşqçilər, yoxsa susdurulanlar komitəsi?
Bizi izləyin

İdman

Məşqçilər, yoxsa susdurulanlar komitəsi?

Dekabrın 3-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında Məşqçilər Komitəsinin yaradılması ilə bağlı qərar verildi.

Bir çoxları Məşqçilər Komitəsinin yaradılmasının futbolun inkişafına müəyyən mənada töhfə verəcəyini güman edir. Bəziləri isə Avropanın heç bir ölkəsində belə qurumun olmadığını əsas gətirərək, AFFA-nın sovet idarəetmə sisteminə qayıtmasını məcburi addım sayır, bununla da AFFA rəhbərliyinin məsuliyyət yükünü kimlərləsə bölüşməyə cəhd etdiyini vurğulayırlar. Məşqçilər Komitəsində yer alanlar Berti Foqtsun gedişindən sonra futbol təsərrüfatındakı problemləri ciddi şəkildə müzakirəyə çıxaran mütəxəssislərdi. Onların komitədə yer alması 2 sual yaradır: AFFA həqiqətən də müzakirələrdən nəticə çıxardaraq, bu mütəxəssislərin bilik və bacarığından yararlanmaq istəyir, yoxsa yaradılan komitə onları susdurmaq üçündü?

Bu suala cavab tapmaq üçün əvvəlcə Məşqçilər Komitəsinin əsasnaməsinə diqqət ayıraq. Əsasnamənin “Əsas vəzifələr” bölümündə deyilir:

2. ƏSAS VƏZİFƏLƏR

Məşqçilər Komitəsinin əsas vəzifələri aşağıdakılardır:

2.1. Milli Komanda məşqçilərinin işinin koordinasiyası, məşqçilərin vəzifələrini yerinə yetirməsinə nəzarət edilməsi.

2.2. Milli Komanda üzvlərinin yüksək idman nəticələri əldə etməsinə həvəsləndirilməsi.

2.3. Milli Komanda üzvlərinin hüquqlarına riayət edilməsi.

2.4. A-Milli Komanda üzvlərinin karyeralarını bitirdikdən sonra məşqçi peşəsini seçməyə istiqamətləndirilməsi.

2.5. Milli Komanda üzvləri və məşqçiləri tərəfindən futbol və intizam qaydalarına riayət olunması.

2.6. Məşq prosesinin keyfiyyətinin və effektivliyinin artırılması üzrə təkliflər hazırlanması.

2.7. Hər bir məşqçinin işinin təhlilinin aparılması, yığma komandaların çıxışlarının nəticələrinin təhlil edilməsi.

2.8. Müxtəlif yaş qruplarında və kateqoriyalarında olan komandaların oyunlarının və toplanışlarının analizinin aparılması və bu barədə Texniki Direktor və Baş katibə hesabat təqdim edilməsi.

2.9. AFFA-da məşqçilər üçün keçirilən kurslarda iştirak edilməsi.

2.10. Təbliğat və təşviqat üzrə işlərdə iştirak etmək, mətbuatla əlaqələri AFFA vasitəsilə həyata keçirmək.

Başlayaq elə 2.1-ci - milli komanda məşqçilərinin işinin koordinasiyası, məşqçilərin vəzifələrini yerinə yetirməsinə nəzarət edilməsi maddəsindən.

Bu koordinasiya və nəzarət mexanizmi necə həyata keçiriləcək? Avropada heç bir məşqçi kiminsə onun işinə qarışmasını istəməz. O cümlədən məşqçilik təcrübəsi az olsa da, Avropanın adlı-sanlı klublarında top qovmuş Robert Prosineçki də yəqin ki, belə nəzarəti qəbul etməyəcək.

2.2-ci - Milli komanda üzvlərinin yüksək idman nəticələri əldə etməsinə həvəsləndirilməsi maddəsi də çox əhəmiyyətsizdi. Onsuz da AFFA rəhbərliyi Berti Foqtsun dönəmində futbolçuları qələbəyə həvəsləndirmək üçün analoqu olmayan pul mükafatı ayırırdı. Ancaq bu da nəticə vermirdi. Azərbaycanlı futbolçuları isə puldan savayı başqa vasitə ilə qələbəyə ruhlandırmağın yolu hələ ki, tapılmayıb.

2.3-cü - Milli komanda üzvlərinin hüquqlarına riayət edilməsi maddəsi də qeyri-müəyyəndi. Hansı hüquqlardan söhbət gedir? Futbolçunun bütün hüquqları peşəkar müqavilə əsasında tənzimlənməlidi. Olmaya AFFA rəhbərliyi klublarda yerli futbolçularla peşəkar müqavilə bağlanmamasını əsas gətirib, Məşqçilər Komitəsindən bu işə nəzarət etməyi tələb edir? Absurd tələbdi. Klublardan qeyri-peşəkar müqavilələri qəbul edən də elə AFFA-dı. İndi komitə AFFA-nın qanunsuzluğuna necə nəzarət etməlidi?

2.4-cü - Milli komanda üzvlərinin karyeralarını bitirdikdən sonra məşqçi peşəsini seçməyə istiqamətləndirilməsi maddəsi də anlaşılmazdı. Bu məsələni dəfələrlə qabartmışıq, peşəkar futbolçuları məşqçi, xüsusən də uşaq məşqçisi olmağa sövq etmək üçün bu sahədə nizamlanma olmalıdı. Uşaq məşqçiləri 300 manat məvacib alırsa, ayda 20-30 min manat məvacib almış futbolçuları bu sahəyə cəlb etmək mümkün deyil. Olmaya, AFFA rəhbərliyi güman edir ki, Məşqçilər Komitəsi yalvar-yaxarla buna nail ola bilərlər? Bəlkə də...

2.5-ci - Milli komanda üzvləri və məşqçiləri tərəfindən futbol və intizam qaydalarına riayət olunması maddəsi də əndrəbadidi. Futbol və intizam qaydalarına riayət olunması hansı mexanizmlə həyata keçiriləcək? Bəlkə komitə üzvləri kimisə intizama dəvət etmək üçün onu AFFA-ya dəvət edib şillə-təpiyin altına salacaqlar? Bu da ola bilər...

2.6-cı - Məşq prosesinin keyfiyyətinin və effektivliyinin artırılması üzrə təkliflər hazırlanması maddəsi də əhəmiyyətsizdi. Heç bir məşqçini, illah da ki, Prosineçkini Ağasəlim Mircavadovun, Böyükağa Hacıyevin, Vaqif Sadıqovun, Şahin Diniyevin təklifləri əsasında hazırlanmış məşq keçməyə məcbur etmək olmaz.

2.7-ci - Hər bir məşqçinin işinin təhlilinin aparılması, yığma komandaların çıxışlarının nəticələrinin təhlil edilməsi maddəsi sırf bürokratik kabinet işidi ki, bunu AFFA rəsmiləri komitədən elə rəsmiyyət xatirinə tələb edəcəklər.

2.8-ci - Müxtəlif yaş qruplarında və kateqoriyalarında olan komandaların oyunlarının və toplanışlarının analizinin aparılması və bu barədə Texniki Direktor və Baş katibə hesabat təqdim edilməsi maddəsi də yuxarıdakı ilə eyni xarakterlidi. Bu maddəyə əsasən komitə üzvləri xaricdə keçiriləcək toplanışlarda iştirak edib yaxşı məzuniyyət haqqı ala bilər.

2.9-cu - AFFA-da məşqçilər üçün keçirilən kurslarda iştirak edilməsi maddəsi də hansısa əhəmiyyət kəsb etmir. Qalır 2.10-cu - Təbliğat və təşviqat üzrə işlərdə iştirak etmək, mətbuatla əlaqələri AFFA vasitəsilə həyata keçirmək maddəsi.

Bax, xoruzun quyruğu sonuncu maddədə görünür. Məşqçilər Komitəsinin üzvləri elə bununla - AFFA-nın gördüyü işlərin təbliğatı ilə məşğul olmalıdı. Hələ üstəlik, mətbuatla əlaqələri də AFFA vasitəsilə həyata keçirməlidi.

Bu məqamda əsasnamənin 4-cü - Məşqçilər Komitəsinin Hüquq və Məsuliyyəti bəndinə də nəzər salaq. Daha doğrusu, 4-cü bəndin son iki maddəsinə:

- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mövqeyinin müdafiə olunması və onun nüfuzuna xələl gətirilməməsinə görə;

- Milli komandaların nüfuzunun möhkəmləndirilməsinə görə.

Vəssalam! Məsələ deyəsən aydındı axı. Məşqçilər Komitəsində təmsil olunanların Azərbaycan futbolu ilə bağlı tənqidi fikirlər səsləndirmək, həqiqəti demək hüququ olmayacaq. Əks təqdirdə bu, AFFA-nın nüfuzuna vurulan zərbə sayılacaq. Üstəlik, milli komandanın necə nəticə göstərməsindən asılı olmayaraq, komitə üzvləri çalışmalıdılar ki, millinin nüfuzuna zərər dəyməsin. İndi deyin, yeni yaradılan qurum Məşqçilər Komitəsidi, yoxsa susdurulanlar?

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm