“Qızıl top”a həsrətlə baxan beş superulduz
Bizi izləyin

İdman

“Qızıl top”a həsrətlə baxan beş superulduz

Bu günün ən aktual mövzusu “Qızıl top”la bağlıdı. Əsas sual da belədi: kim daha layiqdi?

Bu sual ətrafında günlərlə mübahisə etmək olar. Bir nəticə də hasil olmaz. Atalar məsəli var: heç kəs öz ayranına turş deməz. Messinin pərəstişkarları Messini, Ronaldonun pərəstişkarları Ronaldonu, Noyerin pərəstişkarları isə Noyeri tərifləyəcək. Hərənin də özünə görə tutarlı səbəbləri var.

2014-cü ilin ən yaxşı oyunçusu yuxarıda adı çəkilən üç nəfərdən biri olacaq. Bu, artıq dəqiqləşıb. Məqsəd onların uğurlarını müqayisə etmək deyil. Neçə-neçə futbol ulduzu var ki, il ərzində çıxışına görə xoş sözlərə layiqdi. Amma onlar üçün “Qızıl top” mövzusu bağlanıb. Onların hər biri superulduzdu, öz mövqeyində ən yaxşılardandı. Təəssüf ki, Messi və Ronaldonun dövründə futbol oynayırlar.

Aşağıda 2014-cü ili fantastik keçirən 5 futbolçunu təqdim edəcəyik. Əminik ki, siz də onların adını görən kimi dərindən köks ötürüb heyfislənəcəksiz.

Aryen Robben

Müasir futbolda geniş yayılan vinqer mövqeyində oynayır. Robben ili həm “Bavariya”da, həm də Hollandiya millisində yaxşı keçirib. Elə dünya çempionatını xatırlamaq kifayətdi. İlk turda İspaniyanın darmadağın edilməsində (5:1) birbaşa Aryenin də rolu var idi. Hollandiya millisi Braziliyadan bürünc medalla qayıtdı. Robben də komandasının liderlərindən biri oldu. Amma bu, onun “Qızıl top”a son üç namizəd siyahısına düşməsinə kifayət etmədi.

Luis Suares

Ötən mövsümün ən yaxşı qoleadorlarından biri idi. Torba-torba qollar vururdu. Onun qolları sayəsində “Liverpul” yuxusunda gördüyü çempionluq yarışında əsas favorit oldu. Amma...

Kyellinini dişləməsəydi, mövsümün əvvəlindən “Barselona”da oynaya bilsəydi və qollar vursaydı... Bir məsəl var idi haa...

Tomas Müller

Dünya çempionu, turnirin ikinci ən sərrast futbolçusu və eyni zamanda mundiallar tarixinin ən yaxşı 15 bombardirindən biri oldu. Amma “Qızıl top” üçün bunlar çox azdı...

Xames Rodriges

DÇ-2014-də hamıdan çox qol vuran kolumbiyalı futbolçu komandasını 1/4 finala daşıdı. “Real”a transfer olunandan sonra elə oynadı ki, elə bil doğma klubuna gəlib. Amma namizədlər siyahısına düşmədi. Adamın lap qışqırmağı gəlir. Ay FİFA, ay UEFA, ay azarkeşlər bu adam dünya çempionatının bombardiri olub. Bir az insafiniz olsun da... Xames heç olmasa “final üçlüyü”nə düşməyə layiq idi axı...

Filipp Lam

Dünya çempionu olan Almaniya millisinin kapitanıdı. Kimlər üçünsə o, ideal futbolçudu. Amma “Qızıl top”a son üç namizədin siyahısını tərtib edənlər üçün yox.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm